Paşinyan həmin xəritəni parlamentdə göstərdi
Ermənistanın Baş naziri Nikol Paşinyan Azərbaycanla sərhədin delimitasiyası prosesinin həyata keçirildiyi xəritəni göstərib.
“Sputnik-Armeniya” xəbər verir ki, o, bu haqda parlamentdə hökumət saatı zamanı danışıb.
Paşinyan bildirib ki, o, Tavuşda güzəştlər barədə ittihamları qəbuledilməz və məntiqsiz hesab edir, çünki mövcud dövlət sərhədi de-yure bərpa olunur:
“Mən bunu uğur hesab edərdim, çünki Ermənistan tarixində ilk dəfə danışıqlar yolu ilə sərhədi yaradır, suverenliyin, dövlətçiliyin və gələcək inkişafın əsasını qoyur”.
Onun sözlərinə görə, Ermənistan 1991-ci ildə Alma-Ata Bəyannaməsinə qoşulmaqla Sovet Ermənistanının sərhədləri daxilində müstəqil ölkəyə çevrildiyini bir daha təsdiqləyib:
“1991-ci ildə Ermənistan və Azərbaycan SSR arasında de-yure sərhədlər var idi və biz de-yure bu sərhədin bütün əsaslarını qaldırdıq, yoxladıq və yer üzündə “sərhəd keçdiyi yerdən keçir” prinsipi ilə bərpa etdik”.
“Ermənistanın suveren ərazisi delimitasiya olunmuş ərazilərdədir”, - Paşinyan əlavə edib.