Qəza, yoxsa sui - qəsd?... – Rəisi İran hakimiyyəti daxilində kimlərin səbrini daşırmışdı?
Mayın 19-da İran Prezidenti Seyid İbrahim Rəisi, Xarici İşlər naziri Əli Abdulhayan və onları müşaiyət edən rəsmi şəxslərin helikopter qəzasında həlak olması dünya gündəminin əsas mövzusudur. Prezidentin helikopterinin necə olub qəzaya düşməsi sirr pərdəsinə bürünüb. Hələlik qəzanın dəqiq səbəbləri məlum deyil. Nə helikopterin “qara qutusu” oxunub, nə də hökumət olaya aydınlıq gətirən açıqlama yayıb. Ancaq media, ekspertlər faciə ilə bağlı müxtəlif versiyalar irəli sürür. Onların içində pis hava şəraitindən dolayı adi qəza, İran rejiminin daxilində rəqabətdə olan antoqonist qüvvələrin planlı sui-qəsdi, xarici kəşfiyyatın törətdiyi təxribat kimi mülahizələr üstünlük təşkil edir.
Hərbi ekspertlər Prezidentin istifadə etdiyi helikopterin hədsiz köhnə və müasir təhlükəsizlik avadanlıqları ilə təchiz olunmamasına diqqət çəkirlər. Qeyd olunur ki, İran ABŞ-dən bu nəqliyyat vasitələrini 1970-ci illərin əvvəlindən almağa başlayıb. Amma İslam inqilabından sonra istehsalçı ölkə ilə münasibətlərin hədsiz pisləşməsi səbəbindən onların modernləşdirilməsi həyata keçirilməyib, İran öz daxili imkanları hesabına helikopterləri təmir və rekonstruksiya etməyə çalışıb.
Mayın 19-da müşaiyət olunan kəskin hava şəraitində sözügedən helikopterin qəzaya uğraması mümkündür. Bəzi ekspertlər də bu fikirdədirlər ki, təbii səbəblər ortalıqda olarkən olayla bağlı hansısa konspiroloji nəzəriyyələr irəli sürmək doğru deyil. Ancaq məsələ ondadır ki, prezidentin helikopterini qəzaya aparan çoxsaylı xətalar mövcuddur.
O zaman ortaya əsaslı suallar çıxır:
Birincisi, Prezidenti, xarici işlər nazirini və başqa dövlət rəsmilərini elementar təhlükəsizlik sisteminə malik olmayan nəqliyyat vasitəsinə minməyi kim uyğun görüb?
İkincisi, təyinat yerinə (Azərbaycanla dövlət sərhədinə - red) Təbrizdən cəmi 170 kilometrə qədər məsafə olduğu halda niyə avtomobilə deyil, helikopterə üstünlük verilib? Prezident və xarici işlər nazirinin eyni helikopterə minməsi dövlət protokoluna zidd olduğu halda buna niyə şərait yaradılıb?
Üçüncüsü, Prezidentin səfər günündə hava şərtləri əvvəlcədən öyrənilir və ona uyğun tədbirlər görülür. Mayın 19-da hava şəraiti ilə bağlı məlumat hansı səbəbdən nəzərə alınmayıb? Prezidentin əyləşdiyi helikopterin hansı marşrutla hərəkət edəcəyi, həmin ərazidə havanın necə olacağı əvvəlcədən öyrənilir. Bu halda niyə helikopterin qəzaya düşmə ehtimalı olan marşrut seçilib? Son məlumatlarda pilotun marşurutu dəyişdiyi iddia edilir. Pilot bunu özbaşına edib, yoxsa yönləndirilib?
Dördüncüsü, eyni protokol üzrə uçuş həyata keçirərək dövlət nümayəndələrini aparan daha iki helikopterin pilotları ilə təmasların olub-olmadığı, onların nədən eyni marşrut üzrə və bir-biri ilə yaxın məsafədə hərəkət etmədikləri məlum deyil.
Beşincisi, İran hakimiyyətinin ilkin reaksiyası faciənin miqyasına adekvat olmadı. Ölkənin Ali dini rəhbəri Xameneyi ilk çıxışında baş verən hadisənin dövlətin təhlükəsizliyinə təhdid yaratmadığını bildərərək, onun əhəmiyyətini aşağı salmağa çalışdı.
