Hər bir universitetin səviyyəsi onun rektorunun səviyyəsinə uyğundur - Dos. İlham Əhmədov
"Azərbaycan müəllimi" qəzeti yeni, maraqlı rubrika açıb.
Belə adlanır: "Rektorlar necə olur - Kim kimdir?".
Bu yazıların bizim rektorlar, təhsi məmurları, təhsil ictimaiyyəti üçün maraqlı olacağını düşünürəm.
Hər şey müqayisədə dərk edilir. Yaxşı olar ki, bu məqalələr seriyasında həm də paralel müqayisələr aparsınlar. Bir dəfə Türk Universitetləri rektorları haqqında yazı veriləndə, bir dəfə də bizim rektorlar barədə yazı versinlər.
İctimaiyyət hər iki rektorun elmi, təşkilati, ictimai, beynəlxalq v.s. fəaliyyətlərini müqayisə etsin. Səviyyələr arasında olan fərqlər universitetlər arasında olan fərqlərdə özünü biruzə verəcəkdir. Çünki, hər bir qurumun fəaliyyət keyfiyyəti, onun sükanı arxasında olan şəxsin, menecerin səviyyəsi, peşəkarlığı ilə müəyyən edilir.
Son 30 ildə Türkiyə universitetlərinin inkişafı və bizim universitetlərin tənəzzülünün bir səbəbi də budur.
"Rektorlar necə olur - Kim kimdir?" rubrikasında bu dəfə İstanbul Texniki Universitetinin rektoru - İsmayıl Koyuncu haqqında məqalə verilmişdir. İsmayıl bəy öz sahəsində beynəlxalq səviyyədə tanınmış alim, impakt faktorlu xeyli elmi jurnallarda məqalələri dərc edilmiş alimdir.
2023-cü ilə qədər o, 250-dən çox beynəlxalq indeksli jurnalda məqalələr dərc edib, beynəlxalq məqalələrinə 3700-dən çox istinad edilib və h-indeksi 30-dur. 160-dan çox beynəlxalq simpoziumda 300-ə yaxın məruzə ilə çıxış edib. Bundan əlavə, bir çox simpoziumlarda dəvətli qonaq kimi çıxış etmişdir.
Türkiyə universitetləri rektorlarının standartı ortalama belədir. Orda təsadüfi adam rektor ola bilməz.
Rektor hər mənada kollektivə nümunə olmalı, bu universitetin bütün əvvəlki rektorlarından daha üstün olmalıdır.
Eyni sözü YÖK haqqında da demək olar. Bu posta uğurlu rektorluq təcrübəsi olmayan professoru və ya təhsilə heç bir aidiyyatı olmayan kənar şəxsləri heç vaxt təyin etməzlər. İnkişaf da məhz belə ciddi kadr siyasəti nəticəsində mümkün olur.
Türkiyədə bir professor rektor və ya YÖK başqanı vəzifəsində 5 ildən çox qalmır (nadir hallarda rektor 10 işləyir).
Mən Türkiyə universitet rektorlarının və YÖK başqanlarının çıxışlarını çox dinləmişəm. Bizdə o səviyyədə və elə dərinlikdə məruzə edə bilən nazir və ya rektorlar da heç görmədim.
Təəssüf ki, bu səviyyəli alimlər bizdə yox dərəcəsindədir. Rektorlar korpusunda da təbii ki, belə alimlərə rast gəlinmir.
Niyə bizim bu səviyyəli alimləriniz yoxdur? Amma 35-40 il əvvəl bizdə elm və təhsilin səviyyəsi Türkiyədən yüksək idi.
Maraqlıdır, Türk rektorları arasında da biznesmen rektorlar varmı? Orada da şərab zavoduna, şadlıq evləri şəbəkəsinə sahib rektorlar varmı?
Əgər Türkiyədə belə fakt üzə çıxsaydı, YÖK buna nə reaksiya verərdi?
Maraqlıdır, necə olur ki, kasıb universitetlərin belə zəngin rektorları olduğu halda, Türkiyə və Avropanın zəngin universitetlərinin kasıb rektorları var?
Niyə onların rektorları biznesmen ola bilmirlər?
Maraqlıdır, bizdə sahibkar universitetlər olmasa da, sahibkar rektorlar var. Amma onlarda sahibkar universitetlər olduğu halda, sahibkar rektorlar yoxdur.
Bu vəziyyət bizdə əlverişli biznes mühititnin olması ilə, yoxsa nəzarətsizlik səbəbi ilədir mümkün olmuşdur?
Paralel.az