Təhsil millətin və türk dünyasının gələcəyidir - Dos. İlham Əhmədov 

Təhsil millətin və türk dünyasının gələcəyidir - Dos. İlham Əhmədov 
 

"Təhsil millətin gələcəyidir" (Heydər Əliyev)

Son günlər Türk dünyasının futbol həvəskarları Türkiyə milli futbol komandasının AÇ-da finala çıxa bilməməsi səbəbi ilə böyük məyusluq yaşayırlar. Məncə bu müvəqqəti haldır və bu bəzilərinin düşündüyü kimi heç faciə də deyil.
Amma Türk fövlətləri birliyi (TDB) üçün gələcəkdə problem ola biləcək başqa bir ciddi məsələ var. Diqqətinizi buna yönəltmək istəyirəm.

15 il əvvəl İSESCO Bakıda ali təhsil problemlərinə dair beynəlxalq konfrans keçirmiş, qərar qəbul etmişdir ki, yaxın 10 ilə heç olmasa 1 islam ölkəsinin 1 universiteti Qlobal reytinqlərdə TOP -500 siyahısına düşsün. Amma 15 il keçməsinə rəğmən bu mümkün olmadı.

Mən istərdim ki, bütün TDB sakinləri və məmurları idman yarışlarında geridə qalmağımızın yox, elm, təhsil və innovasiyalarda irəlidə olmamasının səbəbini düşünsünlər. Bu problemlərin həllinə köklənsinlər.
Mən istərdim ki, TDB ölkələri rəhbərləri növbəti zirvə toplantısını Xankəndidə, Qarabağ Universitetində keçirsinlər. Belə bir mövzunu müzakirə etsinlər:
"TDB -nin vahid elm və təhsil məkanının yaradılması yolu ilə türkdilli universitetlərinin qlobal reytinqlərdə mövqelərinin yüksəldilməsi imkanları".
Bu problemlərə köklənsək, gələcəkdə nə vaxtsa, onun həllinə nail olmaq mümkün olar, əsas ilk addımı atmaqdır.
Böyük milli və dövləti əhəmiyyətli strateji hədəfə çatmaq üçün müəyyən kiçik məqsədlərdən vaz keçmək məqbuldur.
Heç bir dəyəri olmayan müxtəlif idman yarışlarına, stadion və olimpiya mərkəzlərinin inşasına israf edilən (onsuz da bunların heç bir faydası olmadı) milyardlarla $ pulu vətənpərvər, türkçülük, azərbaycançılıq, islam ideyalarına sadiq, dürüst və peşəkar kadrların idarəsiylə elm, təhsil, innovasiya və texnoloji inkişafa yönləndirilsəydi, bu gün daha böyük nailiyyətlərimiz olardı, ölkənin beynəlxaq nüfuzu yüksələrdi, postneft erasına daha yaxşı hazırlaşardıq.
Onsuz da idman ölkəsi olmaq cəhdimiz beynəlxalq səviyyədə (Avropada, Amerikada) bizə ciddi dividentlər gətirə bilmədi.
2-ci Qarabağ müharibəsi zamanı Qardaş Türkiyə ilə yanaşı, Dost və Qardaş Pakistanın da yanımızda olması bizə xeyli ruh verdi, çünki, yanımızda nüvə silahı olan ölkə var idi.
Biz bu gün mürəkkəb geosiyasi şıraitdə türk ölkələrinin hələ də nüvə silahına sahib olmamasının məyusluğunu yaşamalıyıq, idman yarışlarındakı məğlubiyyətin yox.
Niyə Türk dövlətlərinin hər birinin 1 universiteti TOP 500-də olmasın?
Niyə Türk dövlətlərinin heç olmasa birinin TOP- 100-də bir universiteti olmasın?
Niyə Türk dövlətləri birliyinin güclü elmi tədqiqat mərkəzləri (ETM) olmasın?
Niyə ETM-nin qlobal reytinqlərində TOP -500 siyahısında hər bir türk dövlətinin heç olmasa 1 ETM olmasın?
Niyə TDB -nin çox güclü iqtisadiyyatı, güclü hərbi bloku, güclü texnoloji bazası olmasın?
Millətin qüdrəti, gücü, nüfuzu və hörməti, perspektiv gələcəyi elm, texnologiya və təhsildir, futbol və ya basketbol yox.
Son 20 ildə AFFA-ya yönəldilən milyardlara rəğmən futbol millimiz heç nə edə bilmədi, amma bu pulları peşəkar və dürüst nazirlərin rəhbərliyi ilə elm və təhsilə yönəltsəydik indi ölkədə başqa mənzərənin şahidi olardıq.

Paralel.az 

0.050673007965088