Hörmətlə anırıq!
O nitqin qurumağı var ha, o sözlərin ilişib boğazında qalmağı olur ha, gözlərin doluxsunur, amma yaş da qeybə çəkilir ee, bax o sukunətdə, o susqunluqdayam. Heç ağlım söz kəsəndən qələmimin də beləcə könülsüzcə susduğunu, korşalıb ağ kağızdan üz çevirdiyini görməmişdim.
Qara atını minib köndələn çapan qara xəbərin qapqara sədasında üzgüncə süst düşüb qalmışam. Ağır itginin sikələdiyi vicudum toparlanmaq nədi bilmir.
Qara lent kimi saytları dolaşan, sosial şəbəkələrdə gündəm olan alim itirmək ağrısı içimdən cərəyan kimi keçir.
Kərəm Məmmədov kim idi. Mənim üçün, tarix elimi üçün, tələbələri üçün, bütövlükdə xalq üçün. Hər şeydən əvvəl o, bir tarixçı-etnoqraf idi, həmkar idi. Min bir əziyyətlə olduğu yüksəkliyi öz halal zəhməti və mübarizliyi ilə əldə etmişdi. Düzdü biz çox nadir hallarda görüşürdük. Son vaxtlar ünsiyyətimiz sosal şəbəkə üzərindən olurdu. O, həm də mənim virtual dostum olaraq ən müxtəlif mövzularda həmsöhbətim idi.
Onun haqqında tələbələr, müəllim həmkarları, tarixçı-alimlər həmişə xoş söz deyirdi. Prinsipial mövqe sərgiləyir, iti zəkası daim sağlam məntiqə söykənirdi.
Bir dəfə mənə “səni oxumaqdan zövq alıram, sən etnoqrafik araşdırmalarını ədəbi yazıya çevrib elə sırıyırsan ki, adam dönüb özünü məişətimizdən çoxdan çıxmış adət-ənənələrin içində hiss edir” demişdi.
Məhz onun haqqımda dediyi bu sözləri ən dəyərli ödül hesab edirəm. Kərəm Məmmədov haqqında, onun əsl azərbaycanlı ziyalısına xas məziyyətləri barədə çox yazmaq olar, lakin sağlığında özünə dediyim bir fikirimi burda bölüşməyi borc bilirəm. İstedadlı alim Azərbaycan tarix elmində nəsilləlr arası mənəvi körpü rolunu oynayırdı. O, Teymur Bünyadov, Rəbiyyə Qasımova kimi böyük etnoqraf, antopoloq alimlərin estafetini gənc nəsilə ötürən, yüzlərlə tələbəsində tədris etdiyi fənni sevdirməyi bacaran nurlu sima idi.
Kərəm müəllimin həm də haqsızlığa haqq səsini hayqırmağını heç bir qüvvə əngəlləyə bilməzdi. O, daim düzün və ədalətin tərəfində dururdu.
Gözəl ailə başçısı olaraq üç övlad ciyərparələrini halal qazancla böyütmüşdü. Əziyyətə qatlaşaraq, məhrumiyyətlərə sinə gərərək.
Bu sətirləri oxuyan hər kəsdən üzr istəyirəm. İki gündür diqqət edirəm. Ölkə telekanalları Azərbaycan elm ictimayyətinə ağır itgi üz verməsi barədə susdu. Amma hansısa şou-biznes nümayəndəsinin ailə-məişət problemlərini çözməkdə, xəbər-informasiya verlişinin tən ortasında mental dəyərləri ayaqlayan reklam çarxlarından gen-boluna xəbərlər tirajladılar. Alim, özü də başdan-ayağa vətənpərvər ziyalının əbədiyyətə qovuşmasını görməzdən gəldilər.
Bəlkə də belə yaxşıdı. Xalq, insanlığa, dəyərlərimizə dəyər verənlər sosial şəbəkələr üzərindən öz təəssüflərini, işıqlı alimə ehtiramlarını bildirdi. Səviyyəsiz telekanallar elə Böyük, nurlu simalarımızdan danışmasa yaxşıdı.
Əziz insan, dəyərli Kərəm müəllim! İşıqlı xatirən daim yaşayacaq! Gecə-gündüz gözlərinin nurundan işıq alan əsərlərinin sonundakı imzan səni həmişə sıralarımızda edəcək, gələcək nəsillər də tədqiqatlarından bəhrələnəcək!
Sənin qələminin mürəkkəbi nizam-tərəzidə çox ağır gələcəyi şəksizdir. Yerin behşit olsun!
Müəllif: Pərviz Yəhyalı
Paralel.az