Məmməd Talıblı yazır...
Bu foto "Ağ şəhər"də Nobel qardaşlarının vaxtı ilə Bakıda neft hasilatı prosesi ilə məşğul olduğu zamanlarda yaşadıqları evdir.
Vaxtilə Azərbaycan nefti hesabına Nobel qardaşları böyük bir sərvətə sahib oldular. Biz isə nə sərvətə sahib ola bildik, nə də nobelçi yetişdirdik.
İki milyardlıq neft hasilatının yanında ikicə nəfər Nobel mükafatçısı da yetişdirə bilsəydik, onda “qara qızıl”ın “ağ qızıl”a, neft kapitalının insan kapitalına çevrilməsindən danışa bilərdik. Söhbət Azərbaycan neftində Nobelin halallıq əyarından gedir.
Eybi yox, hansı yaşda olursa olsun, bircə nəfər Nobel mükafatına layiq görülsəydi, sonra dünyasını dəyişsəydi də dərd çəkməzdik. Rus əsilli olan, lakin Amerika iqtisadçısı hesab olunan Leonid Hurvikz kimi... Ömrünün sonunda – 90 yaşında (2007) iqtisadiyyat üzrə Nobel mükafatına layiq görüldü. Bir il sonra isə dünyasını dəyişdi.
Bu mükafat fondunun ilkin kapital mənbəyinin formalaşmasında rolu olan və neft ölkəsi sayılan Azərbaycanın bircə nəfər də olsa, belə bir uğur nümunəsi olmayacaqsa, onda nə neftimizlə, nə də ki, elmimizlə öyünməyə dəyər.
Elmdən söz düşmüşkən... Norveç dünyada adambaşına ən çox kitab oxuyan ölkəsi də sayılır. Bu da növbəti üstünlük. Çox maraqlıdır ki, bu qədər bərbəzəkli və göz qamaşdıran uğur çətiri altında azad, firavan və demokratik bir yaşam reseptini təqdim edən Norveç mükəmməl bir sistem qura bildi.
Neftdən başlamış neftsiz yaşamağa qədər, xammal üstünlüyündən tutmuş təhsil keyfiyyətinə qədər, idarəetməsindən demokratiyasına qədər, yaşam meyarlarından kitab oxumasına qədər tamam başqa örnəklərlə zəngin dövlətlə rəqabəti yox, əməkdaşlığı təmin etmək ən doğru yoldur.
Mənbə: "Elm-kitab-müəlllim üçbucağı" kitabı, səhifə 100.
Paralel.az