Təhsil problemlərinın kökü görün nə imiş?
Hərdən bədii yaradıcılıqla da məşğul olmaq lazımdır. Mən heç vaxt buna cəhd etmədim. Amma FB-də bir status gördüm, ona şərh yazdım, sonda gördüm ki, satirik hekayəyə oxşayan bir yazı alınıb. Qərara gəldim ki, bu yazını dostlarla paylaşım.
Ola bilər ki, bəzi oxucular bu yazıya gülər, amma reallıqlara əsaslanan hadisədir. Ona görə də gülməli yox, ağlamalı hekayədir. Bizim ədəbiyyatda belə yazılar 120 il əvvəl olardı. Görünür tarix təkrar olunur: gah faciə, gah da komediya kimi.
Şəxsən mən 30 il əvvəl düşünməzdim ki, gələcəkdə təhsilimiz bu duruma düşə bilər.
Bir nəfər FB istifadəçisi yazır:
" Bu Hadisə Göyçay peşə liseyində baş verib. Təhsil müəssisəsinin həyətindən üzərində ərəb əlifbası ilə yazılmış sözlər olan kağız parçaları tapılıb. Məktəb rəhbərliyi iclas keçirib ki, bəs cadunu kim basdırıb torpağa?
Məsələyə dövlət qurumları da qarışıb, araşdırma aparılır.
Jurnalistlər də gedib təhsil ocağına, məsələnin dərinliyini öyrənməyə.
Liseyin işçilərindən biri deyir ki, bu təhsil müəssisəsinə girən hər kəsi yuxu basır, sən demə cadudan imiş."
Mən təbii ki, cadu, tilsim v.s. fokuslara inanmıram, hərçənd İnternetdə hətta bir çox nazirlərin belə "innovativ texnologiya"lardan sistematik istifadəsi barədə xeyli videolar da var.
Niyə bu statusa diqqət etdim?
30 ildir təhsilimiz tənəzzül edir, təhsil nazirliyi də nə qədər "çalışır", "vuruşur" bir şey əldə edə bilmir.
Bu məlumatı oxuyanda məndə bir fikir yarandı. Mənə elə gəlir ki, bu durum (yuxu gəlməsi) tək Göyçay peşə liseyi deyil, bütün təhsilimizdə özünü göstərir. Azərbaycanın bütün təhsil sistemi 30 ildir yuxu içindədir. Görünür Xarici düşmənlərimiz paxıllıqdan bu tilsimi yapıblar ki, xalqımız inkişafdan geri qalsın, ölkə savadsızlar diyarına çevrilsin, gənclərin tərbiyəsi pozulsun, 4500 məktəb tikib istifadəyə verilsə də yeni məktəblərdə normal tədris prosesi olmasın, məktəblər repetitorxanalara dönsün, müəllimlər büfuzdan düşsün, 20 ildə heç bir universitetimiz yüksək reytinq qazanmasın, bütün dünyadan fərqli olaraq heç vaxt bizdə distant təhsil yaranmasın, təhsilə aidiyyatı olmayanlar kütləvi halda bu sistemi idarə etsin, 4,5 milyard büdcə səmərəsiz xərclənsin v.s.
Bəzən mürəkkəb problemlərin çox sadə izahı olurmuş. Biz də 20 ildir təhsilin inkişafı üçün çalışırıq, məqalələr yazırıq, mübarizə aparırıq, sən demə təhsilin məhv olmasında, nazirliyin "günahı" heç yox imiş, biz də düşmüşük zavallı menecerlərin üstünə.
Allah Göyçay peşə liseyinin direktorundan razı olsun, gözümüzü həqiqətlərə açdı.
Təklif edirəm bütün təhsil müəssisələrində bu məqsədlə təcili monitorinqlər aparılsın. Yəqin çox məktəblər Göyçay peşə liseyinin vəziyyətindədir.
Bu monitorinqdən sonra təhsilimiz nəhayət ki, inkişaf edər.
Dos. İlham Əhmədov
Paralel.az