19 saylı Polikilinkada biyabırçılıq: Direktor işə gəlmir!
Polikilinkada müharibə veteranlarının adı gələndə həkimlər nifrət edirlər
Bakının Yasamal rayonunda yerləşən, TƏBİB-in tabeliyində olan 19 saylı polikilinkada vəziyyət son dərəcə dözülməzdir. Bakı şəhərinin göbəyində yerləşən və Yasamal rayonunun dörd yüz min nəfərə yaxın sakininə tibbi xidmət göstərən bu tibb müəssisəsinin yaşayış binasının çox dar birinci mərtəbədə yerləşməsi xəstələrə və həkimlərə hörmətsizlikdir!
Əvvəla, 19 saylı polikilinkada rəhbərlik yoxdur, direktor Aytən Qurbanovanı iş yerində tapmaq mümkün deyil. Polikilinkanın baş direktoru Aytən Qurbanova sabiq deputat Fərhad Qurbanovun qızıdır. Atası sabiq deputat olduğuna görə, qızın iddiası yerə-göyə sığmır. Həddini o qədər aşıb ki, hətta tibb müəssisənin möhürünü vurmaq səlahiyyətini katibəyə verib.
Son 2 ildir hər ay şəkər iyənəsini və dərmanları almağa gedəndə baş həkimin qəbuluna düşmək belə, müşküldür. Hər dəfə dərman qəbzlərini direktor möhürləməlidir, lakin dərman qəbzlərinə möhürü direktor yox, katibə vurur. Bu, onu göstərir ki, direktor vəzifənin məsuliyyətini hiss etmir. TƏBİB rəhbərliyisə, 19 saylı polikilinkaya nəzarət etmir.
Polikilinikanın direktorunu axtaranda katibə eyni sözü təkrar edir: "Dorektor nazirlikdə iclasdadır"! Polikilinkaya nəzarət özbaşına buraxılıb, işçi və qulluqçular məsuliyyət hiss etmirlər.
Ümumiyyətlə, Azərbaycanda səhiyyə sistemində TƏBİB və Səhiyyə Nazirliyi arasında iki hissəyə bölünmüş tibb sahəsində "bezpridel"dir. Atalar yaxşı deyib ki, "İki yerə baxan çaş olar"! Əgər 19 saylı Polikilinika TƏBİB-ə tabedirsə, baş direktor Aytən Fərhad qızı Qirbanovanı da TƏBİB ( Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi) polikilinikaya direktor təyin edibsə, nə üçün katibə insanları aldadır, direktorun Səhiyyə Nazirliyində iclasda olduğunu deyir?!..
Şəkər həkimi, səhv etmirəmsə, 4 nəfərdir, 2 nəfər səhər, 2 nəfər isə günün ikinci növbəsində işləyir. Həkim Nağıyeva Nazilə Şakir qızı 19 saylı Polikilinkada 20 saylı darısqal bir otaqda başqa bir həkimlə bərabər oturur. Eyni zamanda, həmin dar otaqda 2 nəfər tibb bacısı da işləyirlər, onlar xəstələrin qeydiyyatını aparırlar.
Müharibə veteranı, II qrup əlil kimi şəkər dərmanlarımı nöbədənkənar almalı olduğum halda, Aytən adlı tibb bacısının ləngitməsilə düz bir saat xəstələrin arasında gözlədikdən sonra 20 saylı otağın qapısını kəsən şəkər xəstələrinin növbədə yaratdığı sıxlıqda çətinliklə üzləşdim.
Tibb bacısı Aytən nöbəti dəfə otağın qapısını açıb, çölə çıxanda, kənar şəxslərin sənədlərini xəstələrin başı üzərindən alanda, qanunsuzluq etdiyi barədə irad bildirdim. Tibb bacısı Aytən iradpma cavab olaraq 20 saylı otağın qapısını çöldən açarla bağladı və dedi:" Get, kimə istəyirsən şikayət et"! - deyib, rəfiqəsilə söhbət edə-edə getdi.
Məcbur qalıb, direktor otağına getdim. Katibə həmişə dediyi sözü təkrar etdi: "Direktor Nazirliyə gedib"- dedi və məni birinci müavin Yeğanənin yanına göndərdi.
Birinci müavin Yeganə xanımın oturduğu 5-ci otağın qapısını döydüm və içəri daxil oldum. Yeganə xanım otaqda bir xəstə kişilə söhbət edir və qarşısındakı anketi doldururdu. Tibb bacısı Aytənin mənə qarşı etdikləri barədə ona məlumat verdim. Yeganə xanım əvvəl "müharibə veteranı" vəsiqəni istədi və vəsiqəyə baxandan sonra mobil telefonu ilə tibb bacısı Aytənə zəng etdi, adımı, soyadımı dedi və növbəsiz həkim qəbuluna salmağı dedi.
Yenidən 20 saylı otağın qapısına qayıtdım. Nəhayət, 20 saylı otağın qapısını açıb, çölə çıxan, "get, kimə istəyirsən şikayət et" - deyən tibb bacısı Aytən məni otağa dəvət etdi və həkim sənədlərini alıb, qeyd etməyə başladı. Mənə oturmağa stul göstərdilər. Bir az keçmiş tibb bacısı Aytənin mobilinə zəng gəldi və gülə-gülə həkimə dedi ki, "mənə zəng edib, dedilər ki, aprel döyüşlərindən çıx, bura gəl, gedim görüm, nə deyirlər" - dedi və bir daha geri dönmədi.
Tibb bacısının əlindəki qeyd jurnalına imza atıb, sənədləri götürdüm, 5-ci otaqda oturan birinci müavin Yeganəyə imza atdırıb və direktorun qəbul otağındakı katibəyə möhür vurdurub, üz tutdum polikilinkadakı aptekə.
Əziz oxucular, Bakının Yasamal rayonunda, yaşayış binasının çox darısqal birinci mərtəbəsində yerləşən, TƏBİB-in tabeliyində olan 19 saylı Polinikada hər ay xəstələrin başına gətirilən oyunlar barədə danışdım. Allah bu xalqa rəhm eləsin, ayrı nə etmək olar ki?!...
Şikayətçi: Qazi Abbas