Fumio Kişida istefa verəcəyini açıqladı
Yaponiyanın baş naziri Fumio Kişida istefa verəcəyini açıqlayıb.
Paralel.az “Kyodo News”a istinadla xəbər verir ki, o, barəsindəki korrupsiya qalmaqallarına görə belə bir qərara gəlib.
Sentyabrda keçiriləcək seçkilərdə iştirak etməyəcəyini deyən Kişida “adi” deputat kimi fəaliyyət göstərəcəyini bildirib.
Kişida partiyasının (LDP) deputatlarına müraciət edərək vurğulayıb ki, onlar ictimaiyyətin siyasətə inamını bərpa etməli və doğum səviyyəsinin azalmasının qarşısını almalıdırlar.
F.Kişida 1945-ci ildən bu yana min günlük səlahiyyət müddətinə çatan səkkizinci baş nazir olsa da, keçən ilin əvvəlində başlayan korrupsiya qalmaqalından sonra səslərin 20 %-ə qədərini itirib.
Qeyd edək ki, Yaponiyada iqtidarda olan Liberal Demokrat Partiyasının (LDP) bəzi siyasətçilərinin xeyriyyə aksiyaları vasitəsilə toplanan gəlirləri aşağı bəyan etmələri ilə bağlı iddialar böyük əks-səda doğurub.
Baş nazir Kişidanın qalmaqalda əli olan nazirləri istefaya göndərəcəyi xəbərindən sonra bir neçə yüksək vəzifəli şəxs istefa verib.