Altıncısı, helikopterin harada qəzaya düşdüyünü uzun müddət müəyyən etmək mümkün olmayıb. Türkiyənin nəqliyyat və infrastruktur naziri Abdulkadir Uraloğlu bunun səbəbini helikopterin siqnal sisteminin söndürülməsi ilə izah edib. Sual olunur, kim və niyə helikopterin siqnal sistemini söndürüb və ya aktiv etməyib?
Bu və digər arqumentlər hadisənin təsadüf nəticəsində baş verən qəza və ya xarici kəşfiyyat qurumları tərəfindən planlaşdırılan terror aktı olması barədə versiyaları ikinci plana keçirir. Ön plana hadisənin təşkil olunduğu, Prezident Rəisinin İran rejiminin daxilindəki müəyyən qruplar tərəfindən sui-qəsdə uğradığı versiyası çıxır.
Bu versiyanı incələmək üçün mərhum Prezidentin xarici siyasətdəki dəsti-xəttinə, faciənin nə vaxt baş verdiyinə, eləcə də, son illər ərzində daxili intriqaların xarici siyasətdəki təzahürlərinə diqqət etmək lazım gəlir.
İbrahim Rəisi Mühafizəkarların təmsilçisidir, 3 il əvvəl hakimiyyətdə (2021-ci il 18 iyun) mötədil Həsən Ruhanini əvəz edib. Hakimiyyətin ilk illərində şəriət qaydalarının möhkəmləndirilməsi barədə qərarların müəllifi olub. 2022-ci ilin oktyabrında baş verən və aylarla davam edən qanlı etiraz aksiyalarının da əsas səbəbi hakimiyyətin repressiv tədbirləri ilə bağlıdır.
Ekspertlərə görə, sərt xətt tərəfdarı Rəisinin xarici siyasətdə uzlaşmaq, qonşu ölkələrlə problemləri sıfır həddinə gətirmək siyasəti İran siyasətinə təsiredici güclərin narazılığına səbəb olub. Onların başında Ali dini hakimiyyətə bağlı qüvvələr, o cümlədən SEPAH və ETTALAT, xüsusi xidmət orqanlarının təsirində olan oliqarxiya dayanır. Hansı ki, dolaysı ilə beynəlxalq imperializmə xidmət edir, onun sifarişlərini yerinə yetirirlər.
Bu qüvvələr Azərbaycana qarşı da ənənəvi siyasətin aparılmasına tərəfdardırlar: daimi hərbi təhdidlərə əl atmağı, İslam fundamentalizmini yaymağı, daxildə çoxminlik proksi qüvvələr formalaşdırmağı və onların vasitəsi ilə Bakıya şərtlərini diqtə etməyi, Ermənistanın işğalçı siyasətini bütün vasitələrlə dəstəkləməyi və sairi İranın dövlət siyasətinə çevirməyə çalışırlar.
Eyni zamanda Türkiyə ilə güclənən münasibətləri pozmağa, Ankaranın regionda və dünyada rolunun güclənməsinin qarşısında mane olmağa, İslam dünyasında birliyin yaranmasına imkan verməməyə çalışırlar.
Təbii ki, “İran FETO”-su adlandıra biləcəyimiz bu qüvvələr bu zaman İran dövlətinin deyil, anti-Türk, anti-İslam siyasətini dəstəkləyən beynəlxalq imperializmin maraqlarına xidmət edirlər. Hansı ki, bir müddət əvvəl İsraillə teatr tamaşasını xatırladan “qarşlıqlı hücumları” da onların təşkil etdiyi bildirilir.
44 günlük müharibənin gedişində bu qüvvələr aşkara çıxdı və Azərbaycan ordusunun cənub cinahı boyunca əməliyyatlarına mane olmağa çalışdı. Amma Bakıdan və onun müttəfiqlərindən lazımi siqnallar aldıqdan sonra geri çəkilməyə məcbur oldu. Münasibətlər kəskin pisləşdi və böhrana çevrildi. Heç də təsadüfi deyildi ki, 44 günlük müharibəyə münasibətdə İran hakimiyyəti daxilindəki bu qüvvələrin – “İran FETO”-sunun mövqeyi Ermənistanı dəstəkləyən Fransa və erməni lobbisi ilə sıx əməkdaşlıq edən Qərb siyasətçilərinin mövqeyi ilə sinxronluq təşkil edirdi.
