"Studiyalar, "Cinema club"lar bağlandı, gənclər xaricə qayıtdı, nə qədər adam işsiz qaldı..." - Müşfiq Hətəmovla müsahibə

 

Əməkdar incəsənət xadimi Müşfiq Hətəmov Teleqraf.com-un suallarını cavablandırıb.
 
Paralel.az müsahibəni təqdim edir:
 
- Müşfiq müəllim, ölkəmizdə mədəniyyət sahəsində mövcud vəziyyəti necə dəyərləndirirsiniz?

Ümumilikdə, bu gün cəmiyyətimizdə mədəniyyət sahəsinə yanlış bir münasibət var. Bildiyiniz kimi dövlətin və cəmiyyətin inkişafı mədəniyyətə inteqrasiyadan asılıdır. Başda Mədəniyyət Nazirliyi olmaqla, bütün mədəniyyət strukturlarının ali məqsədi cəmiyyətin mədəniyyətə inteqrasiyasını təşkil etməkdir.

İki sahə - incəsənət və din insanları kütləvi şəkildə ətrafına toplaya bilir. Bu gün Azərbaycanda dini inteqrasiya sürətlə inkişaf edir. Amma əfsuslar olsun ki, mədəniyyətdə təklif və tələb arasında böyük boşluq var. Çox hallarda mədəniyyət müəssisələri dövlətin üzərində yükə çevrilir. Bunun da qarşısını almaq üçün yüksək intellektə malik gerçək sənət adamları tərəfindən metodik mərkəzlərdə və digər aidiyyəti strukturlarda təlimatlar hazırlanmalıdır.

Mədəniyyət sahəsi çox çətin və həssas bir sahədir. Bəzən cəmiyyətdə mədəniyyət müəssisələrinə qeyri-ciddi münasibətin şahidi oluruq. Hamı bilməlidir ki, gerçək sənətin əsas rolu gələcəyin formalaşmasıdır. Bildiyimə görə, mədəniyyət naziri Adil Kərimli və onun komandası bu problemləri həll etmək üçün ciddi addımlar atır. Yaxın gələcəkdə nəticəni görə biləcəyik. 

Uzun müddət “Azərbaycanfilm” kinostudiyasının direktoru olmusunuz. Sizin rəhbərlik etdiyiniz illərdə bu sahədə daha çox işlər görüldü, bir çox filmlər çəkildi. Ümumilikdə, Azərbaycan kino sahəsinin inkişafı yüksək səviyyədə deyil. Bu haqda nə deyə bilərsiniz?
 
- Kinostudiyada olduğum dövrdə yaradıcı atmosferin gücləndirilməsi, müasir istehsal prinsiplərinin tətbiq edilməsi, Azərbaycanda İran və Gürcüstan istehsalat şirkətlərinin fəaliyyətlərinə xitam verilməsi, yerli özəl şirkətlərlə əməkdaşlıq edilməsi, xaricdə və Azərbaycanda yaşayan istedadlı gənclərimizin istehsalata cəlb edilməsi, beynəlxalq platformalarda Azərbaycanın təmsil edilməsi, ümumilikdə tamaşaçı marağı ilə dəyərlərin birləşdirilməsi qarşımızda duran vəzifələrdən idi.                            Müşfiq müəllim, belə bir fikir var ki, bu gün yüksək sənət nümunələri yarada bilən istedadlı insanlar yetərincə deyil. Doğrudanmı, biz istedad qıtlığından əziyyət çəkirik?
 
- Xeyir, qətiyyən elə deyil. İstedadlı insanların formalaşması xüsusi nəzarətdə olmalıdır. Biz "Azərbaycanfilm"də istedadlı insanların üzə çıxarılması üçün Elçin Musaoğlunun rəhbərliyi ilə "Cinema club" yaratdıq. 120-dən çox gənci sınaqdan keçirdik. Onun illik xərci təxminən 20 min manat edirdi. Ən istedadlı gəncləri bura cəlb etdik. Məsələn, rejissorları, operatorları, bəstəkərları, rəssamları və başqalarını. Çox ciddi yaradıcılıq işləri gedirdi.
Azərbaycan gənclərinin nüfuzlu xarici ali təhsil müəssisələrində təhsil imkanlarının genişləndirilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamından istifadə edərək, onların çoxu xaricə oxumağa getdi. Xaricdə təhsil almış və ya xaricdə yaşayan bir çox gəncləri "Azərbaycanfilm" kinostudiyasına dəvət edib, onlarla əməkdaşlığa başladıq. Bunun nəticəsində də 150-dən çox beynəlxalq festivala qatıldıq.
 
Əfsuslar olsun ki, sonra "Cinema club" ləğv edildi. Studiyaların fəaliyyəti dayandırıldı. Çox sayda insan işsiz qaldı. Gənclərlə əməkdaşlıq kənara qoyuldu. Onların çoxu xaricə geri qayıtmalı oldu. İstehsalda olan bir çox filmlər yarımçıq dayandırıldı və sonradan bərpa edilmədi.      Bu gün ədəbiyyatdan və mətbuatdan öncə audiovizual sənət gəlir. XXI əsr görüntü əsridir. Ona görə də dövlətin audiovizual siyasətini həyata keçirən konsepsiya olmalıdır. Bir dəqiqəlik görüntünün təsir vasitəsi başqa təsir vasitələrindən qat-qat güclü olur.
 
