Musiqi və rəqəmlərin sehrində...

Musiqi və rəqəmlərin sehrində...
 

Bunlar gənc istedadın möcüzəli dünyası, ən böyük ilham mənbəyidir
 
İlk öncə onun uşaq diqqət və marağını metro çəkdi – vaqonlar üzərindəki nömrələr və stansiyalararası səsləndirilən musiqi... Sonra yelləncəkdə “uşuşlar” zamanı asqı zəncirləri və küləyin harmonik pıçıltısı, evlərinin yanındakı neft buruğundakı qazma qurğusunun nizamlı hərəkəti, hündürmərtəbəli binaların liftlərindəki düymələr panelində rəqəm dəyişikliyi, çiçəklər üzərinə qonan arıların əmək nəğmələri və sair. Bütün bunlar sehrli dünyanın ilham mənbələri idi. Beləcə, gördüklərini, dinlədiklərini, sevdiklərini əzbərlədi, yaddaşına yazdı. Möcüzəli rəqəmlərin cazibəsində süsləndi, bəyəndiyi mahnı parçalarını zümzümə etməyə başladı. Və tədricən ətraf aləm balaca Hüseyn üçün say-sıra toplusu və melodiya çələnginə, kaleydoskopa çevrildi. (Əslində yaşadığımız həyat da elə bunlardan – yolun başlanğıcında həzin laylalardan, daha sonra cəbr və hesablardan ibarətdir).
Oğlunda musiqiyə həvəsi görən İkram ata ad günündə ona sintezator hədiyyə aldı, bununla da Quliyevlər ailəsində bir istedadın aşkarlanması, gələcək arzuların reallaşması istiqamətində qəti və inamlı qədəmlər atılmağa başlandı.  
“Hüseynin bütün marağı rəqəmlər və musiqiyə, eləcə də bunlarla əlaqəli sahələrədir. Nə tez-tez apardığımız kukla teatrına, nə həmyaşıdları ilə oynamağa, nə də başqa əyləncələrə... Qələbəlikdən, sosiumdan qaçanda, bəzən təkliyə çəkiləndə səhhəti ilə bağlı qorxar, narahat olardıq, sonra gördük ki, bu, özünü daha rahat bildiyi, sərbəst ifadə bacarığı qazandığı, düşüncələrə və axtarışlara ayırdığı vaxt, şərait, zaman kəsiyidir. Uşaqlıqdan dəqiq riyazi hesablamalar bacarığı və dərin musiqi duyumu var. Kiçik yaşlarından çətin hesablamaları, mürəkkəb rəqəmlərin toplanıb-çıxılmasını, kökaltı əməliyyatları bacarır. Qərara gəldik ki, övladımızı əvvəl yaradıcılıq, incəsənət kurslarına yönəldək, bacarıqlarını yoxlayaq”, deyir anası Aygün xanım.
Kurslarda təcrübəli fortepiano pedaqoqu İlahə Məmmədova onunla ciddi məşğul olub, musiqi vərdişlərinin təkmilləşməsinə kömək edib. Artıq 7-8 yaşlarından istedadlı azyaşlı “youtub” və digər sosial şəbəkələrdə dinlədiyi klassik Azərbaycan və Avropa bəstəkarlarının əsərlərinə maraq göstərir. İlahə müəllimənin tövsiyəsi ilə onun Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının (BMA) ixtisas musiqi məktəb-studiyasına yönləndirilməsi isə peşəkar mühitlə ünsiyyət, qaynayıb-qarışmaq demək idi. Həmin təhsil ocağında Hüseyn təcrübəli pedaqoq, Əməkdar müəllim, dosent Nərgiz Mansurova və istedadlı pianoçu Fəqan Həsənlinin qayğı və tədrisi ilə əhatələnir.
Bizimlə həmsöhbət olan BMA-nın ixtisas musiqi məktəb-studiyasının elmi-metodiki işlər üzrə direktor müavini, sənətşünaslıq üzrə fəlsəfə doktoru Aytən İbrahimova istedadlı tələbələrinin yaradıcılıq imkanları, bilik və bacarığı, unikal xarakterik xüsusiyyətlərindən danışdı. Valideynlərinin və müəllimlərin onun bir pianoçu kimi formalaşmasında, kamilləşməsində xüsusi zəhmətlərini vurğuladı, fərdi hazırlıq zəminində öz üzərində ciddi işləyərsə, sabahın layiqli musiqiçi olacağını, vətənimizi nüfuzlu beynəlxalq festivallarda yüksək səviyyədə təmsil edəcəyini bildirdi: “Artıq indidən bir çox müsabiqələrin iştirakçısı və birinci mükafatçısı olan Hüseyn Quliyevin yaxşı gələcəyi var. Biz onu gələcəkdə möhtəşəm arenalarda, beynəxalqmiqyaslı mükafatların laureatı məqamında görürük. Şübhəsiz ki, bütün nikbin proqnozlar, xoş gözləntilər də yorulmaq bilmədən çalışmalar, böyük zəhmətlər tələb edir. Tələbəmiz buna qadirdir və qarşıya çıxan çətinliklərin öhdəsindən gələcəyinə əminik”.           
Gənc vunderkinq indi yay tətilindədir, dincəlir, mütaliə edir, musiqi alətindən ayrılmır və növbəti dərs ili üçün gözəl planlar qurur. Hazırda nə ilə məşğul olduğunu soruşduqda, “Fikrət Əmirovun “miniatür” və “variasiya”ları, eləcə də İohan Baxın Do minor prelüd və fuqası, Bethovenin “5-ci Sonata”sınin ifası üzərində” – deyə cavab verdi: “Bilirsiniz, fuqaları çox sevirəm, doğrudur, əvvəl çox çətin idi, ancaq dərinliyinə vardıqca çox xoşuma gəldi.