Təxminəın 1 il sonra - 28 noyabr 2021-ci ildə Prezident İbrahim Rəisi Aşqabadda Azərbaycanın dövlət başçısıyla görüşə təşəbbüs göstərdi, dostluq məzmunlu bəyanatlar verdi, münasibətlərdəki gərginliyin aradan qaldırılmasına xidmət edən addımlar atdı. Sonrakı mərhələdə də Rəisi oxşar mövqe sərgiləyərək İran hakimiyyəti daxilindəki bəzi qüvvələrdən fərqli mövqe sərgilədiyini ortaya qoydu. Onun Azərbaycanla bağlı mövqeyi sabit və mötədil olub.
Elə 2023-cü ilin yanvarında Tehranda Azərbaycan səfirliyinə silahlı hücum hadisəsinə İran hakimiyyəti içərisindən verilən reaksiyalar da bir-birindən kəskin fərqləndi. Biz SEPAH və Ali dini rəhbərə yaxın siyasətçilərdən və mediadan Azərbaycanın ünvanında çoxsaylı böhtanların şahidi olduq. Maraqlıdır, Prezident Rəsinin mövqeyi bu dəfə də fərqləndi, o, münasibətlərin sabitləşdirilməsinə xidmət edən açıqlamaların müəllifi olmuşdu.
Faciənin baş verdiyi gün - 19 mayda Azərbaycan və İran prezidentləri sərhəddə, Araz çayı üzərində inşa edilmiş “Xudafərin” hidroqovşağının istismara verilməsi və “Qız Qalası” hidroqovşağının açılış mərasimində iştirak ediblər. Prezidentlər arasında əvvəlcə görüş olub, onlar ikitərəfli və regional təhlükəsizlik problemlərini ələ alıblar. Mərasimdəki çıxışlarda kifayət qədər həmrəy və nikbin bəyanatlar səsləndirilib.
“Bu gün hörmətli Prezident Rəisi ilə söhbət əsnasında bir daha gördüm ki, İran bölgədə sülhün, sabitliyin, təhlükəsizliyin təmin edilməsi istiqamətində çox önəmli və dəyərli səylər göstərir”, - Azərbaycan Prezidenti deyib.
İlham Əliyev daha sonra vurğulayıb ki, bölgənin inkişafı bölgədəki ölkələrdə yaşayan xalqların iradəsi ilə təmin edilməlidir: “Qeyri-regional ölkələrin bizim işlərimizə müdaxiləsi qəbuledilməzdir. Biz Azərbaycan olaraq bütün ölkələrlə əlaqələri qarşılıqlı hörmət, bir-birinin işinə qarışmamaq və qarşılıqlı mənfəət əsasında qururuq və bundan sonra da quracağıq. Əgər kimsə - buradan minlərlə kilometr uzaqlıqda yerləşən ölkələrin rəhbərləri bu bölgədə hər hansı bir nəticə əldə etmək istəyirlərsə, bizimlə danışsınlar. Yersiz və lazımsız müdaxilə bu günə qədər heç bir səmərə verməyib və verməyəcək. İran-Azərbaycan birliyi, dostluğu sarsılmazdır. Heç kim bizim aramıza girə bilməz. Bu səylər əbəsdir və biz bugünkü mərasimlə bunu bir daha sübut edirik”.
Mərhum Rəisinin çıxışında da ikitərəfli münasibətlərin inkişafının vacib olması vurğulanıb və o, iki diqqətçəkən cümlə işlədib: “Ola bilsin ki, bəziləri bizim bu görüşlərimizi və birgə uğurlarımızı bəyənməsinlər, iki ölkə arasındakı əlaqələrin inkişafı bəzi güclərin xoşuna gəlməsin. Bunlar bizim üçün əhəmiyyət kəsb etmir. Əsas odur ki, ölkələrimiz, dövlətlərimiz və xalqlarımız üçün nə xeyirlidirsə, biz onu birgə həyata keçirdik".
