Təhsil problemlərimiz xroniki hal alıb - Dos.İlham Əhmədov
https://gtmarket.ru/ratings/education-index
Belə bir aforizm var: " Səhvini qəbul edə bildiyin qədər böyük, səhvdən dərs çıxardığın qədər ağllı, o səhvi düzəltdiyin qədər güclüsən."
Bu nəinki insanlara da, eləcə də müəssisə və təşkilatlara aiddir. Bu fikir xüsusən də buraxdığı çoxsaylı səhvləri ucbatından məsul olduğu sahəni bərbad hala salan və bu səhvlərdən nəticə çıxarmayan qurumlara daha çox aiddir.
Məlum olduğu kimi, BMT İP hər il ölkələr üzrə təhsilin inkişaf səviyyəsini göstərən müxtəlif reytinqlər tərtib edir. Bu reytinqlər təhsilin keyfiyyəti, əhatəliliyi, səmərəliliyi v. s. istiqamətlər üzrə ayrı-ayrılıqda tərtib edilir.
Bizim təhsil sistemi öz ənənəsinə sadiq qalaraq daim belə reytinqlərdə çox aşağı yerlərdə məskunlaşır. Sanki buna artıq adət etmişik, təəccüblənmirik də. Təqdim etdiyimiz bu reytinq cədvəli də istisna deyil.
Sıralamada 190 ölkənin adı var. Bizim təhsil sistemimiz Gürcüstan, Belorusiya, Türkiyə, Ukrayna, İran, Qırğızıstan, Türkmənistan, Ermənistan, Monqolustan, Özbəkistandan sonra, 85-ci yerdədir.
Bizi ən çox təəssüfləndirən isə Türkmənistan və Monqolustandan da geridə qalmağımızdır. Amma bu vəziyyət deyəsən ETN-i heç də narahat etmir.
Yeni nazirlik yaradıldı, AMEA TN-ə birləşdirildi. ETN büdcəsi 4,5 milyarda çatdırıldı, 2 yeni agentlik quruldu, amma nə iş üslubu, nə idarəetmə metodları, nə səmərəlilik, nə kadr siyasəti, nə maliyyə siyasəti dəyşmədi. Deməli indiyə qədər edilən səhvlər yenə də davam edəcək. Bu səbəbdən ümumi vəziyyət və reytinqlərdə yerimiz də hələ uzun müddət dəyişməyəcək.
Biz ilk dəfə bu mövzuda tədqiqatlarımızı hələ 16 il əvvəl aparmışdıq. Məqsəd qlobal təhsil reytinqlərində vəziyyətimizi, konkret mövqeyimizi müəyyən etmək (o vaxt reytinqlərdə adımız da yox idi), geriliyimizin, problemlərimizin səbəblərini aydınlaşdırmaq, böhrandan çıxış yollarını araşdırmaq, bu mövzuda məqalələr hazırlamaq idi.
Bu mövzuda sonralar yazdığımız seriya məqalələrdə konkret təkliflər vermişdik.
16 ildə məmurlar bu təkliflərin heç birini nəzərə almadılar, özləri də bu sahədə konkret heç nə etmədilər.
Təhsildəki böhran isə hələ də davam edir. Bu bphran təhsildə deyəsən hələ çox davam edəcək.
Ölkənin təhsil sistemindəki vəziyyətin təhlili göstərdi ki:
Təhsildəki geriliyimizin, hər cür təşəbbüs, təklif və innovasiyaların bloklanmasının əsas səbəbkarı illər ərzində təhsil nazirliyi olmuşdur.
Bu səbəblərdən təhsilin bütün pillələri və istiqamətləri üzrə 20 ildir ki, qlobal reytinqlərdə çox zəif təmsil edilirik.
Təhsil nazirliyi müstəqillik illərində dünya təhsil sistemində yaranan yeni reallığı düzgün qiymətləndirə bilməmişdi.
Bu illər ərzində nazirlik öz fəaliyyətini dünya təhsil sistemində formalaşan reallığa uyğun olaraq düzgün qura bilmədi, keyfiyyətli təhsil siyasəti formalaşdırmadı, səmərəli təhsil islahatı reallaşdıra bilmədi.
Hazırlanan sistemsiz və səmərəsiz islahat proqramları təhsil elmlərinin nailiyyətlərinə əsaslanmırdı.
Təhsil pillələri araslnda xüsusən, ümumtəhsil və ali təhsil pillələrində ciddi problemlərimiz və geriliyimiz var.
Bu səbəblərdən təhsil nazirliyi bu illər ərzində ölkə təhsilini dünyada gedən sürətli inkişaf səviyyəsinə transfer edə bilmədi.
Yeni yaranan nazirlik (ETN) əvvəlki qurumun varisi olaraq hələ də mövcud problemlərin həllinə dair konkret strategiya və proqramlar təklif edə bilməyib.
Ölkə təhsilində bu qədər həll edilməmiş problemlərin olduğu halda AMEA institutlarının ETN tabeliyinə verilməsi nazirliyin işini daha da çətinləşdirdi.
Elmdə yaranmış pərakəndəliyi aradan qaldırmaq üçün yaxın zamanlarda elmin inkişaf strategiyası hazırlanmalı, elm və təhsilin səmərəli inteqrasiya yolları müəyyən edilməlidir.
Təhsildəki bu durumun acısını elm və təhsil sistemi ilə yanaşı, xalq və dövlət də uzun müddət hiss edəcəkdir. Ölkədə keyfiyyətli insan kapitalının formalaşmasında sistem xarakterli problemlərin uzun müddət həll edilməməsi, postneft erasının və biliklərə əsaslanan iqtisadiyyatın yaradılmasında ciddi çətinliklər yaradacaqdır. Hesab edirik ki, bu məsələlərin təcili həlli üçün bütün imkanlar səfərbər edilməlidir.
Paralel.az