Alimin repetitorluğu alimin, elmin və təhsilin faciəsidir
Bir alimin yetişməsi üçün 20-30 il vaxt lazımdır. (ETN E. Əmrullayev).
Sosial şəbəkələrdə fəal olan alim xanım yazır ki, maddi problemlərlə əlaqədar repetitorluq etmək qərarına gəlib. Onun tanıdığı təhsil məmuru da dəfələrlə belə “tövsiyyələr” verib ki, reptitorluq edin, elmə boş yerə vaxt sərf etməyin.
Bu məcburi seçimlə əlaqəli o yazır: “Allahım, ömrümü elmə və təhsilə buna görəmi fəda etdim?”. Düşündürücü sualdır. Mən bu səpkili sualları hələ 20 il əvvəl, repetirorluğun sürətlə yayıldığı dövrdə öz məqalələrimdə vermişdim. O vaxt artıq nəinki məktəb müəllimləri, universitet və akademiya sisteminin əməkdaşları da repetitorluğa fəal başlamışdılar. O vaxtlar qeyd edirdik ki, alimlərin kütləvi şəkildə repetitorluğa başlaması geridə qalan elm və təhsilimizi daha pis hala salacaqdır.
Elm və təsilimizin son 20 ildəki analoqsuz tənəzzülü, bütün reytinqlərdə autsayder olmağımız, bu fikrin doğruluğunu göstərdi. Təhsilə dair verdiyimiz uzunmüddətli proqnozlar təəssüf ki, düz oldu. Amma, nə TN, nə də son illər ETN verilmiş bu proqnozlardan, yaranmış bhranlı durumdan heç narahat olmadılar.
30 ilə yetişən alimin ehtiyac səbəbi ilə repetitorluq etməsi iqtisadi, ictimai, həm də şəxsi faciədir. Çünki, reptitorluğu ortabab tələbə və müəllim də edə bilər, amma səmərəli elmi fəaliyyətlə çox az adam məşğul ola bilər. Dövlət üçün, onun elmi və təhsili, gələcək inkişafı üçün bu durum çox pisdir.
20-30 il repetitorluq edən alimlər minlərlədir. Əslində onları maddi cəhətdən bu illər ərzində ayaqda saxlayan da elə repetitorluq olmuşdur. Mən heç kimi qınamıram. Onlar aldıqları cüzi maaşın ümidinə qalsaydılar, aqibətləri çox çətin olardı, yəqin ki. Amma özlərini repetitorluğa həsr edən alimlər bu illər ərzində elmə heç nə verə bilmədilər. Çünki, bütün enerjiləri, vaxtları, gənclikləri kvadrat tənliyi öyrətməklə keçdi.
Hökumətin alimlərə çox az maaş verib, onu minimal səviyyədə yaşam üçün illər ərzində repetitorluğa sövq etməsi (çünki, qanuni yolla başqa cür pul qazanmaq mümkün deyildi), investisiya qoyaraq 30 ilə insan kapitalı yaratmaq, sonra da ondan səmərəsiz istifadə etmək, dövlətçilik baxımından anlaşılan deyildi. Bir çoxları burda qalıb illərlə repetitorluq etməkdənsə, xarici ölkələrin universitetləruində dosent və ya professor olmağa üstünlük verdilər. Onlar daha çox uddular bu seçimlərindən, alim kimi inkişaf etdilər, tanındılar, maddi təminatları (elə təqaüdləri də) burdakından daha yaxşı oldu.