Piano ifaçılığı ilə yanaşı, arabir musiqi parçaları da yazıram. Amma hələ tam deyil, yarımçıqdır. Müəllimlərim baxıb, dəyərləndirib və məsləhətlərini veriblər. Görək, nə çıxacaq...” Ən çox sevdiyi bəstəkarlar da elə Fikrət Əmirov, İ.S.Bax, F.Şopen, L.Bethoven, F.Listdir.
Quliyev Hüseyn İkram oğlu 2011-ci ildə sadə, zəhmətkeş ailədə dünyaya göz açıb. Binəqədi rayonu 179 saylı tam orta məktəbin VII sinif şagirdidir. Bacısı Şəms isə XI sinifdə təhsil alır, dərs əlaçısıdır. Məktəb rəhbərliyi də istedadlı uşaqlara həmişə diqqət və qayğı ilə yanaşıb. Qədirdan valideynlər BMA-nın ixtisas məktəb-studiyasının yaradıcısı, mərhum professor Tərlan Seyidovu rəhmətlə anır, yuxarıda adları sadalanan musiqi ustadları ilə yanaşı, indiki rəhbər dosent Sevda Məmmədovaya, 179 saylı ümumtəhsil məktəbinin direktoru Həqiqət Bayramovaya, Hüseynin ibtidai sinif müəllimi Gülmira Seyidovaya, sinif rəhbəri Ruhiyyə İbrahimovaya və təcrübəli pedaqoq İlnaz Kərimovaya, bütün pedaqoji kollektivə dərin minnətdarlıqlarını bildirirlər.
Hüseyninn uşaqlıq hobbisi həm də bayraq toplamaq olub. Yaşadığı evdə 70-dən çox müxtəlif ölkənin bayraqlarını saxlayır. Fenomenal yaddaşı hesabına hansının kimə məxsus olmasını da əzbərdən bilir. Həmin kolleksiyada ilk və ən uca yerdə isə çox sevdiyi Vətənin - Azərbaycanın Bayrağı asılıb.
Gənc istedada gələcəyin mötəbər musiqi yarışmalarında üçrəngli bayrağımızı ucaltmağı arzulayırıq!
 
Qurban CƏBRAYIL
“Mədəniyyət” jurnalının redaktoru
 

0.010382890701294