Aşağı təhsil haqqı, kasıb universitetlər, keyfiyyətsiz təhsil, zəif məzunlar
Bu gün təhsil mövzusunda ən çox müzakirə edilən məsələlərdən biri də universitetlərdə təhsil haqqı məsələsidir. Bəzi valideynlər təhsil haqqının çox olmasından narazılıq edirlər. Əslində isə bizdə təhsil haqqı aşağıdır.
Universitetlərimizin maddi-texniki bazasının zəif, maaşların az olmasının bir səbəbi də elə təhsil haqqının aşağı olmasıdır. Xüsusən də ATM PHŞ olduqdan sonra onların maliyyə vəziyyətinin yaxşılaşmasına ümid yoxdur.
Digər tərəfdən 2500 manata bu gün keyfiyyətli ali təhsil vermək mümkün deyil. Amma vətəndaşın imkanı bundan da aşağıdır, onlar çox vaxt heç 2500 manatı da ödəyə bilmirlər. Bu səbəbdən ildə 7-8 min tələbə təhsil haqqını ödəyə bilmır və universitetdən xaric olunurlar.
Məktəblərdə repetitorluğun geniş yayılması, məktəblərdə keçilən dərslərin səmərəsizliyi (2 il əvvəl nazir özü də bunu çixişında etiraf etmişdi), uşaqların kütləvi halda repetitor yanına getməsinə səbəb olur. 2-3 il ərzində bu ailə büdcəsini 15-20 min manat ziyana salır, bəziləri borca və kreditə girməli olurlar. 1-2 ildən sonra da valideynlərin daha ali təhsil haqqını ödəməyə imkanı olmur ( çünki, ya ailənin digər övladı indi repetitor yanına gedir, ya da valideynin işində problemlər yaranır v.s.).
Bir çox universitetlərdə verilən təhsilin keyfiyyəti isə alınan aşağı təhsil haqqından da aşağıdır, yəni, 2000-2500 manat təhsil haqqı da çoxdur hələ.
Təhsildə hər şey bir-birinə elə qarışıb ki, onu bataqlıqdan çıxartmaq çətin olacaq, xüsusən də aidiyyatı nazirlik bu haqda narahat olmayanda. Təhsil sistemində olan problemlər hələ də sistemləşməyib, problemlərin həlli üçün normal strategiya və fəaliyyət planı yoxdur.
ETN nə düşünür bu barədə?
2500 manat təhsil haqqı ilə universitetlərimiz nə vaxta qlobal reytinqlərdə yaxşı mövqe tuta biləcəklər?
"Aşağı təhsil haqqı, kasıb universitetlər, keyfiyyətsiz təhsil, zəif məzunlar, sonsuz davam edən sertifikasiyalar, ildə də 10 min kəsilən müəllimlər". Bu proses nə vaxta qədər davam edəcək?
Dos. İlham Əhmədov
Paralel.az