Əgər nazir bir alimin 30 ilə yetişdiyini və onun həddindən az maaş aldığını bilirsə (ölkə üzrə orta əmək haqqından da az maaş) və onu elm və təhsilin real inkişafı narahat edirsə, onda alimlərin maaşını artırsın. Belə olarsa, alimlərimiz 30 ildən sonra tədricən elmə qayıdar, elmlə məşğul ola bilər. Yox, maaşı artıqmaq istəmirsə, onda heç olmasa, dövlətin təhsil qrantlarına ayırdığı pulları (5-6 milyonu) alimlərin təhsil yönümlü qrantlarına yönəltsin, qrantları alimlərə versin ki, onlar daha uşaqlara kvadrat tənliyi öyrətməklə yox, elm və təhsilin real inkişafı ilə məşğul olsunlar. Bu halda elm və təhsil də inkişaf edər, alimin vaxtı, zəhməti də elmi baxımdan səmərəsiz sərf edilməzdi.
Bu sadə həqiqəti təhsil məmurlarımız yəni bilmir? Bilmirlərsə çox pis, bu nə idarəetmədir ki, belə, köklü və vacib problemləri hələ də bilmirlər? Yox bilib əməl etmirlərsə,bu daha pis, deməli, məqsədli şəkildə elm və təhsili çökdürürlər.
Bəli, bir alimin yetişməsi üçün 20-30 il, onun elmdən uzaqlaşdırılması üçün də bir o qədər vaxt lazım imiş.
Hələ ki, bu illər ərzində ETN tender əsaslı təhsil layihələrini, təlimləri, qrantları təhsil işçilərinə, alimlərə yox, təhsil məmurlarının dost-tanışlarına, onların özəl bizneslərinə yönəldir, yəni təhsilin inkişafına yox, tənəzzülünə yönəldir.
Onsuz da 30 il vaxt itirmişik, daha neçə il vaxt itirək ki, işləməyi, inkişaf etməyi öyrənək? Elm və təhsildə region ölkələrindən (Ermənistan, İran, Rusiya, Gürcüstan, Qazaxstan, Özbəkstan v.s.) xeyli geridəyik. ETN deyə bilərmi bu vəziyyət nə qədər belə davam edəcək? Hər hansı strategiyası varmı bu yöndə?
Yaxşı olar ki, ictimai nəzarət və şəffaflıq baxımından ETN təhsil ictimaiyyətinə hesabat versin ki:
Son 4 ildə qrantlara nə qədər pul ayırıb?
Bu qrantların təhsilin inkişafında nə rolu olub?
Bu qrantlar kimlərə paylanılıb?
Qrant alanların neçə faizi alimlər olub?
ETN-də yaranmış ənənəyə görə hər il ədalətsiz keçirilən qrant müsabiqələrinin niyə appelyasiya şikayətlərinə baxılmır?
Əgər qrant müsabiqələri qanun daxilində keçirilibsə, appelyasiya şikayətlərinə baxmağa niyə çəkinirsiniz?
Bu ay keçirəcəyiniz qrant müsabuiqəsi yenə də əvvəlki illərdə olduğu kimi, təhsilə faydasız olacaq? (zatən müsabiqə mövzularından da bu bəllidir).
Repetitorluq etmək məcburiyyətində qalan qadın alimin yuxarıda özünə verdiyi sualı 30 il əvvəl biz də özümüzə vermişdik. Amma qərarımız bu olmuşdu ki, alimin repetitorluq etməsi, onun bir alim və universitet müəllimi kimi tənəzzülünün başlanğıcıdır. Bu halda alim dünyanın indiki müasir sürətli inkişaf mərhələsində, elm və təhsilin inkişafından geri qalacaq, özü ilə birgə işlədiyi universiteti, tələbələri, ölkəni də geriyə çəkəcək. Ona görə də bu 30 ildə maddi çətinliklərə baxmayaraq, biz bu yolu tutmadıq, əksinə daha çox oxuduq, öyrəndik, təhsil məmurlarını bacardığımız qədər maarifləndirməyə, gözlərini açmağa çalışdıq. Amma xeyri olmadı deyəsən.
Çünki, təhsil məmurlarının da yaşı 25-dən çox olduğu üçün, oxuduqlarının 60% dərk etmədilər.
Dos. İlham Əhmədov
Paralel.az