Habil Qurbanov: “Ulu Öndər Heydər Əliyevin islahatlar kursu ölkəmizdə müasir təhsil sisteminin formalaşmasında müstəsna rol oynamışdır”
“Azərbaycan tarixinə Milli Qurtuluş Günü kimi daxil olan 1993-cü ilin 15 iyunundan 31 il ötür. Bu, o tarixdir ki, həmin gün dövlətçiliyimiz yox olmaq təhlükəsindən xilas edilməsi üçün əsaslı sütunlar yarandı. Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyev öz xilaskarlıq missiyası ilə ölkəmizin müstəqilliyini qorudu, respublikada tüğyan edən ictimai-siyasi böhranı aradan qaldırdı və inkişafın təməlini qoydu. Ulu Öndər Heydər Əliyevin həyat yolu olduqca zəngin, mənalı və bacarıqlı siyasi lider, qüdrətli tarixi şəxsiyyət kimi yüksək insani-əxlaqi keyfiyyətləri özündə təcəssüm etdirən nümunə məktəbidir. Rəhbər limi Heydər Əliyevi başqalarından fərqləndirən mühüm bir keyfiyyət ondan ibarətdir ki, bu dahi insan iki fərqli siyasi sistemdə Azərbaycana rəhbərlik etmiş və hər bir dövrün ictimai-siyasi tələblərinə uyğun olaraq özünün bütün fəaliyyətini Azərbaycan Respublikasının yüksəlişinə, xalqın mənəvi-mədəni inkişafına həsr etmişdir. Ulu Öndər Heydər Əliyevin bütün siyasi və dövlətçilik fəaliyyəti çağdaş Azərbaycanın, Azərbaycan xalqının, milli dövlətçiliyimizin inkişafı və möhkəmlənməsi tarixidir.”
Bu sözləri Milli Qurtuluş Günü ilə əlaqədar saytımıza verdiyi açqlamasında Elmi Təşkilatların Birləşmiş Həmkarlar İttifaqı Komitəsinin sədri hüquq elmləri doktoru, professor Habil Qurbanov deyib.
Fikirlərini davam etdirən müsahibimiz ötən əsrin 90-cı illərinin əvvəllərində ölkəmizdə gedən dağıdıcı proseslərdən və bu proseslərin qarşısını almaq üçün Ulu Öndər Heydər Əliyev tərəfindən görülən tədbirlərdən bəhs edib:
“1991-ci ildə bərpa olunmuş dövlət müstəqilliyinin ilk aylarından şiddətlənən mürəkkəb hadisələr, idarəçilikdə yol verilən nöqsanlar 1993-cü ilin ikinci yarısına doğru böhran həddinə çatmışdı. Ölkədə getdikcə geniş miqyas alan anarxiyadan sui-istifadə edən təcavüzkar Ermənistanın silahlı quldur birləşmələri isə cəbhə xəttində həmlələrini gücləndirmişdi. Torpaqlarımızın etibarlı müdafiəsi təmin olunmamışdı. Orduda vahid komandanlıq yox idi. Belə bir taleyüklü məqamda növbəti yanlış və daha bir məsuliyyətsiz qərar dövlətçiliyimizin məhvi ilə nəticələnə bilərdi. Soydaşlarımızın minbir mərhumiyyətdən keçib gəlmiş azadlıq arzusu, müstəqillik amalı ilk addımlarındaca puç ola bilərdi. Çeşidli daxili və xarici düşmən qüvvələrin dağıdıcı həmlələri Azərbaycanı bir dövlət kimi məhv etmək üzrə idi. Xüsusən də müəyyən xarici qüvvələr Cənubi Qafqaz regionundakı maraqlarını daha böyük perspektivi olan Azərbaycanı parçalamaqla həyata keçirmək niyyətində idilər. Bunun üçün artıq müəyyən ictimai-siyasi zəmin də hazırlanmışdı. O zamankı hadisələr ölkədə hakimiyyətlə xalq arasında birliyin olmamasının, dövlət idarəçiliyində boşluğun hökm sürməsinin acınacaqlı nəticəsi idi. Cəmiyyətin mütləq çoxluğu öz düşüncəsi, ağlı ilə xilasolma istiqamətini – qarşıdurmadan milli birliyə, xaosdan sabitliyə, dağıntılardan quruculuğa aparan yolu seçdi. Xalq bu yola keçidin yeganə bələdçisi və təminatçısının Ümummilli Lider Heydər Əliyev olduğuna birmənalı qərar verdi. Beləliklə, Azərbaycana rəhbərliyi dövründə onu özü qurub-yaratmış, iqtisadiyyatını və mədəniyyətini əsaslı surətdə inkişaf etdirmiş qurucu lider, sovet dövlətinin ali rəhbərliyindəki seçilən fəaliyyətilə dünya şöhrətli siyasətçi kimi tanınmış, xarizmatik şəxsiyyəti və misilsiz xidmətləri ilə dövlətçilik tariximizdə ilk dəfə Ulu Öndər və Ümummilli Lider məqamına yüksəlmiş Heydər Əliyev xilaskarlıq missiyası ilə yenidən respublikanın ali idarəçiliyi sükanı arxasına qayıtdı. 1993-cü ilin tarixi 15 iyun günündən sonrakı mərhələdə Ulu Öndər ilkin olaraq xalqı vətəndaş müharibəsi təhlükəsindən, dövləti ağır siyasi-iqtisadi böhrandan qurtardı. Çox keçmədən xalqın mütləq əksəriyyətinin iradəsi ilə müstəqil Azərbaycanın Prezidenti seçilən Heydər Əliyevin legitim rəhbərliyi ilə respublikanın ictimai-siyasi həyatında sürətli sabitləşmə, hərtərəfli dirçəliş, böyük quruculuğun əsaslarının müəyyənləşdirilməsi proseslərinə start verildi”.
Daha sonra H.Qurbanov Azərbaycanın müasir təhsil sisteminin təşəkkül tapmasında Ulu Öndər Heydər Əliyevin rolundan danışıb:
“Ötən əsrin 70-ci illərindən etibarən 30 ildən artıq bir müddətdə Azərbaycanda elm, təhsil, mədəniyyət və iqtisadiyyatın təşəkkülü və inkişafı bilavasitə Ümummilli Lider Heydər Əliyevin adı ilə bağlı olmuşdur. Ulu Öndərimizin genişmiqyaslı fəaliyyətində təhsilin inkişafı prioritet sahə kimi mühüm yer tuturdu. Təhsilin cəmiyyətin inkişafında rolunu və şəxsiyyətin formalaşmasında əhəmiyyətini daim yüksək qiymətləndirən dahi rəhbərin qəbul etdiyi qərarlar, uzaqgörənliklə irəli sürdüyü konseptual fikirlər və ideyalar, tarixi tövsiyələr bu gün də ölkəmizdə təhsil islahatlarının əsas istiqamətlərinin müəyyənləşdirilməsinə öz töhfəsini verməkdədir. Artıq 21 ildir ki, əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulmuş siyasi və iqtisadi kurs ölkəmizdə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla inkişaf və davam etdirilir. Azərbaycanın iqtisadi inkişafı, ölkədə bərqərar olmuş siyasi sabitlik bütün digər sahələr kimi təhsil sisteminin təşəkkülünə və islahatların aparılmasına da zəmin yaratmış, bu sahədə əsaslı nailiyyətlərin əldə edilməsinə səbəb olmuşdur. Azərbaycanda təhsilin inkişaf tarixinin təhlili göstərir ki, Ulu Öndər Heydər Əliyevin bütün islahat təşəbbüsləri möhtərəm Prezidentimiz cənab İlham Əliyev tərəfindən yeni müstəvidə və beynəlxalq təcrübə əsasında davam və inkişaf etdirilmiş, ölkəmizin tərəqqisinə böyük töhfələr vermişdir. Birmənalı olaraq demək lazımdır ki, bu gün, Azərbaycan öz ərazi bütövlüyünü təmin etdikdən sonra artıq bütün sahələrdə olduğu kimi, ölkənin təhsil sahəsini də yeni, daha dinamik inkişaf dövrü gözləyir” – deyə, Habil Qurbanov fikirlərini tamamlayıb.
Paralel.az