Qarabağda 44 günə etdiyimizin 1 %-ni təhsildə 48 aya edə bilmədik 

Qarabağda 44 günə etdiyimizin 1 %-ni təhsildə 48 aya edə bilmədik 
 

Sertifikasiyanın acı nəticələrinə görə ETN fənn müəllimlərini, müəllim hazırlığı aparan təhsil müəssisələrini qınayır. Bu isə məsələyə çox səthi yanaşmadır.
ETN yenə də "başqa gözlərdə tük axtarır".
Müəllim hazırlığı keyfiyyətini yüksəltmək istəyiriksə, müəllimləri və onları yetişdirən təhsil müəssisələrini qınamaq əvəzinə, məsələnin kökünü araşdırmaq lazımdır:
Zəif müəllimləri yetişdirən universitet və kollecləri hansı qurum təsis edib?
Onların fəaliyyətlərinə illər ərzində necə nəzarət edilib ki, belə acınacaqlı durum yaranıb?
Bu universitet və kollecləri təhsil standartları, tədris-metodiki və normativ resurslarla hansı qurum təmin edib?
Bu universitet və kolleclərin inkişafına illər ərzində hansı dəstək verilib ?
Bu universitet və kolleclərə 30 ildə neçə qrant verilib?
Verilməli suallar çox, ETN-dən isə cavab yox. Bu və digər aktual sualları və onun cavablarını şərhdəki məqalədə vermişik.
Yaranmış vəziyyət bir daha göstərir ki, ETN son 20 ildə ölkə başçısının "qara qızılı insan kapitalına çevirək" siyasətini yarıtmaz icra edib. İndi də bu fəaliyyətinə görə cavab vermək əvəzinə bəhanələr axtarır. Çünki, bu qurumun özündə də insan kapitalı çox zəifdir.
Hələ də ölkənin normal təhsil siyasəti, təhsildə sağlam kadr siyasəti, səmərəli idarəetmə və maliyyələşmə siyasəti yoxdur. Dövlət təhsilin büdcəsi artırdıqca, təhsilin durumu pisləşir. Niyə? Təhsilin büdcəsi son 30 ildə maksimum həddə yüksəlib, keyfiyyəti isə minimum həddə enib.
ETN bu vəziyyətə və onun səbəblərinə dair ictimaiyyətə və dövlətə niyə hesabat vermir?
Təhsil büdcəsinin səmərəsiz israfına görə kim cavab verəcəkdir?
Bu ərəfədə BQP sədri, millət vəkili, hörmətli Fazil Mustafa, bu məsələyə dair maraqlı məqalə yazmış, ciddi suallar və təkliflər vermişdi.
Amma ETN bu suallara heç vaxt cavab verməyib və verməyəcək də. Onların başı öz səhvlərini başqalarının boynuna qoymaq üçün yeni bəhanələr axtarmağa qarışıb. Bu isə təhsilin daha da çökməsinə səbəb olacaq.
Bu yaxında təhsil nazirinin təyinatının 4 ili bitir. 44 günə Qarabağ düyünü kimi mürəkkəb hərbi- siyasi problemi həll etdiyimiz halda, 48 aya təhsildə niyə dönüş edə bilmədik? Axı təhsil çökdükcə, milli təhlükəsizliyimizə olan təhdidlər də artacaq.

Dos. İlham Əhmədov 

Paralel.az 

0.068549156188965