Məntiqsiz ali təhsil, qeyri-qanuni imtahan-Emin Əmrullayev və Məleykə Abbaszadəyə çağırış
"AzNews.az" analitik-informasiya portalının baş redaktoru Taleh Şahsuvarlı Elm və Təhsil naziri Emin Əmrullayevə və Dövlət İmtahan Mərkəzinin rəhbəri Məleykə Abbaszadəyə çağırış edən yazı qələmə alıb. Yazıda ictimaiyyəti narahat edən aktual problemlərə toxunulub. Həmin yazını "AzPolitika.info"-nun oxucuları üçün də dərc edirik:
"Naxçıvan Muxtar Respublikasında nəşr olunan rəsmi qəzetdə - "Şərq qapısı"nın səhifələrində yer almış bir məqalədə yer alan məlumatlar, nə gizlədim, təəccübümə səbəb oldu. Doğrusu, həmin məlumatın səhihliyinə inanmadım, inanmaq istəmədim. Ona görə də informasiyanı özüm yoxlamaq qərarına gəldim. Yeni məzun olan bir neçə doğmamın diplomuna şəxsən özüm baxdım. Məlumat düz imiş! Ölkənin ali məktəblərində "Məntiq" fənni tədris olunmurmuş!!!
Ali məktəbin ən ümdə vəzifəsi tələbələri elmi dünyagörüşə sahib etməkdir. Elmi dünyagörüşü olmayan kimsə “ali təhsilli kadr” sayıla bilməz. Məntiq isə elmi dünyagörüşün fundamentidir. Məntiqsiz elm yoxdur və ola da bilməz.
Bu fənni ali məktəb proqramından kim və hansı ağıla çıxardıb? Əməkdaşlarımıza göstəriş verdim, araşdıracaq, material hazırlayacaqlar. Çünki bu non-sensdir, hər il dövlət büdcəsindən külli miqdarda vəsait alan ali təhsil müəssisələrinin elm öyrətməməsi, ali təhsilli kadr hazırlamaması deməkdir.
Məsələ bununla da bitmir.
Dövlət İmtahan Mərkəzi dövlət qulluqçusu olmaq istəyən məzunlar üçün təşkil etdiyi imtahanlarda “Məntiq”dən suallar salır. Üstəlik, ali məktəblərdə əksər fakültələrdə “Hüququn əsasları” fənni tədris olunmadığı halda, qanunvericiliklə bağlı suallar salır. Qanunvericilik və məntiqdən sualların cəmi 70-dir. Dövlət qulluğu imtahanlarında iddiaçılara təqdim olunan 100 sualdan 40-ı qanunvericilik, 30-u isə məntiqdəndir. Başqa sözlə, DİM-in imtahan suallarının 70%-i ali məktəbdə tədris olunmayan (ixtisaslı fakültələri çıxsaq) fənnləri əhatə edir.
Nəyə görə Elm və Təhsil Nazirliyi, Dövlət İmtahan Mərkəzi özlərinə və bir-birlərinə sual etmirlər ki, hüquq keçməyən ali məktəb məzunları qanunları, məntiq keçməyənlər məntiqi harada və necə öyrənməlidirlər?
Kurslarda, repetitor yanında?
Məgər təhsil siyasətimizin hədəfi repetitorların cibini doldurmaq, imtahanların məqsədi gənclərimizi məhv etməkdir?
Belə təhsil, belə imtahan olar?
Odur ki, növbəti məsələyə keçməzdən öncə həmən 2 təkliflərlə çıxış edirəm:
1) Yeni tədris ilindən bütün ali məktəblərdə bütün ixtisaslar üzrə "Hüququn əsasları" və "Məntiq" fənni tədris olunsun;
2) DİM növbəti dövlət qulluğu imtahanlarında məntiq və qanunvericilklə bağlı sualları ləğv etsin.
Əgər orta və ali məktəblərdə bu fənn keçirilmirsə, DİM hansı haqla, hansı tədris olunmuş proqrama əsasən dövlət qulluğuna iddiaçıları bu fənllər üzrə imtahandan keçirir?
Elm və Təhsil Nazirimiz Emin Əmrullayevdən, Dövlət İmtahan Mərkəzinin rəhbəri Məleykə xanım Abbaszadədən təkidlə bu məsələlərə dərhal reaksiya vermələrini xahiş edirəm.
