İmtahançı müəllimlər süni intellektin cavablarını real tələbələrin cavablarından ayıra bilməyib - Dos. İLHAM ƏHMƏDOV
2023-cü ildə Oksford və Kembric Universitetləri, London İmperial Kolleci və digər nüfuzlu universitetlərin də daxil olduğu Russell Universitetlər Qrupu tələbələrə süni intellektdən tədris prosesində, o cümlədən imtahan cavablarının verilməsində məhdud səviyyədə istifadəyə icazə verdi. Əlavə bir neçə təhsil müəssisəsi də bu eksperimentə qoşuldular. Daha sonra alimlər təhsil sektorunda süni intellektdən istifadə ilə bağlı bu eksperimentin nəticələrini müzakirə etdilər.
Alimlər bu vəziyyəti universitetlərin oyanış siqnalı hesab edirlər. Alimlər GPT-4 chatbotundan istifadə edərək imtahan suallarına cavablar hazırladı və guya 33 bakalavr tələbəsinin cavabı kimi imtahan komissiyasına göndərdi. 94% hallarda bu cavablar canlı insanların verdiyi cavablardan fərqlənməyib. Orta hesabla süni intellektin cavabları real tələbələrin cavablarından daha yüksək qiymətlər alıblar. Süni intellekt birinci və ikinci kurs tələbələri üçün nəzərdə tutulan suallara daha yaxşı cavablar verib. Lakin son kurs tələbələri süni intellektdən daha yaxşı cavablar verib.
Alimlərin fikrincə, müəllim və tələbənin üzbəüz (ənənəvi) imtahanlara qayıtması geriyə doğru addım olardı. Bununla belə, təhsil sektoru generativ süni intellektdən istifadə qaydalarına uyğunlaşmalı və daim yenilənməlidir. Bu məqsədlə ciddi tədqiqatlar və eksperimentlər davam etdirilir.
Təəssüf ki, bizim ölkədə belə ciddi təhsil tədqiqatları aparan elmi mərkəzlər yox səviyyəsindədir. Aparılan tədqiqatlarında isə bu məsələlər gündəm deyil. Təşəbbüskar alimlərin isə belə tədqiqatlar aparmasına heç bir dəstək verilmir. Amma ETN rəsmiləri hər dəfə ekspertlər tərəfindən təkliflər veriləndə soruşurlar: bu ideya hansı tədqiqata əsaslanır. Amma, heç düşünmürlər: biz son illər hansı ciddi tədqiqatları maliyyələşdirmişik?
Paralel.az