"Nabat" filmini Avropada festivallarda jurnalistlərin qarşısında göstərəndə mən bunun canlı şahidi olmuşam. Belə görürəm ki, ARKA-nın Baş direktorunun icraçısı Orxan Fikrətoğlu bu anlaşılmazlıqları qaydasına qoymağa çalışır.

- Əvvəl müstəqil prodüser, sonra dövlət strukturunda çalışmış təcrübəli prodüser kimi görə bilmədiyiniz hansı işlər var?

- 2013-cü ildə kino haqqında yeni qanun layihəsini Milli Məclisə təqdim etdik. Gördüyümüz işlərin öz bəhrəsini verməsi üçün bu qanuna ehtiyac var idi. Bu qanun dünyanın aparıcı şirkətləri ilə əməkdaşlıq etməyimiz və Azərbaycanda kinoya böyük investisiyanın gətirilməsi üçün əsas olacaqdı.
 Əgər qanun qəbul edilsəydi, birinci ildə Azərbaycana 18 xarici şirkətin gələcəyi gözlənilirdi. Qanun haqqında bir çox fikirlərimiz var idi. Xarici ekspertlər Fikrin Bektaşinin yazdığı bu qanunu yüksək qiymətləndirirdilər. O ki qaldı mənim fəaliyyətimə, qəti qərarımdır, müstəqil prodüser kimi fəaliyyət göstərməyə üstünlük verirəm.
- Sizin kinostudiyanın rəhbəri olduğunuz dövrdə "Nabat", "Dolu", "Nar bağı", "Qisas almadan ölmə", "Yarımçıq xatirələr", "Dərs" kimi filmlər çəkildi. Reallaşdıra bilmədiyiniz hansı planlar yarımçıq qaldı?
 
- Prodüser kimi iki xətt üzrə fəaliyyət göstərmək istəyirəm. Beynəlxalq sosial platformalarda qısametrajlı filmlərin çəkilib yayılması. Məsələn, Ağdamda Açar muzeyinin qurulması. 30 ildir insanlar evlərinə qayıdacağı günləri gözləyir. Ən çox həssaslıqla qoruyub saxladıqları evlərinin açarları idi. Onlar açarlar əllərində qayıtdılar. Ancaq nə evləri, nə qapıları var idi. Təxminən bu səpkidə Azərbaycan dəyərlərini və ağrılarını dünyaya çatdıra bilən 100-ə yaxın, 3-4 dəqiqəlik filmlərin çəkilməsi üçün iş aparılır.

Tammetrajlı filmlərdən isə "Dolu" və "Yarımçıq xatirələr" filmlərinin davamı olaraq 44 günlük qələbəmizə aid film çəkməyi planlaşdırırıq. Ayaz Salayevin bir dəfə görüşlərimizdə dediyi bir ideya mənim çox xoşuma gəldi. Pandemiya dövründə qəhrəmancasına çalışan və həlak olan həkimlərimizin ümumi obrazında nakam sevgi hekayəsi haqqında film çəkmək istərdim. Nəsrəddin Tusi haqqında film çəkməyi arzu edirəm. Tusi həm böyük alim idi, həm də onun faciəli sevgi hekayəsi olub. İstərdim dünya belə bir azərbaycanlını daha yaxından tanısın.

Eləcə də İbrahim Məmmədlinin “Difahi” haqqında yazdığı ssenarini çəkmək istəyərdim. Bunlar mənim üzərində iş apardığım layihələrim və arzularımdır.
- Televiziya kanallarının hazırkı səviyyəsi çox tənqid edilir. Siz bu məsələ haqqında nə düşünürsünüz?
 
- Bu gün televiziyalarımızda peşəkar rəhbərlər və yaradıcı komanda var. Sadəcə olaraq, reklam bazarının böyük olmaması bəzi layihələrin həyata keçirilməsinə mane olur. 10 milyonluq cəmiyyətdə reklam böyük ola bilməz. Azərbaycanda reklam bazarı çox kiçikdir.   Yuxarıda dediyim kimi dövlətin audiovizual konsepsiyası olmalıdır. Nə ədəbiyyatımızın, nə də mətbuatımızın vizual təsir qədər bizi dünyada təmsil etməyə gücü çatmaz. Ona görə də bu sahə nəzarətə götürülüb, düzgün koordinasiya edilməlidir. Belə olan halda televiziyalarımızın və kinomuzun vəziyyətində irəliləyiş ola bilər.
 
Televiziyada çalışdığım dövrdə kiçik bir eksperiment elədik. Qarabağ atlarının Qarabağa qayıtması mövzusunda böyük konsert proqramı etdik. Türkiyə və Orta Asiya kanalları buna reaksiya verdilər. Bu konserti onlar da nümayiş etdirdilər.
 
Biz belə başa düşdük ki, dövlətimizin imicini beynəlxalq platformalarda formalaşdırmaq üçün Heydər Əliyev Fondunun, Mədəniyyət Nazirliyinin keçirdiyi beynəlxalq böyük layihələrlə yanaşı, biz də fərqli kontentlər hazırlamalıyıq.

0.080183982849121