Bu həftə əfv gözlənilir... - "Siyahıda tanınmışların da adı var, amma...”

Bu həftə əfv gözlənilir... - 
 

May ayının 28-də Azərbaycanın Müstəqillik günüdür. Bu münasibətlə Azərbaycanda əfv sərəncamının imzalanacağı gözlənilir. Yada salaq ki, aprelin 3-dən Azərbaycan Prezidenti yanında Əfv Məsələləri Komissiyasının iclasları start götürüb və ümumilikdə 500-dən çox müraciətə baxılıb.

Prezident İlham Əliyevin 2020-ci ildə imzaladığı sərəncama əsasən, hazırda Əfv Komissiyasında Ədliyyə və daxili işlər nazirləri, Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi, Prezident Administrasiyasının (PA) hüquq-mühafizə orqanları ilə iş şöbəsinin sədri, şöbənin Əfv məsələləri sektorunun müdiri, PA-nın qanunvericilik və hüquq siyasəti şöbəsinin müdiri, Qafqaz Müsəlmanları İdarəsinin sədri, Milli Məclisin Səhiyyə, İnsan hüquqları və Mədəniyyət komitələrinin sədrləri, Mətbuat Şurasının sədri, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədrinin müavini, 2 deputat və ictimaiyyət nümayəndələri kimi 3 QHT rəhbəri təmsil olunur.

Məlumdur ki, əfv Prezidentin səlahiyyətindədir. Qanun dövlət başçısına məhkumu cəzanın qalan hissəsindən azad etmək, cəza müddətini azaltmaq, cəzanın çəkilməmiş hissəsini daha yüngül cəza ilə əvəzləmək hüquqları verir. Həmçinin ömürlük azadlıqdan məhkum olunmuş şəxsin cəzası maksimum 25 il müddətə azadlıqdan məhrumetmə cəzası ilə əvəz edilə, habelə cəzasını çəkmiş şəxsin məhkumluğu götürülə bilər. Əfvetmə barədə məsələlər Əfv Məsələləri Komissiyasının iclasında baxıldıqdan sonra qəti qərar qəbul edilməsi üçün Prezidentə təqdim olunur.

Bəs əfv kimlərə tətbiq edilə bilər?

Əfv Azərbaycan məhkəmələri tərəfindən məhkum edilmiş şəxslərə və ya başqa dövlətlərin məhkəmələri tərəfindən məhkum olunmuş və cəzalarını Azərbaycanda çəkən Azərbaycan vətəndaşlarına, əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə tətbiq edilə bilər.

Prezident yanında Əfv Komissiyası ərizələrə müsbət rəy verməklə, həmin şəxsin əfvini tövsiyə edir. Amma tövsiyə olunma o demək deyil ki, həmin məhbus dərhal azad olunacaq. Son qərarı vermək ölkə Prezidentinin səlahiyyətindədir. Belə ki, bir məhbusun əfv olunması prosesində bütün maraqlı tərəflərin - məhbusun, zərərçəkənin, cəmiyyəti təmsil edən orqanların, ittihamı müdafiə etmiş qurumların rəyi toplanır və Əfv Komissiyası da bu toplanmış məlumatı müsbət və ya mənfi olaraq qiymətləndirir.

Məhkum cəzasının hansı mərhələsində əfv istəyə bilər?

Böyük ictimai təhlükə törətməyən cinayətə görə azadlıqdan məhrum edilmiş şəxs hökm qanuni qüvvəyə mindikdən sonra əfvə müraciət edə bilər.

Az ağır cinayət törətməyə görə azadlıqdan məhrum edilmiş məhbus cəza müddətinin ən azı üçdə bir hissəsini, ağır və xüsusilə ağır cinayət törətməyə görə tutulanlar isə cəzasının ən azı yarısını çəkəndən sonra əfv istəyə bilərlər.

Ömürlük azadlıqdan məhrum edilən məhkum əfv istəyirsə, cəzasının on il müddətini çəkməlidir.

Məhkumluğun götürülməsini istəyən məhbusa isə qanun cəzasını çəkdikdən sonra əfvə üz tutmaq imkanı verir. Əgər işi Apelyasiya və ya Ali Məhkəmədə olan şəxs əfv üçün müraciət edərsə, belə ərizələrə baxılmır. Çünki əfv sərəncamı yalnız barələrində qanuni qüvvəyə minmiş hökm olan şəxslərə şamil olunur.

Kimlərin əfv olunması yalnız müstəsna halda mümkün ola bilər?

