Günah müəllimlərin 15 il vaxtını alan səmərəsiz təhsil sistemindədir

Günah müəllimlərin 15 il vaxtını alan səmərəsiz təhsil sistemindədir
 

Təhsildə növbəti xoşagəlməz vəziyyət ortalığa çıxıb. Bu səbəbdən cəmiyyət
ibtidai sinif müəllimlərinin təkrar sertifikasiya imtahanında göstərdiyi zəif nəticəni, müzakirə edir. Məmurlar və onlara yaxın "könüllülər" bu yaranmış vəziyyətlə əlaqədar hamılıqla müəllimləri günahlandırırlar. Belə yanaşma ilə bu tip problemləri həll etmək mümkün deyil. Hesab edirik ki, problemin köklü həlli üçün ETN menecerləri aşağıdakı amillərə diqqət yetirilməlidir:
1. Bu savadsız müəllimlərə məktəb attestatını, ali təhsil diplomunu kimlər və necə veriblər? Müəllimlərin etdikləri bu səhvlər ali məktəbə yox, əsasən orta məktəbə aid səhvlərdi. Attestat alan məktəbli bu səhvləri etməməli idi.
Bu faktlar məktəbdə tədris prosesinin pozulması, repetitorluğun tüğyan etməsi səbəbi ilə şagirdlərin bilik keyfiyyətinin aşağı etməsini göstərir.
2. Savadsız müəllimləri məktəblərdə kimlər və necə işə qəbul ediblər? Niyə illər ərzində bu müəllimlər keyfiyyətli təlimlərə cəlb edilməyiblər? Niyə müəllimlərin fasiləsiz təkmilləşdirmə sistemi dağıdılıb? Dəfələrlə bildirdiyimiz kimi müəllimlərin ixtisasartırma və təkmilləşdirmə işini təsadüfi adamların yaratdığı QHT və MMC -lər yox, təcrübəli dövlət qururmları aparmalıdır.
3. Bu zəif müəllimlərin neçə faizi MİQ imtahanı verərək işə girib, bu imtahanlarda kim onlara himayədarlıq edib?
4. Əvvəllər də qeyd etdiyimiz kimi, təhsil sistemi çöküb, bunun altını niyə öz işində saxtakarlıq və məsuliyyətsizlik edən, proseslərə nəzarət etməyən məmurlar yox, bu saxtakarlığın və məmur məsuliyyətsizliyinin qurbanı olan müəllimlər çəkməlidir? Bu müəllimlər keyfiyyətsiz orta və ali təhsili nazirliyin nəzdində olan təhsil müəssisələrində alıblar, Londonda yox.
5. Görünən budur ki, uzun müddət ərzində təhsil nazirliyi nə səbəbdənsə bütün bu neqativlərə göz yumub, indi isə təhsil islahatların uğursuzluğunu belə müəllimlərin ayağına yazmaq istəyirlər.

Bütün günahkarlar bu vəziyyətə görə cavab verməlidir. Əks halda təhsildə heç vaxt, heç nə dəyişməyəcək. İlk növbədə təhsil nazirliyi təhsil sisteminə nəzarəti gücləndirməli, peşəkarlığını yüksəltməli, məktəblərdə repetitorluğun yaratdığı fəsadları aradan qaldırmalıdır.

Dos. İlham Əhmədov 

Paralel.az 

0.023694038391113