Rövnəq Abdullayev mandat alıb, oğurladığı sərvəti qorumaq istəyir
SOCAR-ın sabiq prezidenti Rövnəq Abdullayev yenidən gündəmə gəlib. O, artıq sıradan çıxıb və hədəf taxtasında deyil.
Taxtadan çoxdan düşüb. SOCAR-ın başında olanda R.Abdullayevə sağdan da döşəyirdilər, soldan da. İqtisadiyyat nazirinin müavini təyin edildikdən sonra “neft əfsanəsi” unudulmağa başladı.
Bu vəziyyət yəqin ona da sərf edib. Söhbət medianın gündəmində olmamaqdan gedir. SOCAR kimi yağlı tikənin əlindən çıxması isə Rövnəq müəllimə əsla sərf etməz. Bu vəzifə ilə sağollaşmaq ictimai əhəmiyyətini də itirmək deməkdir. O baxımdan hər nə qədər hədəfdə olsa də, yenə də vəzifə ayrı şeydir. Həm maddi baxımdan, həm də əhəmiyyətlilik nöqteyi-nəzərindən.
Bu dəfə R.Abdullayevi “dostları” ən zəif nöqtəsindən vurmağa başlayıblar. Onu övladı ilə “yada sslıblar”. Qızının əmlakını ictimailəşdirib, yenidən qınaq obyekti etməyə çalışıblar.
Yayılan xəbər budur ki, Rövnəq Abdullayevin qızı Sevinc Əliyevanın Bakı şəhərində milyonluq obyekti var. Bildirilir ki, Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin rəsmi saytında, Bakı şəhəri Xətai rayon Natiq Əliyev küçəsi 92B ünvanında tikinti sahəsi 4100 kvadrat olan 3 mərtəbəli obyekt Əliyeva Sevinc Rövnəq qızının adına sənədləşdirilib. 4,5 sot ərazidə inşa edilən obyektin hazırkı bazar qiyməti 5 milyon manatdan çoxdur. Xəbərdə o vurğulanıb ki, Sevinc Əliyeva "Liv Bona Dea" Hospitalın rəhbəridir.
R.Abdullayevin qızının adına belə bahalı əmlakın olması Azərbaycan reallığında təəccüblü sayıla bilməz. 20 ilə yaxın SOCAR kimi bir təşkilatın rəhbəri olmuş şəxsin qızının milyonluq əmlakının olması oğurluq olsa da, təbii qarşılanır.
Bəzi azərbaycanlılar bu məsələyə “Bal tutan barmaq yalayar”, ya da “Bacarana can qurban” prinsipi ilə yanaşır. Ona görə də R.Abdullayevin övladının 10 milyonlarla dollarlıq əmlakı olması qabahət sayılmır. Uzaqbaşı saytlarda yazılar, sosial şəbəkələrdə deyilər, sonra unudular.
Bəs az qalsın unudulmaqda olan R. Abdullayev birdən-birə nədən xatırlandı? Qızının əmlakı hardan gündəmə gəldi? Bu sualların cavabı barədə bəzi iddialı insanlar var.
Globalinfo.az-a daxil olan məlumata görə, Rövnəq Abdullayev Milli Məclisə keçiriləcək seçkilərə hazırlaşır. O, yenidən deputat kimi fəaliyyət göstərmək qərarına gəlib. Onun bu qərarının yalnız özünə məxsus olmadığı deyilir. Deyilənə görə, məsləhət biliblər, o da yox deməyib.
R.Abdullayev kimi insanların yenidən parlamentə qaytarılması nə ilə bağlı ola bilər?
Deyilənə görə, 1 sentyabr seçkilərində “köhnələr”dən yalnız R.Abdullayev iştirak etməyəcək. Bu sırada digər tanınmış və “vurulmuş” sabiqlərin də olacağı xəbəri dolaşır.
Mənbəmizin bildirdiyinə görə, Rövnəq Abdullayev bir neçə çağırış deputat seçildiyi 24 saylı Nizami birinci seçki dairəsində nüfuza malikdir. Uzun illər o rayonun sakini olub, Nizami rayonu ərazisində fəaliyyət göstərən idarədə rəis, neftayırma zavodunda isə direktor vəzifələrində işləyib.
Ordakı vətəndaşların sosial problemlərinin həllinə yaxından dəstək olub. Pul xərcləyib, yol çəkdirib, mərasim obyektləri inşa etdirib, abadlıq işləri gördürüb. Xəstə seçicilərinin müalicəsinə dəstək verib. Tələbələrin təhsil haqqının ödənməsinə yardımçı olub və s.
Görünür, belə bir şəxsin nazir müavini olub, yığdığını rahat yeməyindənsə, deputat olub, dövlətdən əldə etdiyi vəsaitin bir qisminin xalqa xərcləməsinə şərait yaradılması daha məqbul sayılıb.
Mənbəmizin iddiasına görə, bunu eşidən rəqibləri R. Abdullayevi ictimai rəydə və dövlətin nəzdində hörmətdən salmaq üçün hərəkətə keçib.
Rövnəq Abdullayev seçki kampaniyasına start verməmiş, rəqibləri ona qarşı kampaniyaya başlayıblar.
Rəşad Abdullayev
Xatırladaq ki, R.Abdullayevin oğlu Rəşad Abdullayev bir neçə il öncə 1.2 milyon avroluq saatı ilə yerli və beynəlxalq mediada gündəmə gəlmişdi.
Görünən budur ki, budəfəki seçkidə siyasi mübarizə iqtidarla müxalifət arasında yox, klanlarla, qruplar arasında gedəcək.
Bu yay sözün hər mənasında qaynar və isti keçəcək.
Paralel.az