"Şəki şəhər icra hakimiyyəti söz verir, sonra maraqlanmır" - Aqil Məmmədov 

 

Şəkinin Cumakənd kənd sakini Nəzakət Məmmədova autizm və danışma, eşitmə problemi olan övladı ilə illərdir qəzalı vəziyyətdə olan evdə yaşayır.

Qadının yaxınları deyirlər ki, ev hər an uça bilər.

Meydan TV iki il bundan öncə ailənin vəziyyətini işıqlandırmışdı. Həmin vaxt Şəki Şəhər İcra Hakimiyyətindən məsələ ilə maraqlanacaqlarını bildirmişdilər.

Lakin görünən odur ki, deyilən sözə əməl edilməyib. Elə Nəzakət Məmmədovanın qardaşı Aqil Məmmədov da deyir ki, bacısı ilə qonşulardan başqa heç kim maraqlanmır.

Onun sözlərinə görə, imkansızlıqdan bacısı oğlunu müalicə etdirə bilmirlər, buna görə də artıq 18 yaşına çatmış uşağı saxlamaq çətinləşib.

Bəzən o qədər aqressivləşir ki, pəncərələrin şüşələrini, qabları qırır.

“Oğlan idarəolunmaz vəziyyətdədir. Onların yaşadıqları ev tamamilə sıradan çıxıb, dam, döşəmə uçub-tökülüb. Qaz , işıq və su problemləri var. Hər an uça bilər, hətta hər an başlarına uçacağı qorxusu ilə yaşayırıq”,-şikayətçi deyib.

Aqil Məmmədov deyib ki, bacısının həyat yoldaşı çobanlıqla evinin çörək pulunu güclə çatdırır. Ailəyə daimi yardım göstərən də yoxdur:
“Ailənin yeganə qazancı uşağa görə hər ay verilən 150 manatlıq müavinətdir. O da gündəlik qayğıları qarşılamağa yetmir.

Qışda evi qızdırmaq üçün odun almağa gücüm çatmır, üstəlik onların evləri yaşadığım kənddən 19 kilometr aralıda yerləşir. Hər ay gedib-gəlmək çətindir. Yenə yaydır, qızda soyuqdan donmamaq üçün evdə bürünüb gəzirlər. Bacım oğlu ilə birlikdə bir mağara həyatı yaşayır. Qonşulardan başqa bu bədbəxt ailə ilə heç kim maraqlanmır”.

Aqil Məmmədov əlavə edib ki, ağır şərait səbəbindən bacısının özü də müxtəlif xəstəliklərdən əziyyət çəkir, daim yorğun və halsız olur. Şəki Şəhər İcra Hakimiyyəti də daxil olmaqla aidiyyatı qurumların hamısına müraciət ediblər, lakin vəsait olmadığını bəhanə edərək evin təmiri mümkün olmayıb.

“Bacım və oğlu taleyin ümidinə buraxılıb, onlarla heç kim maraqlanmır. Sağ qalmaları üçün heç olmasa evi yaşanacaq vəziyyətə gətirmək lazımdır”,-şikayətçi bildirib.
N.Məmmədovanın qonşuları isə bildiriblər ki, dəmir darvaza hər küləkli havada yellənr, hər an aşa bilər.

“Sanki evə raket düşüb, şifer qırıq-qırıqdır, yağış birbaşa evin içərisinə tökülür. Yağışlı havada qorunmaq üçün evin içərisinə qab-qacaq yığılır. Pəncərələr sellofan torbalarla qapadılıb. İşıq xətləri sıradan çıxdığından qaranlıqda qalırlar. Əlil uşağın yatdığı çarpayının bir ayağı yoxdur. Evin içindən səma görünür, nəmişlikdən kəskin iy gəlir. Sağlam adam bu evdə xəstəlik tapar, onların uzun illərdir bu vəziyyətdə sağ qalması möcüzədir”,- qonşular bildiriblər.

Şəki Şəhər İcra Hakimiyyətindən şikayətlə bağlı sorğuya cavab veriləcəyi söylənilsə də, sonradan telefon zənglərini açmayıblar.

 

0.034847021102905