Bizə elm lazımdırmı? - Dos. İlham Əhmədov 

Bizə elm lazımdırmı? - Dos. İlham Əhmədov 
 

"Biz proseslərə yox, nəticələrə investisiya edəcəyik" (ETN E. Əmrullayev).

Bir nəfərin gücü ilə olan, nisbətən asanlıqla əldə edilən elmi kəşflər artıq uzaq keçmişdə qalmışdır. Müasir elmi problemlər əsasən elmlərin sərhəddində yerləşir, müxtəlif sahələrdən olan insanların birgə fəaliyyətini, daha güclü və bahalı avadanlıqların tətbiqini tələb edir.
Çox vaxt bu avadanlıqlardan kollektiv istifadəyə ehtiyac olur.
Belə mürəkkəb və sürətli inkişaf dövründə elmi kəşflər də kollektiv fəaliyyət nəticəsində mümkün olur. Amma hər belə kollektiv fəaliyyət elmi kəşflə nəticələnməyə də bilər.
Biz proseslərə yox, nəticələrə investisiya ediriksə, bilməliyik ki, 35 il heç bir investisiya edilməyən elm və təhsil sektorundan yaxın 10 ildə kəşf, hər hansı ciddi elmi nailiyyət gözləmək sadəlövhlükdür.
Əgər proseslərə investisiya olmasa, heç 50 ilə də nəticə olmaya bilər. Ona görə də nəticəyə yox, proseslərə investisiya qoyulmalıdır.
Avropada belə düşünə bilərlər ki, biz nəticələrə maliyyə ayırırıq. Çünki, onların elm və təhsilində 35 illik gerilik yoxdur. Onlar bu prosesləri 35 il fasiləsiz və yüksək səviyyədə maliyyələşdiriblər.
İndiki vəziyyətdə biz elmə heç bir yatırım etmədən nəticə gözləməli olsaq, yaxın illərdə elm tam çökəcək.
10 ildən sonra sovet dövründə yetişən alimlər artıq tam heyətlə təqaüddə olacaqlar. Ümid kimədir görəsən?
Normal məktəb əvəzinə repetitor yanında yarımçıq orta təhsil alan, sonra da heç bir tədqiqat aparılmayan reytinqsiz universitetlərdə ali təhsil alan məzunlaramı?
İnvestisiya belə kadrlaramı ediləcək?
Bu sahələrə 35 ildə edilməli investisiya yaxın 10 ildə intensiv olaraq edilsə, bəlkə də 15-20 ildən sonra tədricən nəticələr yarana bilər (unutmayaq ki, Qərb ölkələrində bu müddət ərzində elm intensiv inkişaf etmişdir, bu gün də inkişaf davam edir).
Digər tərəfdən elmi kadrların nəsilləri arasında varislik məsələsi də təmin edilməlidir.
Bu halda innovasiyaların yaranması da mümkün ola bilər.
Amma bu gün unutmayaq ki:
"Təhsil olmayan yerdə, innovasiya olmaz". (ETN Əmrullayev).
Heç bilmirik hansı problemlərdən danışaq, bir deyil, iki deyil...

Paralel.az 

0.022993087768555