Zəif təhsil ağıllı texnologiyaları bloklayır- Dos. İlham Əhmədov
" Hər bir ölkədə problemlər var, o cümlədən də Azərbaycanda. Əsas məsələ ondadır ki, bu problemlər öz həllini necə tapır və hökumətin niyyəti nədən ibarətdir? (PREZIDENT İLHAM ƏLIYEV).
Bu problemlərin həlli üçün ölkə prezidenti daim vətəndaşları ictimai nəzarəti gücləndirməyə çağırır. Mövcud problemlərin həlli üçün səmərəli ictimai nəzarət mexanizmləri yaradılmalı və tətbiq edilməlidir. Bu işdə ictimaiyyətin, xüsusən də mütəxəssislərin fəallığı mühümdür.
Hesab edirik ki, ictimai nəzarət təhsil sektorunda daha da güçlü olmalıdır. Çünki, ölkənin strateji baxımdan ən mühüm nazirliyi ETN-dir. Təhsil olmasa, heç bir sahədə uğur mümkün deyil, yəni, təhsil olmasa heç nə ola bilməz. Bütün bu səbəblərə görə təhsildə hər bir müəllim və valideyn ictimai nəzarətdə fəal olmalıdırlar. Amma müvafiq dövlət qurumları da ictimai nəzarətin aşkar etdiyi nöqsanlara reaksiya verməlidir. Təklifləri nəzərə almalıdır.
“Mənə problemlərdən danışın, məişət mövzusunda söhbətlər lazım deyil” (E. ƏMRULLAYEV).
Yaxşı fikirdir. Amma bu 4 ildə mütəxəssislərin qaldırdığı hansısa problemlərə və ya təkliflərə ETN-nin reaksiya verdiyini görmədik. 4 ildə mətbuatda təhsilə dair qaldırılan problemlərin 20 % -nə ETN reaksiya versəydi, tənqidə sağlam münasibıt bəsləsəydi, təhsilin durumu indi daha yaxşı olardı. Əks halda ictimai nəzarətin nə faydası ola bilər? Xüsusən də komandanın peşəkarlıq səviyyəsi, iş təcrübəsi əgər arzu edilən səviyyədə deyilsə.
TƏHSİL OLMASA, İNNOVASİYA OLMAZ (E. ƏMRULLAYEV).
Məlum olduğu kimi, keçən il biz innovasiyaların yaradılmasına 2 milyon $, Ermənistan isə 120 milyon $ investisiya qoymuşdu.
Ölkə səviyyəsində toplam olaraq 2 milyon $ investisiya ilə, hansı innovativ inkişafdan danışa bilərik? Bu səbəbdən də innovativ inkişaf üzrə qlobal reytinqlərdə son yerlərdəyik.
Əgər biz məhdud imkanlardan rasional istifadə edə bilsək, bu qədər geri qalmazdıq.
Bu gün elm, təhsil, innovativ inkişafa investisiya tapa bilməsək də, bu sahənin inkişafına məsul olan qurum- ETN təhsilə yox, sahibkarlığın, özəl sektorun inkişafına bu ərəfədə 3, 5 milyon investisiya etməyə hazırlaşır, bu məqsədlə xüsusi qrant müsabiqəsi də elan edib. Bu məbləğ ölkəmizin innovativ inkişafa 1 ildə qoyduğu investisiyadan 1,7 dəfə çoxdur.
Təhsildə illər ərzində həll edilməyən bu qədər problemlər olduğu halda, ETN məhdud imkanları niyə elm və təhsilə yox, sahibkarlığın inkişafına yönəltməlidir ? ETN-nin əsasnaməsində sahibkarlığın inkişafına dair hər hansı bir maddə varmı?
Ölkədə sahibkarlığın inkişafına məsul olan qurum KOBİA 5 ildə biznesin inkişafına ayırdığı qrantların toplam məbləği ETN-nin bir müsabiqədə ayırdığı məbləğdən 2 dəfə azdır.
ETN-nin belə maliyyə siyasəti və idarəetmə metodları ilə ölkədə təhsil, elm, innovasiya, ağıllı texnologiyalar yarada bilməz. Hər halda 30 illik təcrübə var ortalıqda.
Bu gün bir çox ölkələrdə ağıllı texnologiyalar tətbiq edilir, "Ağıllı şəhər", Ağıllı kənd"lər yaradılır. Bu ölkələrdə elm və təhsilin səviyyəsi, əhalinin savad səviyyəsi bu texnologiyalara uyğundur. Təhsili zəif olan ölkələrdə vəziyyət fərqlidir. Bu ölkələrdə "Ağıllı kənd" yaratmaqla paralel "Ağıllı təhsil", “Ağıllı vətəndaş” layihələri də yaratmaq lazımdır. Əks halda təhsilin aşağı səviyyəsi ilə ağıllı texnologiyaların tətbiqini bloklayır. Vətəndaş oxuduğunun 60 %-ni dərk etmirsə, ölkədə əvvəl savadsızlığı ləğv etməliyik, yoxsa, smart layihələr yaratmaq və tətbiq etmək mümkün deyil.
Dünyada ixtira və patentlərinin sayına görə lider ölkələr və onların kreativ vətəndaşları da az deyil, onların təcrübəsini öyrənməliyik. Məsələn, yapon ixtiraçısı Yesimiro Nakamasu həyatı boyu 3357 sayda patent alıb. Bu qədər ixtiranı biz ölkə olaraq heç 100 ildə heç yaratmamışıq . Bir Yapon bizim 50 universitetimiz və 50 elmi tədqiqat insititumuzdan dəfələrlə məhsuldar olub.
1980-2000-ci illərdə Ərəb ölkələri 460, İsrail 7500, C. Koreya 16.000 patent qazanıb. İslam ölkələri ortalama olaraq elmə öz ÜDM-nin 0,8 %, İsrail 4, 4%, ABŞ 3 % sərf edib. Son illər Çinin də bu sahədə çox ciddi nailiyyətləri var.
Biz elmə ÜDM-in 0,2 % qədər sərf edirik. Bu büdcə ilə AMEA təbii ki, inkişaf edə bilməzdi.
Əgər elmə münasibət belə davam edəcəksə, onda ya AMEA olsun, ya ETN olsun, fərq etməz, heç nə dəyişməz, xüsusən də əldə olan az imkanlar səmərəsiz istifadə edilirsə.
Paralel.az