Saxta tenderlər məmurlara milyonlar qazandırır - Araşdırma
Adətən tenderlərdə məmurlara yaxın şirkətlər qalib elan edilir və milyonlar mənimsənilir
Qeyd edim ki, Azərbaycanda cənab ölkə Prezidentinin, hüquq-mühafizə orqanlarının çirkin məmur əməli sayılan rüşvət və korrupsiyaya qarşı ciddi mübarizə aparmasının müsbət nəticə verməsi xalq tərəfindən rəğbətlə qarşılanır.
Lakin ölkədə rüşvət və korrupsiyaya qarşı keçirilən təxirəsalınmaz tədbirlərin intensivliyinə baxmayaraq, bu sahədə müsbət nəticələrlə yanaşı, mənfi hallar hələ də qalmaqdadır. Ölkədə rüşvət və korrupsiyaya qarşı mübarizənin həyata keçirməsinin fasiləsiz, daimi xarakter almasına baxmayaraq, bəzi dövlət orqanlarının keçirdiyi tenderləri rüşvət və korrupsiya mənbəyi kimi ən təhlükəli hal hesab edirəm.
Hazırda ölkəmizdə bəzi dövlət orqanlarının rəhbərlərinin özünün xeyli sayda MMC-yə malik olduğu bilinir. Bu da həmin orqanlarda keçirilən tenderlərin rüşvət və korrupsiya mənbəyi olduğunu inkar etmir.
İndi ölkədə fəaliyyət göstərən "Azəravtoyol", SOCAR, "Azərsu", "Azərqaz", "Azərreyl" "AzərGold" və digər iri dövlət şirkətlərinin rəhbərlərinin hər birinə əlinin altında sui-istifadə etməyə imkan yaradan bir neçə Agentlik və çox sayda MMC-lər fəaliyyət göstərir. Bu, çox təhlükəlidir...
Bu MMC-lər dövlət büdcəsindən bəzi dövlət qurumlarına ayrılan milyonları mənimsəmək üçün ideal şərait yaradır. Dərhal belə dövlət qurumu tərəfindən dövlət satınalmalarını həyata keçirmək məqsədilə tender elan olunur və tender elan edən qurumun rəhbərinə yaxın olan MMC qalib elan olunur. Qalib elan olunan MMC ilə dövlət orqanı arasında müqavilə bağlanır və dövlətin milyonlarla pulu həmin MMC-nin hesabına köçürülür. Əsas mənimsəmə halı da bundan sonra başlayır.
"Azəravtoyol" ASC-nin sədri Saleh Məmmədovun ərəb şeyxlərinə xas olan intəhasız sərvətləri barədə mediada yayılan məlumatlar insanları hədsiz dərəcədə heyrətləndirir.
Eyni sözləri sabiqlərin çoxunun ünvanına - SOCAR prezidenti Rövnəq Abdullayev, "Azərsu"nun sabiq sahibi Qorxmaz Hüseynov, "AZAL" şirkətinin sabiq rəhbəri Cahangir Əsgərov və çox sayda rüşvət və korrupsioner haqqında demək olar...
Məsələn, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sahə həmkarlar təşkilatlarında, xüsusən Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqlarının sədri Səttar Möhbalıyev təhsil sahəsində işləyən insanların əmək haqqından hər ay tutulan 2 faiz hesabına toplanan milyonları saxta tender keçirməklə və satın alınan malların qiymətlərini süni olaraq 10-15 dəfə şişirtməklə, özünə məxsus MMC-ləri vasitəsilə milyonları mənimsəyir.
Hesab edirəm ki, AHİK təşkilatı ətrafında 30 il ərzində mövcud olmuş, hazırda da davam edən rüşvət və korrupsiya halları tam yoxlanlaraq, aşkar edilməli, həmkar ittifaqları sistemində dərin kök atmış heyrət doğuran cinayətlərin üzərinə işıq salınmalı və səbəbkarlar layiq olduğu cəzanı almalıdırlar.
Tenderlərin ölkədə rüşvət və korrupsiyanın əsas mənbəyi olduğu heç vaxt unudulmamalı və bu mənfi prosesin qarşısı dövlət səviyyəsində mütləq təcili alınmalıdır...
Müəllif: Qazi