Azərbaycan dilçiliyi göz yaşlarına inanmır - Professor İdris Abbasov yazır...

Azərbaycan dilçiliyi göz yaşlarına inanmır - Professor İdris Abbasov yazır...
 

İran İslam Respublikasının Fərhangiyan Universitetinin Fars dili və ədəbiyyatı fakültəsinin müəllimi İxtiyar Bəxşinin fars dilindən Azərbaycan dilinə tərcümə edib AMEA Nəsimi adına Dilçilik İnstitutunun Baş direktoru Nadir Məmmədliyə hədiyyə etdiyi, Məmmədlinin isə üzünü bəzəyib nəfis şəkildə çap etdirdiyi və akademik dostların "Azərbaycan dilçiliyinin ilk abidəsi", "dilimizin qrammatikası ilə bağlı ilk əsər" deyib barıtını bol etdikləri “Məzhər-üt-türki” kitabını (və ya kitab formasında təqdim olunan cızma-qaranı), görəsən, Dilçilik İnstitutunun əməkdaşları niyə öz ailə-uşaqlarından, xüsusən yeniyetmə övladlarından gizlədirlər?
"Qrammatika", hətta "mükəmməl dərslik" adlandırdıqları kitabı adam öz ailə-uşağından niyə gizlətsin ki?!
Qədim tarixə malik monumental dil abidələrimiz dura-dura bu qəbildən olan həqarət dolu qurama kitabları şah əsəri kimi sırımağa çalışaraq, İsfahan lotusundan qurtarmamış bizi Ərdəbil lotusunun cənginə salmaq istəyənlərin məqsədi nədir?!
Qrammatika dedikləri bu 3-4 qəzet məqaləsi həcmində sistemsiz cızma-qaraya göz atdıqda adam dəhşətə gəlir. Ona görə yox ki, əsər mənasızdır, dayazdır, ana dilimizin qrammatikasının bəsit, qıt və əcaib təqdimatıdır, ona görə ki, Bəxşinin feilinə uyaraq bunu kitab şəklində çap edib bizə həzm etdirmək niyyətinin olmasıdır. Gərək dil tarixindən o qədər məlumatsız olasan ki, səni belə aldadalar.
Neçə əsrlər bundan əvvvəl fundamental, layiqli və ciddi dil abidələrimiz olduğu halda, belə cızma-qaraya dilimizin və dilçiliyimin möhtəşəm abidəsi demək özünəhəqarət deyilmi?! Kitab formasına salınıb bəzədilən idbar sözlər yığınına akademikin birini də elmi redaktor yazıblar ki, "elmi" təsiri bağışlasın. Molla Cimcimin küçədə vurduğu laqqırtıya istinadən dilimizin fars dilindən əmələ gəlməsini (-dı,-di, -du, -dü morfoloji şəkilçimiz də farsın imiş?!) iddia edən Ərdəbil lotusunun lüzumsuz cızma-qarası niyə bizim dövlətimizin vəsaiti hesabına çap olunub təbliğ edilməlidir?! Hətta müftə olsa belə! Məntiqi və praqmatik yanaşma çox həqiqətləri üzə çıxarır.
Qrammatik cəhətdən sistemsiz, dini-ideoloji və pozuculuq cəhətdən sistemli olan yazı guya türk dilini farslara öyrətmək məqsədilə yazılıb, özü də Nadir Şah dönəmində-filan. Elementar səviyyədə tarixi bilənlərə məlumdur ki, o dövrdə Səfəvilər xanədanında türk dili vacib ünsiyyət dili idi, hətta sarayda yazışmaların dili farsca olsa da, başlıca ünsiyyətin qızılbaş türkcəsində olduğunu Şah Abbas sarayında yaşamış italyan səyyah Pietro della Valle də dostu Skipanoya yazdığı məktublarında etiraf edirdi. Vallenin özünün Şah Abbasla türk dilində maraqlı dialoqları olmuşdur. Valle yazırdı ki, ordu, əsasən, türk əsilli qızılbaşların əlində idi və s.
404 il bundan əvvəl (1620) italyan aristokrat Pietro della Valle dilimizin mükəmməl qrammatikasını yazmışdır. 2020-ci ildə həmin əlyazma məhz ilk dəfə olaraq Azərbaycan dilçiləri tərəfindən dilimizə tərcümə edilib tədqiq olunmuş və çap edilmişdir. Özlərinin adı olmadığı üçün o möhtəşəm abidəni görməzdən gələn və yeni-yeni vəzifələr, titullar, pullar fəth etmək həvəsində olan akademik yeyimcillər dilimizi fars dilinin yedəyinə verməyə, morfologiyamızın, əsasən, feillərin zaman mənasızlığından, leksikamızın söyüşdən ibarət olduğunu isbat etməyə çalışan, yazılma tarixi ehtimallara əsaslanan bu cəfəngiyyatı ictimaiyyətə XVIII əsr "şedevr"i kimi sırımaqdan hansı məqsədi güdürlər?! Həmin şəxslər "tarixi" deyib tarixi naməlum olan bu molla "cadu-pitisi"ni öz yeniyetmə övladlarının, nəvələrinin dərslik kimi qəbul edib oxumalarını rəva görürlərmi?!
Akademik mühit bir-birini o qədər tərif edib ki, başları tamamilə itib. Sən demə, tərifdən, mədhiyyədən də keflənmək olurmuş!
Görəsən, Allah sizi hidayət edəcəkmi?!
Qeyd. Dövlətin pulunu israf edib "şedevr" kimi təqdim olunan cızma-qaradakı qeyri-etik söz və ifadələri yazıya gətirmək mümkün deyil.

Paralel.az 

0.059054851531982