Distant təhsilə qadağa nəyə xidmət edir?
21-ci əsrin əvvəllərində alimlər və peşəkar təhsil menecerləri hesab edirdilər ki, distant təhsil bu əsrin aparıcı, universal təhsili texnologiyası olacaqdır. Rəqəmsallaşmanın, süni intellektin son 20 ildəki inkişafı, distant təhsilin bu günkü inkişaf tarixi göstərdi ki, belə proqnozlar doğru imiş.
Son 25 ildə olan təhsil nazirlərimizin heç biri ölkədə distant təhsilin yaradılmasına imkan vermədilər. Bunun səbəbini də xalqa açıqlamırlar. Əminəm ki, burda nəsə absurd bir qərar var. Bu səhv qərar təhsilə, vətəndaşa, deməli elə dövlətə də ziyanlı addımdır.
Əgər həqiqətən distant təhsil ziyanlı texnologiya idisə, niyə təhsil qanununda bu təhsil formalarından biri kimi qeyd edilib, çoxsaylı dövlət proqramlarında bunun inkişafı tələbi qoyulub?
ETN təhsilin ana qanununa, dövlət proqramlarına niyə əməl etmir 15 ildir?
15 il əvvəl "Təhsil haqqında qanun"da nəhayət ki, distant təhsilə yaşıl işıq yandırıldı. Amma tez də bu yaşıl işıq əvvəllər olduğu kimi qırmızı işıqla ilə əvəz edildi, qadağan edildi. Düz 15 ildir qırmızı işıq hələ də yanır. Bu vaxtda isə 4 nazir dəyişdi.
15 il əvvəl bəzi rektorlar qiyabi təhsilin distant təhsillə əvəzlənməsi barədə təşəbbüslərdə bulunurdular. Təhsil qanununda və bir sıra dövlət proqramlarında da distant təhsil barədə müəyyən maddələrin olması, onları ümidləndirmişdi. Amma o vaxt nə nazirlik, nə də rektorlar korpusunun distant təhsilin yaradılması mexanizmi, inkişaf strategiyası, bu prosesin çətinliyi, buna sərf ediləcək zaman və maliyyə resursları barədə təsəvvür yox idi, elə indiki kimi. Biz hələ 2005-ci ildə "Azərbaycanda distant təhsilin yaradılması və inkişafı srtategiyası"nı hazırlayıb nazirliyə təqdim etmişdik. Sonralar nazirliyin rəhbərliyi bir tədbirdə dedi ki, mənə distant təhsil lazım deyil. Bax belə, açıq mətnlə.
O vaxtlar bir özəl universitetin rektorunun təşəbbüsü ilə onun universitetində distant təhsil sisteminin yaradılması barədə söhbətimiz olmuşdu. Söhbətin əvvəlində
ona dedim ki, söhbətə başlamamış mənə deyin görüm bu işin maliyyə tərəfini bilirsinizmi? Sizcə, bu layihəyə nə qədər zaman və investisiya lazım olacaq?
Dedi 100.000 manat investisiya nəzərdə tuturuq.
Dedim ki, beynəlxalq tələblər səviyyəsində 10 ixtisas üzrə distant universitet qurmaq üçün Sizə bu məbləğin 100 misli lazım olacaq. Bu özəl universiteti 10 ildir ki, qurursunuz, hələ də bu proses gedir. Belə bir əyani universiteti qurmaq çətin deyil, ölkədə 40-45 nümunə var, minlərlə mütəxəssis var, hazır hüquqi normativ baza və tədris metodik təminat da var. Distant təhsil sistemini qurmaq üçün də sizə 10 il vaxt və son 10 ildə xərclədiyiniz qədər maliyyə, ən azı 20-30 nəfər bu işi bilən mütəxəssis lazım olacaq. Bununla da söhbət başlamamış bitdi. Amma bu adam bu işin əzəmətini və çətinliyini hiss etdi.
Bir neçə il əvvəl bir dövlət universitetinin rektoru ilə söhbət əsasında mənə dedi ki, Siz 10-15 ildir dşidirəm ki, distant təhsil sistemi qurmağa cəhd edirsiniz, amma bir şey edə bilmirsiniz. Niyə bu Sizdə alınmır?
O vaxt həmən rektora bildirdim ki, bir universitetdə distant təhsil qurmaq üçün 10 il vaxt və 20-30 milyon dollar pul, bir də bu işə güclü dəstək verən nazirlik lazımdır. Bir nəfər müəllim, özü də maliyyəsiz və təşkilati dəstəksiz nə edə bilər ki? Bildirdim ki, hələ heç bir ölkədə distant təhsil sistemi bir nəfərin zəhməti hesabına yaranmayıb, bu dövlətin təhsil siyasətini müəyyən edən və onu icra edən qurumun-təhsil nazirliyinin illərlə fəaliyyəti və milyonlarla vəsaiti hesabına yaradıla bilər.
Yəni, məmur və rektor korpusu distant təhsil sahəsində bu illər ərzində tam məlumatsız olub, nə isə öyrənməyə cəhd də etməyiblər.
Bu və digər səbəblərdən 15 il ərzində heç bir universitetimizdə distant təhsil sistemi yaradılmadı.
Təhsil məmurları distant təhsili heç cür yaxına buraxmaq istəmirlər, elə günü bu gün də belədir. Səbəb nədir?
Əminəm ki, bunun heç bir ciddi səbəbi yoxdur, bu sadəcə məlumatsızlıq və riştəsizlik ucbatından yaranmış səvh mövqedir.
Hətta pandemiya müddətində də bu istiqamətdə heç nə edilmədi, "sadəcə vəziyyətdən çıxmaq üçün istifadə edirik" deyildi.
Ölkənin ATM arasında yalnız UNEC-də bu illər ərzində distant təhsilə dair hazırlıq işləri aparıldı, amma nazirlik zəruri hüquqi normativ baza, standartlar formalaşdırmadığı üçün UNEC-də distant təhsili reallaşdırmaq mümkün olmadı. Sivil dünyanı demirəm, hətta 3-cü dünya ölkələri olan Monqolustanda, Cibutidə olan distant təhsil, niyə bizim universitetlərdə olmasın ki?
Distant təhsili olmayan universitetlər nəyə ümid edib TOP 800-də yer tutmaq istəyirlər?
Dos. İlham Əhmədov
Paralel.az