Bakı-Ankara xəttində problemlər Cənubi Qafqazda maraqlı güclərin gündəliyinə uyğundur

Bakı-Ankara xəttində problemlər Cənubi Qafqazda maraqlı güclərin gündəliyinə uyğundur
 

SOCAR-ın İstanbul ofisinə hücum edən “Fələstin üçün min gənc” hərəkatının tərkibini araşdıranda diqqətçəkən məqamlar ortaya çıxır.

Hərəkatın yaradılma təşəbbüsü terror təşkilatı kimi qəbul edilən “Marksist-Leninist Komunist partiyası”nın (MLKP) “Sosialist Gənclik Dərnəkləri Federasiyası” gənclər birliyi tərəfindən irəli sürüb. Hərəkatın aksiyalarına da əsas dəstəyi solçu-kommunist qrupları verir. Türkiyə mediasının məlumatına görə, “Fələstin üçün min gənc” hərəkatının üzvləri arasında “Marksist-Leninist Komunist partiyası”, “Gənclik Kollektivləri”, “Xalq Evləri” və PKK-nın qolu olan “İnqilabçı Xalq Qurtuluş Partiyası-Cəbhəsi”nə (DHKP-C) bağlı dərnəklərin təmsilçiləri yer alır. Hərəkatın təsisçilərindən olan Ahmet Furkan Polatkan solçu “Gənclik Komitələri”nin üzvüdür. Özü bildirir ki, “hərəkatın tərkibinə müsəlmanlarla yanaşı, kürdlər (PKK ideologiyasına yaxın olanlar), solçular, feministlər daxildir”.

Hərəkatın tərkibində Türkiyədəki İranmeylli dəstələrin yer aldığı haqda da məlumatlar var. Misal üçün, hərəkata informasiya dəstəyi verən “Acar Medya” və onun rəhbəri Məhəmməd Acar İranın dini dairələrinə yaxınlığı ilə seçilir. M.Acar mütəmadi olaraq, Azərbaycanda “dinin qadağan edildiyi” iddialarını irəli sürür, yaxud “İsrailə dost, İrana düşmən Azərbaycan” təbliğatını aparır. M.Acar Türkiyədə İrana bağlı “Kevser Kültür Mərkəzi” və “Əhli Beyt Alimlər Birliyi”nin televiziya kanalı olan “On4tv”-nin də aparıcısı olub. Kanal terror təbliğatı apardığı üçün bağlanıb.

Solçu-marksistlərlə İranmeylilərin təmsil olunduğu hərəkatın Türkiyədə xüsusilə dindar və millətçi kəsim üçün vacib olan Fələstin məsələsi ətrafında birləşməsi şübhələr yaradır. Və bunun iki mümkün səbəbi görünür.

Birincisi, Türkiyədə hakimiyyətə qarşı bütün etiraz elektoratını bir çətir altında birləşdirməyə çalışırlar: hərəkatda bir-birinə zidd ideologiya mənsublarının təmsil olunması da bundan qaynaqlanır;
İkincisi, motiv kimi Fələstin məsələsini seçməklə dindar və millətçi kəsimi Ərdoğan-Bahçalı ittifaqından uzaqlaşdırmağa, hakim partiyanın elektoratını bölməyə çalışırlar;

SOCAR-ın hədəf seçilməsi də Türkiyə ictimai rəyində - dindar və millətçi kəsimdə Azərbaycanla bağlı mənfi obrazın yaradılması və bu kəsimləri rəsmi Ankaranın Bakı ilə münasibətlərinə etiraz etməyə sövq etmək ola bilər. Bakı-Ankara xəttində problemlər xüsusilə Cənubi Qafqazda maraqlı güclərin gündəliyinə uyğundur. Bu baxımdan, hücumun təşkilatçısı olan “Fələstin üçün min gənc” hərəkatında təkcə ziddiyyətli ideologiyalar yox, həm də müxtəlif güclərin maraqlarının olduğunu demək mümkündür.

Asif Nərimanlı, siyasi şərhçi 

Paralel.az 

0.073633909225464