Britaniya əks-kəşfiyyatına İran, Çin və Rusiyadan olan casuslara diqqət yetirmək tapşırılıb

Britaniya əks-kəşfiyyatına İran, Çin və Rusiyadan olan casuslara diqqət yetirmək tapşırılıb
 

Britaniya hökuməti milli əks-kəşfiyyat xidməti MI5-ə səylərini ilk növbədə terrorçuluqla deyil, İran, Çin və Rusiyadan olan casuslarla mübarizəyə yönəltməyi tapşırıb.

“Report” xəbər verir ki, bu barədə “The Daily Telegraph” qəzeti hökumətdəki mənbələrə istinadən məlumat yayıb.

Onlara görə, Ukraynadakı müharibə, Böyük Britaniyada fəaliyyət göstərdiyi iddia edilən Çin agentlərinin sayının artması və İranın xaricdəki siyasi rəqiblərinə təzyiq etmək üçün mütəşəkkil cinayətkarlıqdan istifadə etməsi MI5-in diqqətinin dəyişməsinə səbəb olub.

Nəşrin həmsöhbətinin sözlərinə görə, nazirlər kəşfiyyat xidmətindən “səylərinin çoxunu casusluq təhlükəsinə, xüsusən də Çin, Rusiya kimi dövlətlərin və bu yaxınlarda İrandan gələn təhlükəyə yönəltməyi” xahiş ediblər. Qəzetin mənbəsi izah edib ki, “terrorizmlə mübarizə prioritet deyil”, lakin əsas yox, paralel diqqət obyektinə çevrilib.
“Onların iş yükü bu istiqamətdə dəyişib”, – “The Daily Telegraph”ın həmsöhbəti söyləyib.

O qeyd edib ki, Rusiyanın Böyük Britaniyaya marağı Londonun Kiyevə fəal dəstəyi ilə bağlıdır. “Nə qədər çox məşğul olursan, bir o qədər diqqət mərkəzində olursan”, – mənbə bildirib.

Qəzet həmçinin Britaniyada casusluq etdiyi iddia edilən saysız-hesabsız Çin agentlərinin olduğunu iddia edir. Kəşfiyyat mənbələri nəşrə bildiriblər ki, çinli agentlər elmi ictimaiyyətdə (həm tələbələr, həm də müəllimlər), biznesdə və hətta sənət aləmində mövcuddur.

Məqalədə başqa bir hökumət mənbəsinin fikrinə istinad edilir, o, təkcə Çinin Böyük Britaniyadakı səfirliyində 20-yə qədər casusun fəaliyyət göstərdiyini və “Çin kəşfiyyat xidmətləri tərəfindən işə götürülən agentlərin, mülki şəxslərin sayının yüz minlərlə ola biləcəyini” söyləyir.

 

0.075340032577515