Altı direktor və dörd direktor müavini işdən çıxarıldı
Orta ixtisas təhsili müəssisələrində keçirilən ilkin monitorinqlər yekunlaşıb.
Bu barədə Elm və Ali Təhsil üzrə Dövlət Agentliyindən məlumat verilib. Bildirilib ki, Bakı şəhərində yerləşən 14 orta ixtisas təhsil müəssisəsində monitorinq keçirilib.
Bununla da Agentliyin tabeliyində fəaliyyət göstərən orta ixtisas təhsili müəssisələrində ötən ilin sonundan etibarən keçirilən ilkin monitorinqlər yekunlaşıb.
Monitorinqlər zamanı kolleclərin maddi-texniki bazasına və bir sıra tədris sənədlərinə baxış keçirilib, eləcə də tədris prosesi izlənilib. Nəticədə Ağdam Dövlət Sosial-İqtisadi Kolleci, Azərbaycan Dövlət İqtisad Universitetinin (ADİU) nəzdində Sosial-İqtisadi Kolleci, ADİU-nun nəzdində Qida Sənayesi Kolleci və ADİU-nun nəzdində Azərbaycan Maliyyə-İqtisad Kollecinin direktorları və Azərbaycan Dövlət Pedaqoji Universitetinin nəzdində Azərbaycan Dövlət Pedaqoji Kolleclərinin tədris işləri üzrə direktor müavini vəzifəsindən azad edilib.
Qeyd edək ki, monitorinqlər ölkə üzrə 35 orta ixtisas təhsil müəssisəsində keçirilib və nəticələr barədə ictimaiyyət mütəmadi olaraq məlumatlandırılıb. Monitorinqlər nəticəsində ümumilikdə 6 direktor və 4 direktor müavini ilə bağlanmış əmək müqaviləsinə xitam verilib.