Məhkum olunmuş şəxsin əməllərində cinayətlərin xüsusi təhlükəli residivi olduqda; Əvvəllər barəsində amnistiya, əfvetmə tətbiq edildikdə şərti məhkum olunmuş şəxs sınaq müddəti ərzində, cəzaçəkmənin təxirə salındığı müddətdə, yaxud cəzadan şərti olaraq vaxtından əvvəl azad edildikdə; Məhkum olunmuş şəxsin cəzasının çəkilməmiş hissəsi daha yüngül cəza növü ilə əvəz edildikdə; Xəstəliyə görə cəzanı çəkməkdən azad edildikdə yenidən qəsdən cinayət törətdiyinə görə məhkum olunduqda.

Qeyd edək ki, indiyədək Azərbaycanda 69 əfv sərəncamı və 12 amnistiya aktı imzalanıb. Sözügedən humanist addımların nəticəsində minlərlə şəxs azadlığa qovuşub.

Azərbaycanda ən böyük əfv sərəncamı ötən il olub. Belə ki, Heydər Əliyevin 100 illik yubileyi münasibətilə imzalanan bu əfv sərəncamı müstəqil Azərbaycan tarixində ən böyük əfv aktıdır. Sərəncama əsasən, 801 məhkum əfv olunmuş, onlardan 463 şəxs azadlıqdan məhrum etmə cəzasından, 220 şəxs azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş hissəsinin yarısından, 118 nəfər azadlıqdan məhrum etmə ilə bağlı olmayan digər cəzalardan (azadlığın məhdudlaşdırılması, islah işləri, cərimə cəzaları və cəzaya şərti məhkum edilmiş şəxslər) azad edilib.

Bəs budəfəki əfv sərəncamından hansı gözləntilər var? Əfv olunması üçün təqdim edilən siyahıda hansı tanınmışların adları var?

Novella Cəfəroğlu: Mənə ən çox əzab verən bu millətlərarası münaqişədir

Novella Cəfəroğlu

Hüquq müdafiəçisi Novella Cəfəroğlu mövzu ilə bağlı “Yeni Müsavat”a danışıb: “Təqdim etdiyimiz siyahıda tanınmışların da adı var, amma bu adları açıqlamaq istəmirəm. Lakin onu deyə bilərəm ki, təqdim etdiyimiz siyahıda siyasilər, ömürlüklər - hansı ki, Birinci Qarabağ müharibəsində iştirak edən OMON-çulardır - həmçinin dindarlar, cəzasının 3/2-ni, yarısını çəkmiş insanların da adları var. Bundan başqa, blogerlər də var, istərdik ki, onlara da əfv düşsün. Hesab edirəm ki, "Abzas Media"nın xüsusilə qadın jurnalistlərini ev dustaqlığına göndərsələr yaxşı olar. Həmçinin jurnalist Əvəz Zeynallının azadlığa çıxmasını arzulayıram.

Bu gün ölkəmizə qarşı “siyasi məhbus” məsələsi ilə bağlı Amerikadan, Avropadan xeyli qınaq gəlir. Demirəm ki, biz o qınaqlardan qorxuruq. Bizim Prezidentimiz heç kəsin diktəsi ilə iş görmür, yalnız öz iradəsi ilə dövlətimizi, dövlətçiliyimizi qoruyur. Sadəcə, çalışmaq lazımdır ki, digər dövlətlərin qarşısında Azərbaycan haqqında belə bir xoşagəlməz imic formalaşmasın. Bu baxımdan istərdim ki, hamısı azadlığa çıxsın. Bu gün bizim ümidimiz yalnız özümüzədir, yəni daxildə stabilliyimizi qorumalı, bir-birimizə dəstək olmalıyıq. Təbii ki, biz hər zaman vəzifəsindən sui-istifadə edən məmurları və digər problemləri, neqativlikləri tənqid etmişik, edəcəyik də. Lakin dövlətçilikdə iqtidarlı-müxalifətli hamımızın bir olması çox vacibdir".

Novella Cəfəroğlu gələcəkdə Milli Məclisin Amnistiya Aktı qəbul edə biləcəyini də istisna etmir: “Hesab edirəm ki, amnistiya qərarı olarsa, bu çox gözəl olar. Çünki amnistiya ilə daha çox adam azadlığa çıxa bilər. Xeyli sayda məhbus var ki, həbsxana müddətinin bitməsinə 2 il qalıb və yaxud cəzasının 3/2-ni, yarısını çəkmiş insanlardır, onlar amnistiya ilə azadlığa çıxa bilər”.

0.017039060592651