Blinken Ukrayna ilə bağlı danışıqlar aparmaq üçün Moldova və Çexiyaya səfər edir
ABŞ dövlət katibi Entoni Blinken mayın 29-da Moldovaya səfər edərək prezident Maya Sandu və digər yüksək vəzifəli şəxslərlə görüşəcək.
Qaynarinfo xəbər verir ki, bu barədə “Reuters” yazır.
Qeyd olunur ki, Kişinyov səfəri Blinkenin qısa Avropa turnesində ilk dayanacağı olacaq və bu səfər zamanı o, NATO müttəfiqləri və qonşu ölkələr arasında Qərbin Ukraynaya dəstəyini gücləndirməyə çalışacaq.
Moldovadan sonra Blinken Praqaya səfər etməyi planlaşdırır və burada iyulda Vaşinqtonda keçiriləcək sammitə hazırlıq məqsədilə NATO xarici işlər nazirlərinin qeyri-rəsmi görüşündə iştirak edəcək.
“Reuters”in məlumatına görə, görüşdə NATO ölkələrinin nümayəndələri Ukraynanın Rusiya ərazisindəki hədəflərə Qərb silahlarından atəş açmasına icazə verilməsini müzakirə edə bilərlər.
ABŞ Dövlət Departamenti daha əvvəl Blinkenin mayın 28-də Moldova və Çexiyaya səfər edəcəyini açıqlamışdı. O, Avropa rəsmiləri ilə Ukraynaya gələcək dəstəyi müzakirə edəcək.
Səfərlər ABŞ prezidenti Co Bayden administrasiyasının Rusiyanın Ukraynaya yeni hücumu səbəbindən “qırmızı xətləri” ləğv etməyi düşündüyü barədə məlumatlar fonunda baş verir.
“The Washington Post” mayın 28-də yazıb ki, ABŞ Moskvaya əsas texnologiyaların tədarükünə görə Çinə qarşı sanksiyalar tətbiq edə, habelə Ukraynanın Rusiyadakı hədəflərə zərbələr endirmək üçün Amerika silahlarından istifadəsinə qoyulan məhdudiyyətləri aradan qaldıra bilər.