“Qadın ağlaya-ağlaya qarşımda diz çökdü” – Aktyorla müsahibə 

“Qadın ağlaya-ağlaya qarşımda diz çökdü” – Aktyorla müsahibə 
 

Paralel.az lent.az-a istinadən Azərbaycan Dövlət Milli Gənc Tamaşaçılar Teatrının aktyoru, müxtəlif seriallardakı obrazları ilə tanınan aktyor, prezident mükafatçısı Rəşad Səfərov ilə müsahibəni təqdim edir 

- Rəşad, öncə sizi də teatrınızı da təbrik edirəm. Siz prezident Mükafatı, teatrınız da Milli statusu aldınız.

- Təşəkkür edirəm, sevinc sevincə qarışıb. Məni bu mükafata layiq gördüyünə görə, cənab Prezidentə, Ali Baş Komandana təşəkkür edirəm, mədəniyyət sahəsində onun əsgəriyəm, vətənin xidmətində durmaqdan qürur duyuram. Sonra da özüm və kollektiv adından teatrımızın direktoru Naidə İsmayılzadəyə təşəkkür edirəm. Naidə xanım teatra gələndən onun statusunun yüksəldilməsini hədəfləmişdi və buna nail oldu. Buna görə də ona ayrıca təşəkkür edirik.

- Bəzən teatrlarda aktyorlarla rəhbərlik arasında açıq olmasa da, gizli bir narazılıq olur. Naidə xanımın yaradıcı insanlara münasibəti necədir?

- Gərək yaxşı işi deyəsən də. Naidə xanımın gəlişi ilə teatrda yaxşı mənada köklü dəyişiklik olub. Yaradıcı adamların həmişə qayğıya ehtiyacı olur. Naidə xanım aktyorlara dəyər verən rəhbərdir. 

- Uzun illərdir səhnədəsiniz. Ömrünüzü teatra bağladığınıza görə, peşman deyilsiniz?

- Əsla yox. Teatr mənə ailə qazandırıb. Ömür yoldaşımla universitetdə tanış olmuşam, qrup yoldaşım idi. Həyat elə gətirdi ki, o əvvəllər uşaqlara görə işləyə bilmədi. İndi Uşaq və Gənclər Teatrında işləyir. Qızım rejissordur, balaca qızım dəfələrlə tamaşalarda oynayıb, uşaq rollarında. Bir sözlə teatral ailəyik. Balaca qızımla bağlı maraqlı bir xatirə danışım. Özümlə məşqə gətirmişdim. Tamaşada belə bir səhnə var ki, tərəf müqabilim olan xanım belimə tullanıb məni döyməlidir. Qızım səhnəyə gəldi, əlini belinə qoyub acıqla altdan yuxarı aktrisaya baxdı, "sən mənim atamın belinə niyə çıxmısan?" dedi. Bunu indi də onunla gülüb danışırıq.

- Teatrınızın uşaq tamaşaçıları da var. Uşaqların tamaşa zamanı səhnəyə müdaxilə etdiyi olur?

- Olur. Bəzən interaktiv tamaşalarda onlara cavab veririk, amma elə tamaşalar var ki, susmaq məcburiyyətində qalırsan. Məsələn, "Qaraca qız" tamaşasında mən hirslə qışqırıram ki, hanı mənim ayım, ayım itib. Uşaqlar yerdən qışqırırdılar ki, ayı sağ tərəfə qaçdı.

- Qızınız rejissordur dediniz. Rollarınıza tənqidi yanaşdığı olub?

- Bəli olub. Evdə oturub serial izləyəndə, deyir, ata bu yerini belə yox, elə oynasaydın, daha gözəl alınardı, bura filan hərəkəti gətirmək olardı. Baxıram ki, maraqlı yanaşması var.

-  Əməl edirsiniz?

- Hə. Gənclik yeni ruh deməkdir. Onların gözü ilə də baxmaq lazımdır hadisələrə.

- Deyirlər Rəşad bir az lovğa, sərt və eqoist aktyordur.

- Kim deyir onu? (gülür) Bəlkə deyənlər rollarıma baxıb elə düşünür. Çox sadə, səmimiyyəti sevən istiqanlı insanam. İnsan tanınanda bəyəm özünü başqa cür aparmağa başlamalıdır? Mən ümumiyyətlə qəbul eləmirəm, bəzən aktyorlar çıxırlar efirə. Başlayırlar ki, "Ay mən illərin sənətkarıyam. Mənə başqa cür yanaşılmalıdır" və s. Bütün peşə sahibləri kimi bizim də vəzifəmiz işimizin öhdəsindən uğurla gəlməkdir. Dövlət görüb qiymətləndirib, fəxri adlar, mükafatlar veribsə, buna görə yalnız təşəkkür etmək lazımdır.

- Fəxri addan söz açılmışkən, illərdir səhnədəsiniz, amma fəxri adınız yoxdur?

- Görünür hər şeyin öz zamanı var. Biz öz işimizi görək, zamanı çatanda dövlət görür, qiymətləndirir. İnanıram ki, bir gün o da olacaq.

- "Balaca kişilər" tamaşasında sizi XTQ komandiri rolunda gördüm, rola dərindən yanaşmanız hiss olunurdu.

