İrəvan-Bakı sülh sazişi bu tarixədək imzalana bilər - Beynəlxalq agentlik
Noybradək İrəvanla Bakı arasında sülh sazişi imzalana bilər.
Paralel.az xəbər verir ki, bu barədə "S&P Global Ratings" beynəlxalq reytinq agentliyinin proqnozunda qeyd edilib.
Agentliyinin analitikləri rəsmi bəyanatlara əsaslanaraq, 2024-cü ilin noyabrınadək, yəni Birləşmiş Millətlər Təşkilatının Çərçivə Konvensiyasının Tərəfləri Konfransının 29-cu sessiyasına qədər Ermənistan və Azərbaycan arasında sülh sazişinin imzalanmasını mümkün hesab edirlər.
Qeyd edilib ki, regionda dəyişən geosiyasi vəziyyət fonunda Azərbaycan Ermənistanla hərtərəfli sülh sazişi üzrə danışıqları davam etdirir: "Sülh müqaviləsinin imzalanmasında mübahisəli məqamlardan biri sərhədlərin demarkasiyası prosesi olaraq qalır. Ermənistan hökuməti Azərbaycanın bir neçə eksklav kəndini təhvil vermək tələbi ilə razılaşıb. Bu, Ermənistanda baş nazir Nikol Paşinyanın istefasının tələb edildiyi ictimai etirazlara səbəb olub. Buna baxmayaraq, hər iki tərəf Avropanın və MDB-nin bir sıra paytaxtlarında keçirilən ikitərəfli danışıqları sürətləndirib. Rəsmi açıqlamalar göstərir ki, sazişin 2024-cü ilin noyabrında Bakıda keçiriləcək COP29 konfransına qədər imzalanması mümkün olaraq qalır".