Azərbaycanda hotellərə ulduz dərəcəsi hansı meyarlara görə verilir?

Azərbaycanda hotellərə ulduz dərəcəsi hansı meyarlara görə verilir?
 

"Turizm haqqında" qanuna görə, ölkə ərazisində fəaliyyət göstərən hər bir mehmanxana (hotel) fəaliyyətə başladığı tarixdən altı ay ərzində ulduz kateqoriyası əldə etməlidir.

Bunun üçün müəyyən meyarlar nəzərdə tutulub.

Dövlət Turizm Agentliyinin sədr müavini Azadə Hüseynova jurnalistlərə açıqlamasında 200-ə yaxın hotelin təsnifatdan keçirilərək ulduz dərəcəsi aldığını deyib. Qurum nümayəndəsi 40-a yaxın hotelin təsnifatdan keçə bilmədiyi və nöqsanları aradan qaldırmaq üçün vaxt verildiyini qeyd edib.

Bəzi ölkələrdə hotelin xidmət səviyyəsi fərqli simvollarla göstərilir. Böyük Britaniyada hotellərdə xidməti taclarla, Hindistanda ballarla qiymətləndirilir. Bizdə isə ulduzun sayı hotelin xidmət səviyyəsinin göstəricisidir. Bəzən isə hotelin ulduzlarının göstərilən xidmət və keyfiyyətlə uyğunlaşmadığını deyirlər.

Ümumiyyətlə, hotellərə ulduz dərəcəsi hansı meyarlara görə verilir?

Mövzu ilə bağlı bizim.media-ya danışan turizm məsələləri üzrə ekspert Ceyhun Aşurov bildirib ki, burada 300-ə yaxın meyar var:

"Təsnifatlaşdırma məsələsi Azərbaycan Hotellər Assosiasiyasına həvalə olunub. Orada bir komissiya yaradılır və hotellərə baxış keçirilir. Yataqların təmizliyi, otaqların genişliyi, hotelin özünün mövcud şəraiti, personal, hotellərdəki imkanlar nəzərə alınır. Ulduza görə kriteriyaların uyğunluğuna baxılır. Binanın özünə görə ayrı, xidmətə görə ayrı qiymətləndirmə var. Ümumi olaraq bir qiymətləndirmə çıxarılır. Hotelə rəy barədə məlumat verilir. Bu nöqsanlar aradan qaldırılarsa, təkrar baxış keçirilə bilər".

Ekspert bildirib ki, ulduz dərəcələrinin verilməsi prosesi sürətli aparılır:

"Azərbaycanda 750-ə yaxın hotel var və bu prosesi tezləşdirmək istəyirlər. Meyarlar kifayət qədər sərtdir, komissiyanın işi çətindir. "Turizm haqqında" yeni qanuna əsasən hotellər təsnifatlandırmadan keçməlidirlər. Sağlam rəqabət mühitinin qorunması üçün yaxşı bir addımdır".

 

0.098883152008057