Təhsilimiz süni intellektin tətbiqinə hazırdırmı? - Dos. İlham Əhmədov
İxtisas seçimi edəcək abituriyent və valideynlər üçün yerli mıhsul olan KODLASAN adlı süni intellekt proqramı yaradılıb. Xeyirli olsun. Amma ...
Bu vəziyyət təhsildə tam yeni situasiyanın yarandığını göstərir. Bunu təhlil etmək lazımdır. Müəyyən fikirlərim var, ilkin olaraq tezis kimi burda ideyaları bölüşürəm, imkan olsa, daha iri həcmli bir məqalə yazmaq istiyirəm.
Bəzi təhsil işçiləri düşünür ki, bu Sİ vasitəsi analoji işlə məşğul olan ekspertlər tezliklə bazardan çıxardılacaq.
Sİ bütün sahələrdə yaxşı ekspert ola bilər. İT əsaslı ekspert sistemləri çoxdan fəaliyyət göstərir. Təhsilə isə gec gəldi bu sistemlər, çünki, təhsil özlüyündə konservativ bir sistemdir.
Qeyd edək ki, Sİ və distant təhsilin sintezi nəticəsində yaranacaq mükəmməl təhsil texnologiyaları tezliklə təhsildə inqilab edəcəkdir.
Bu zaman nəinki təhsil ekspertləri və repetitorluq, eləcə də universitetlər sıradan çıxacaq.
Amma Sİ təhsildə, o cümlədən ixtisas seçimində tətbiqi bizim üçün heç də asan olmayacaq. Bu başqa ölkələrdə təbii ki, problemsiz ola bilər, amma bizdə isə yox.
Niyə? Bunun izahını şərh etməyə çalışaq.
Bizim ölkədə təhsil sahəsində o qədər ziddiyyətli, heç bir elmi əsası olmayan, səhv qərarlar, təlimat və əsasnamələr v.s. var ki, Sİ bunları düşünsə, qısa qapanma verər, alışar, od tutub yanar.
Məsələn, 11 il oxuyub qəbul imtahanında 20% ball güclə toplayan abituriyent 3 aydan sonra 5 fəndən imtahan verib hər birindən 51% ball necə toplayacaq?
Heç bir Sİ belə tələbənin təhsil keyfiyyətini yüksəltmək üçün real tövsiyyələr verə bilməz.
SDU-də bu il qiş sessiya imtahanlarda bir az ciddilik oldu, 60 % tələbə imtahanlardan kəsildi.
Bunun kimi təhsilimizdə 100-lə nüanslar tapılar ki, bir balaca qanunların tətbiqini ciddiləşdirsək, hər şey alt üst olar. Bu halda Sİ nə tövsiyyələr verə bilər ki?
Və ya ATM-də qəbul planları ilə əmək bazarı arasında olan uçuruma diqqət edək. İxtisaslar üzrə ali məktəblərə qəbul planlarını ETN hansı mexanizmlər və təlimatlar üzrə müəyyən edir?
Bu məsələdə heç bir təlimat və mexanizm yoxdur, bütün rəqəmlər ayrı ayrı məmur- menecerlərin təxəyyülünün nəticəsidir, xüsusən də son illər. Hərçənd belə mexanizmlər beynəlxalq təcrübədə çoxdan mövcuddur, sadəcə məmurlarımız bundan məlumatsızdır.
Səriştəsiz məmurun təxəyyülünə əsaslanan planlaşdırmanı Sİ necə imitasiya etsin?
Heç bir Sİ belə qeyri müəyyənlik şəraitində optimal qərar qəbul edə bilməz.
Elmə əsaslanmayan, ziddiyyətli və dolaşıq, müasir inkişafdan 30 il geri qalan təhsil sistemlərinin Sİ istifadəsi təhsildə tam xaos yarada bilər.
Belə Sİ sistemləri, normal fəaliyyət göstərən, mükəmməl və modern təhsil sistemlərində səmərəli ola bilər.
Sİ ixtisas seçimində istifadəsi isə əmək bazarının datalarını, ölkənin məşğulluq məsələlərini və perspektivlərini bütünlükdə nəzərə olmasa, optimal seçim edə bilməz, tələbəyə düzgün məsləhət verməz.
Problem burdadır ki, bizim əmək bazarı və məşğulluq sahəsində datalar, rəsmi statistikalar, proqnozlar da elə təhsil sisteminin vəziyyətindədir.
Bəs nə etməli?
Təhsildə Sİ-nin tətbiqindən imtinamı edək? Əsla yox.
Bütün dünya Sİ-dən getdikcə daha çox istifadə etdiyi halda, bizim bundan imtina etməyimiz, TN-nin 20 il ərzində distant təhsilin tətbiqinə qadağalar qoymasından daha ziyanlı olar (hələ də bir çox ölkələrin təhsil ekspertləri bizim ETN-nin bu qərarını istehza ilə qarşılayıtlar).
Biz Sİ-dən istifadə etməyimiz üçün təhsil reallığımıza uyğun ziddiyyətli, elmə əsaslanmayan, çoxsaylı səhv ideyalar əsasında formalaşan, amma təhsilimizin indiki səviyyəsinə və iş metodlarımıza uyğun yeni bir Sİ yaratmalıyıq.
Ya da təhsil sistemimizi yenidən, "0"-dan Sİ köməyi ilə normal, beynəlxalq standartlar əsasında layihələndirməli və qurmalıyıq.
Yəni, 25 illik təhsil islahatları və onun bərbad nəticələrini "sıfırlamalı", yeni təhsil islahatı proqramları hazırlamalı və icra etməliyik.
Amma bu dəfə Sİ verdiyi elmə əsaslanan tövsiyyələri reallaşdırmaq üçün əvvəlki illərdən fərqli olaraq, naşılardan ibarət yox, təhsil sahəsinin peşəkarlarından ibarət islahat komandası yaradılmalıdır.
... Yoxsa, Sİ bizim naşı "islahatçı"lara qarşı üsyan edəcək.
Bu üsyan robotların insanlara qarşı bəlkə də tarixdə ilk üsyanı olacaqdır.
Paralel.az