Dördəm övladı doğulan ata dövlətdən kömək istəyir - Müraciət
Dördəm övladı doğulan ailədə imkansızlıq ucbatından körpələrdən biri vəfat edib.
Paralel.az xəbər verir ki, bu barədə uşaqların atası Natiq Adıgözəlov məlumat verib. O deyib ki, maddi imkan olmadığından uşaqlı xəstəxanadan tez götürmək məcburiyyətində qalıb.
Ata bildirib ki, müraciət etdiyi dövlət xəstəxanaları söz versə də, ona köməklik edilməyib:
"Mayın 10-da "Caspian İnternational Hospital"da dördəm uşaqlarımız dünyaya gəlib. Hamısı oğlandır. 6 gün ərzində klinikaya 11500 manata yaxın pul xərcləmişik. Uşaqlar küvetə düşüblər . Nə qədər uşaqları dövlət xəstəxanasına köçürülməsini xahiş etsəm də, heç nə eləmədilər. OMD klinikaya da zəng eləmişəm, dedilər ki, yer yoxdur.
TƏBİB-ə də yığdım, "kömək edəcəyik" desələr də heç nə eləmədilər. Uşaqlar 6 gün klinikada olublar. İmkanımız çatmadığına görə, onları klinikadan evə aparmışıq. Oradakı həkim Fariz dedi ki, bir uşaq zəif olduğuna görə, hələ ki klinikada qalmalıdır. Amma biz onları aparanda dördünü də verdilər. Uşaqlara zondla yemək verilirdi, amma bizə zondsuz veriblər. Uşaqları evə gətirənin səhəri günü zəif olan körpə rəhmətə getdi".
Valideyn uşaqlara baxmaq üçün dövlətdən yardım istəyir:
"Kimə müraciət etmək olar? Çünki bu uşaqları saxlamaq var. Yaşadığımız evimiz 2 otaqlı mənzildir. Yeni doğulan körpələrdən başqa bir oğlum da var".
Qeyd edək ki, məsələ ilə bağlı Sosial xidmətlər agentliyinə və TƏBİB-ə sorğu ünvanlanıb.(ölkə.az)