Ürəklə bağlı bu əməliyyat pulsuz oldu
Ürək damarlarında yaranmış tıxanıqlığı aradan qaldırmaq üçün stentləşmə əməliyyatı (angioplastika) icbari tibbi sığorta ilə ödənişsiz icra olunur. Bura dərman ifraz etməyən və dərman ifraz edən stentlər də daxildir.
Bu barədə İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyindən məlumat verilib.
Bildirilib ki, xəstəliyin diaqnostikası üçün əməliyyatdan əvvəl təyin olunan exokardioqrafiya (ExoKQ), elektrokardioqrafiya (EKQ), USM, holter monitorinq, tredmil test, koronaroqrafiya, aortoqrafiya, koronar arteriyalarda damardaxili təzyiqin ölçülməsi kimi funksional diaqnostik, rentgenoloji müayinələr və laborator analizlər icbari tibbi sığorta ilə ödənişsiz aparılır.
Əməliyyat zamanı reanimasiya, stasionarda yatış və bu zaman istifadə olunan dərman, tibbi sərf, həmçinin zəruri müayinələr icbari tibbi sığorta ilə qarşılanır. Həmçinin pasiyentin və 12 yaşa qədər uşaqları müşayiət edən şəxsin qidalanması icbari tibbi sığorta ilə ödənişsizdir.
Qeyd edək ki, stentin qoyulması əməliyyatı Yeni Klinika, Kliniki Tibbi Mərkəz, Mərkəzi Neftçilər Xəstəxanası, Lənkəran Rayon Mərkəzi Xəstəxanası, Şirvan Şəhər Mərkəzi Xəstəxanası, M.A.Topçubaşov adına Elmi Cərrahiyyə Mərkəzi və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin müqaviləli tibb müəssisələrində (özəl və müvafiq dövlət orqanlarının tabeliyində olan tibb müəssisələrində) göndəriş əsasında icra olunur.
Məlumat üçün bildirək ki, stent bədənin müxtəlif hissələrindəki tıxanmış və ya daralmış damarların açılması və qan dövranının yaxşılaşması üçün yerləşdirilən və xüsusi materialdan hazırlanmış nazik borudur.