- Hərdən oturub fikirləşirəm ki, Rəşad, sən bu Vətən üçün nə eləmisən? II Qarabağ müharibəsi günlərində elə hey can atırdım ki, cəbhəyə gedim. Bu pafos deyil, mənə elə gəlir mənim kimi hər Azərbaycan kişisinin ürəyində bu hisslər olub. Televizordan Prezidentimizin qələbə xəbərlərini verməsini necə həyəcanla gözləyirdimsə, müharibədən sonra onun göstərişi ilə Qarabağda aparılan abadlıq, quruculuq işlərini də eyni həyəcanla izləyirəm. Mənim atam Əfqanıstanda, sonra Qarabağda döyüşüb. Hətta, bir ayağını itirib. Mən ilk dəfə Qarabağa dövlət tədbirində iştirak eləməyə gedəndə zəng vurdu, kövrələrək dedi ki, "daha ayağımın ağrılarını unutdum. Elə bil o yerləri özüm gəzirəm. Bu gün mənim yenidən doğulan günümdür". Yəqin hər bir azərbaycanlı kimi mənim qəlbimdə də vətən üçün ölməyə hazır bir əsgər yatır. Bilirsinizmi, o adını çəkdiyiniz tamaşadan sonra mütləq səhnəyə şəhid və qazi ailələrini dəvət edirik. Onlar bizə elə minnətdarlıqla baxırlar. Əslində biz onlara borcluyuq və bu görüşlər mənim üçün həmişə kövrək notlarla bitir.

- Sizi seriallarda əsasən zalım kişi rollarında görmüşük. Buna görə heç izləyici nifrəti qazanmısınız?

- Çox olub. Bir hadisə indi yadıma düşdü. Mağazanın qarşısında avtomobilimi park eləmək istədim, satıcı həmin yerə boş yeşik qoymuşdu. Düşdüm, xahiş elədim ki, yeşiyi kənara qoysun, maşını həmin yerə sala bilim. Mağazadan bir qadın çıxdı, hirsli-hirsli üzümə baxıb dirsəyi ilə məni itələdi, yanımdan keçdi. "Sən də camaatı öldürdün daha.  Nə hörmət qoyursan, nə adam sayırsan" -dedim. Xanım başına dönüm, səhv anladınız...  Sözümü kəsib yenə hirslə üzümə baxdı - "Bir dənə adam balası kimi yaxşı iş görə bilmirsən? Nə qədər zalım olacaqsan?"

- Siz nə dediniz?

- Dedim yaxşı, daha bir də eləmərəm, qələt eləmişəm (gülür). Amma həmişə nifrətlə qarşılamırlar. Bir rolum var idi,  "Ata ocağı" serilında. Yetim qalmış qardaşı qızına baxan əmi rolunu oynayırdım. Bir dəfə şəhərdə dostlarla gəzişirdik. Birdən heç gözlənilmədən bir qadın ağlaya-ağlaya yaxınlaşdı və məni qucaqladı, sonra qarşımda diz çökdü. Mən də çaş-baş qaldım, anlamadım nə olub. Xanımı ayağa qaldırdım, dedim bəlkə məni kiminləsə səhv salır. Dedi mən də əmi himayəsində böyümüşəm, sən mənim taleyimi xatırlatmısan mənə. Mən də kövrəldim. Söz yox, onun nələr yaşadığını mən bilə bilməzdim. Üzü gülsə də, gözləri ağlayırdı.

 - Rolunuza qapılıb gerçəkdən ağladığınız olub?

- Olub. "Bir qadın" serialının son səhnəsində həmkarım Nuridə xanım Gülzarı mən Vüqarı oynayıram. Gülzar həbs olunmalıdır, onun cinayətini mən öz boynuma götürürəm biz qucaqlaşıb ağlaşırıq. Biz o səhnədə həqiqətən ağlayırdıq. 

- Gənclikdə çox məşhur olmaq xəyalındaydınız?

- Hansı gənc aktyorda o xəyal olmur ki. Ölürdüm şöhrət tapmaqdan ötrü. Hətta bir məzəli hadisə danışım. Tələbəlikdən müxtəlif teatrlarda kütləvi səhnələrdə rol alırdım. Bir gün tamaşadan sonra tez-tələsik üstümü dəyişib çıxdım. Orta əsrlərin döyüşçüsü rolunda epizodda oynamışdım o gün. Epizodik rol idi. Mindim metroya, gördüm hamı mənə baxır. Ürəyimdə düşünürəm ki, deyəsən məni tanıdılar, bir-iki stansiya getmişik, vaqona girən-çıxan hamı üzümə baxır, mən də daha sevindiyimdən, lovğalığımdan ölürəm (gülür), amma bir iki stansiya sonra özüm də artıq şübhələndim. Hamı diqqət və təəccüblə üzümə baxır. Fkirləşdim ki, bu qədər məşhurlaşa bilməzdim axı bir tamaşa ilə. Pəncərədə öz şəklimi görüb, diksindim. Qrimi  yadımdan çıxıb silməmişəm, üzümdə bığ, saqqal, qan, yara izi, başda parik, dəliyə oxşayırdım.

- Ən arzuladığınız obraz hansıdır?

- Hamleti arzulayıram. Bir də Kefli İskəndəri. Amma onun üçün artıq yaşım keçib.

- Dram yoxsa komediya?

- Ciddi komediyanı sevirəm. Tamaşaçını təpiklə, dombalaqla yox, intellektual yumorla, situasiya ilə güldürmək lazımdır.

- Hansı rejissorlarla işləmək daha asandır?

-  Bütün rejissorlarla işləmişəm. Rəhmətlik Vaqif Əsədovala, Bəhram Osmanovla işləmişəm, hazırda Cənnət Səlimova, Nicat Kazımov, Nofəl Vəliyevlə, tamaşalarım var. Zövq alıram. Ümumiyyətlə, bizim teatr yenilikçidir və hər rejissorla, aktyorla iş bir ayrı aləmdir.

 

0.015097856521606