Bu xəstəlik insanlara necə yoluxur?

Bu xəstəlik insanlara necə yoluxur?
 

Qarayara və ya Sibir yarası kəskin zoonoz yoluxucu seroz-hemorragik və nekrotik iltihabın inkişafı ilə xarakterizə olunan xəstəlik növüdür. Bəzən bu xəstəliyi "bədxassəli çiban" da adlandırırlar. 

Dünyanın hər yerində bu xəstəlikdən əziyyət çəkənlər var. Hələ 1945-ci ildə İranda 1 milyon qoyun, ABŞ-da isə 1944-1994-cü illərdə 224 insan ölümü qeydə alınıb. 

Ən böyük epidemiya isə 1979-1985-ci illərdə Zimbabvedə yaşanıb. Həmin vaxt bu xəstəlik 10 mindən çox adamın həyatına son qoyub. 

Qarayara bütün növ kənd təsərrüfatı və vəhşi heyvanlar, həmçinin insanlar üçün təhlükəli xəstəlikdir. Xəstəlik at, qaramal, qoyun və s. heyvanlarda ildırımvari, iti və yarımiti formada, donuzlarda isə əsasən məhdud angina formasında, xəzdərili heyvanlarda isə yem infeksiyası şəklində büruzə verir. 

Bəs, bu xəstəlik necə yaranır və insanlara necə keçir? 

Məlumata görə, Qarayara daha çox xəstə heyvan və insanların olduğu yerlərdə yaranır. Xəstəlik daha çox heyvanlarda əmələ gəlir və onlardan isə insanlara yayılır.  

Çox vaxt bu xəstəliyə yoluxan heyvanlar ölür. Sürü halında olan heyvanlardan birində bu xəstəlik varsa, kütləvi olaraq digər heyvanlar da yoluxur. Elə heyvanlar var ki, Qarayaraya qarşı daha dözümlüdürlər. Bu xəstəlik olduqca ağırdır və bir neçə forması var. Ən çox yayılan növü isə dəri formasıdır.

Bu zaman dəridə yaralar yaranır. Məsələ təkcə bu yara ilə qurtarmır. Daha sonra törədici orqanizmdə daha dərin fəsadlara səbəb olur. Bu isə sonda ölümlə nəticələnə bilər. 

Həkimlərin sözlərinə görə, müvafiq sturukturlar bu işi yerində lokallaşdırmalı, lazımlı tədbirlər görülməli, xəstə olan heyvanlar məhv edilməlidir.

Həmçinin, xəstəliyə yoluxan insanlar xüsusi karantin rejimində müalicə almalıdır. İnfeksiyanın daha genişmiqyaslı yayılmasının qarşısı alınmalıdır. 

Bəs, Qarayara özünü insanlarda hansı əlamətlərlə büruzə verir? 

Xəstəliyə yoluxan insanların dərisində qara ləkə əmələ gəlir. Bundan sonra həmin şəxslərdə yüksək hərarət, halsızlıq, zəiflik, temperatur düşməsi baş verir. Xəstəliyə ciddi yanaşılmasa, dərhal müalicə olmasa, bu hal ölümlə nəticələnə bilər. 

Mütəxəssislər bildirir ki, əgər ev heyvanlarında belə bir xəstəliyin olduğundan şübhə varsa və həmin heyvanlarla kontaktda olunubsa, mütləq həkimə müraciət olunmalıdır. 

 

0.021278142929077