Çobanın meyli olsa... 

Çobanın meyli olsa... 
 

30 ildir universitetlərdə elmi tədqiqatlara pul ayrılmır. Nazirlik özü də bunu dolaysı ilə təsdiq edir. Universitetlərdə də təbii ki, bunun nəticəsində elm məhv olub ( təhsil də həmçinin).
Yaxın 2 il ərzində 2 "Tədqiqat Universiteti"nin (TU) yaradılması məsələsi gündəmdədir (məlum strategiyaya görə). NK 7 il əvvəl TU-nin yaradılması meyarlarını təsdiq edib. Bu meyarlar çox yumşaqdır, beynəlxalq tələblərdən xeyli asandır. Amma bu tələblə də 7 ildə 1 universitet ödəyə bilmədi, heç bir ATM TU statusunu ala bilmədi.
Nazirliyin ATM-də elmin inkişafı ilə əlaqədar qəribə yanaşması var: "biz proseslərə yox, nəticələrə investisiya qoyacağıq". (E. Əmrullayev).
Bu səhv fikirdir.
30 il maliyyələşməyən elm hansı nəticə verə bilərdi ki?
Proseslərə investisiya qoyulmalıdır ki, müəyyən nəticələr olsun. İnvestisiyaları artırmaqla və onların təyinatı üzrə xərclənməsinə ciddi nəzarət etməklə (indiyə qədər olan "nəzarət"dən yox, əsl nəzarət) tədricən nəticə alına bilər.
20 il əvvəl TN 50 ATM-də elmin inkişafı üçün ildə 2 milyon manat ayırırdı (təxminən hər universitetə 40-50 min manat düşürdü). Müqayisə üçün bildirək ki, reytinqli xarici universitetlərdə 1 elmi laboratoriyanın illik büdcəsi 50-100 milyon dollardır. 50 min manat bir elmi jurnalın nəşrinə heç çatmaz.
İndi də ETN deyir ki, 50 universitetə elmin inkişafı üçün 8 milyon manat pul vermək istəyirik (20 illik inflyasiyanı nəzərə alsaq, eyni dəyər alınır). Amma 5 aydır ETN bunu müzakirə edir, sanki, ATM-n qoyur ki, siz buna layiq deyilsiniz, amma biz sizə jest edirik.
ETN problemin "kökü"nü deyəsən tapıb axı. Deyirlər ki, ATM-nin maliyyələşməsi adambaşına maliyyələşmə prinsipi ilə olduğu üçün indiyə qədər universitetlərdə elmə pul verilməyib. Azərbaycanın ali təhsil müəssisələri uzun müddətdir kadr hazırlığına fokuslanıb: "Universitetlərdə elmi tədqiqat sahəsində ən böyük problem adambaşına maliyyələşmədir. Biz ali təhsil müəssisələrində elmi tədqiqatın keyfiyyətini artırmaq istəyiriksə, maliyyələşməyə də diqqət edilməlidir."
Bunu problem edib, deyəsən 2-3 il də bunun müzakirəsi ilə vaxtı uzadacaqlar. ATM-nin büdcəsi və tələbənin təhsil haqqı hesablananda Maliyyə nazirliyi universitetlərdə elmin inkişafı üçün büdcənin 25 -30 faizi həcmində əlavə olaraq pul ayırmalı idi. Bu 30 il ərzində belən olsaydı, ATM-də elm bu günə düşməzdi.
Təbii ki, istək olsaydı, həll də olardı. Necə ki, elmin inkişafına 40 min manat tapmayan universitetlərdən hər il nazirlik öz təsis etdiyi fonda zorla pul qoparırdı. Elmin maliyyələşməsi problemini görməyə 25-30 il vaxt lazım idi?
Sanki, 25-30 il bağa su verilməyib, ağaclar quruyub. ETN də deyir ki, ağaclar (ATM) məhsul versin ( ATM elmi nəticə versin), sonra biz bu bağı su verək?
Burda deyirlər, çobanın meyli olsa ...

Dos. İlham Əhmədov 

Paralel.az 

0.016035079956055