Şübhə yoxdur ki, Rəisi “bəziləri bizim bu görüşlərimizi və birgə uğurlarımızı bəyənməsinlər, iki ölkə arasındakı əlaqələrin inkişafı bəzi güclərin xoşuna gəlməsin” dedikdə yalnız İsrail və Qərb ölkələrini nəzərdə tutmayıb. Eyni zamanda o, Tehranda Azərbaycanla münasibətlərin normallaşmasına qarşı çıxan daxili gücləri də işarə edirdi. Hadisələrin sonrakı gedişatı da bu ehtimalı gücləndirir.
Qeyd edək ki, Rəisinin yalnız Azərbaycanla bağlı deyil, regionun digər ölkələri ilə yürütdüyü siyasət də Tehran rejimində müəyyən qüvvələrin narazılığı və müqaviməti ilə üzləşirdi. Ekspertlər ölkədə baş verən bəzi olayların bu səbəbdən qəsdən törədildiyini qeyd edirlər.
Bu il yanvarın əvvəlində, İbrahim Rəisinin Türkiyəyə rəsmi səfəri ərəfəsində ölkədə dəhşətli terror aktı baş verib. Bir neçə il əvvəl İraqda ABŞ kəşfiyyatı tərəfindən qətlə yetirilən general Qasım Süleymaninin anım günündə həyata keçirilmiş intiharçı hücumda yüzlərlə insan həlak oldu. Nəticədə Rəisi Ankaraya səfəri təxirə saldı. Həmin vaxt bu “İran FETO”-sunun Rəisiyə xəbərdarlığı kimi izah edildi. Bildirildi ki, Rəisidən Ankaraya getməmək, Türkiyə ilə əlaqələri inkişaf etdirməmək tələb olunur.
Ancaq buna baxmayaraq, Rəisi 20 gün sonra - yanvarın 24-də Türkiyə səfərini reallaşdırdı. Prezident R.T. Ərdoğanla keçirilən görüşdə Yaxın Şərqdəki mövcud durum, Fələstin problemi və s. məsələlər müzakirə olunub ortaq mövqe sərgiləndi. Bu isə, təbii ki, daxildəki məlum qüvvələri qəzəbləndirməyə bilməzdi.
Elə İranın birdən-birə Pakistana qarşı təxribatçı hücumlarının arxasında da bu qüvvələr dayandığı bildirilir. Təxribatların iki müsəlman ölkəsi arasında qanlı müharibəyə çevrilməsinin qarşısını isə Rəisinin aldığı vurğulanır.
Məhz Rəisinin Prezidentliyi dövründə uzun illərdən sonra ilk dəfə İranla Səudiyyə Ərəbistanı ilə diplomatik əlaqələr
quruldu.
Qeyd olunanlar İran rejimi daxilində gücün üzdə ABŞ-ın, İsrailin, Qərbin düşməni kimi özlərini göstərib, əslində isə beynəlxalq imperializmin maraqlarına xidmət edən qüvvələrin əlində olduğunu göstərir. Hansı ki, onların əsl məqsədi regionda və İslam dünyasında sabitliyə yol verməmək, məzhəbçiliyi və cəhaləti yaymaq, müsəlmanlar arasında ziddiyyətləri dərinləşdirmək, dünyada İslam düşmənçiliyinə səbəb olacaq terror aktlarını təşkil etmək, dəstəkləmək, bölgəni daim savaşlar içərisində saxlamaq və sairdir.
Bu baxımdan Prezident İbrahim Rəisinin son illər Türkiyə, Pakistan, Azərbaycan və digər region ölkələri ilə əməkdaşlığı genişləndirmək, ortaq layihələr reallaşdırmaq istiqamətindəki fəaliyyəti Tehran rejimi daxilindəki bu gücü narahat etməyə bilməzdi. İstisna deyil ki, Türkiyənin ardınca Azərbaycanla əməkdaşlığın genişləndirilməsi istiqamətində addımların atılması onların səbrini tükəndirib və bu dəfə “problemi” kökündən həll etməyə qərar veriblər...
Əlbəttə, bu da bir ehtimaldır. Hansı ehtimalın doğru olduğunu isə, bəlkə də, heç bir zaman dəqiqləşdirmək mümkün olmayacaq…
Rasim Əliyev