Sən demə mən neçə vaxtdır, fil qulağında yatmışam, onlar yatmasınlar.
“Fil qulağında yatmışam” deyirəm ona görə ki, yalnızca bu gün xəbər tutmuşam ki, müəllim kimi işə qəbul olunmaq istəyən məzunlar MİQ imtahanından keçmək üçün repetitor yanına gedirmişlər.
Hər işdə bir məntiq olmalı. Bu işin məntiqinə bir baxaq.
Müəllim o adamdır ki, orta məktəbdə şagirdlərə müəyyən bir fənndən dərs deyir.
Fərz edək ki, şərti adı “Bahar” olan şəxs coğrafiya müəlliməsi olmaq istəyir. Bunun üçün o, orta məktəbdən məzun olub və test imtahanı ilə ADPU-ya qəbul olunub. Orada 4 il bakalavr təhsili alıb, hər semestr imtahan verib və yekunda diploma layiq görülüb.
Bahar orta məktəbdə coğrafiya fənnindən dərs dəmək üçün orta məktəb proqramı səviyyəsində həmin fənni və pedoqoji fəaliyyətin əsaslarını bilməlidir, deyilmi?
Bu zaman əlahəzrət məntiqin “In toto et pars continetur”, yəni "çoxun içində az var" qaydası işə düşür.
Nə deməkdir bu?
Deyək ki, XİN-ə bakalavr dərəcəsində kadr lazımdır. İş elanında iddiaçılardan bakalavr diplomunun notarial qaydada təsdiq olunmuş surəti istənilir. Məmməd magistrdir. Məmmədin magistr diplomu notarial qaydada təsdiq olunub, bakalavr diplomu isə yox. Vaxta az qalıb. “In toto et pars continetur” qaydasına görə Məmmədə bakalavr diplomunun surətini təsdiq etdirmir, müsabiqəyə magistr diplomu ilə qatılır. Çünki “çoxun içində az var”, yəni magistr dərəcəsi varsa, deməli bakalavr dərəcəsi də var.
Əgər Baharın bakalavr diplomu varsa, demək, o, ali məktəb proqramı səviyyəsində coğrafiyanı bilir və bu orta məktəb proqramından çoxdur. Üstəlik, bakalavr diplomunu Bahara elə Təhsil Nazirliyi özü verib. Belədə, MİQ imtahanları o deməkdir ki:
1) ETN özünün verdiyi diploma və keyfiyyətinə özünün məsul olduğu ali təhsilə şübhə edir;
2) Azərbaycanda müəllim ixtisasına olan ehtiyac hazırlanan kadrların cəmindən dəfələrlə azdır. Ona görə də MİQ vasitəsi ilə seçim edilir.
Hər il dövlət kadr hazırlığına böyük miqdarda vəsait xərclədiyindən ehtiyacdan dəfələrlə çox kadr hazırlanması ən azı israfçılıqdır və korrupsiyaya yol açır.
Elm və Təhsil nazirliyi nə etməlidir?
Əvvəla, demoqrafik və digər göstəricilərə əsasən müəyyən etməlidir ki, yaxın 20 ildə Azərbaycana konkret fənnlər üzrə nə qədər müəllim lazımdır?
Daha sonra fənnlərin konkret və dayanıqlı proqramı üzrə ali təhsil müəssisələrində müəllim kadrları hazırlanmalıdır.
Nəhayət, ali məktəbdə tədris elə qurulmaldır ki, məzunlar öz ixtisaslarını ən azı orta məktəbdə tədris eləməyə qabil olsunlar və diplomun keyfiyyəti sual altına düşməsin. Əgər ali təhsil müəssisələri orta məktəbdə dərs deməyə qabiliyyəti olmayan kadrlar məzun edirlərsə, o zaman Elm və Təhsil Nazirliyinin saxlanılmasına dövlət niyə bu qədər vəsait xərcləməlidir ki?
Söylədiklərim rasional olsa da, aydın baxış,gərgin zəhmət, möhkəm iradə tələb edən işlərdir. Amma bir də kəsə yol var- MİQ təşkil edirsən, məzunları kursa, hazırlığa göndərirsən, bundan həm dolayı yollarla maddi qazanc götürürsən, həm də təhsilin keyfiyyətini bəhanə edib təhsili daha bərbad edirsən.
Əgər bir ölkədə ali məktəb məzunu 4 illik bakalvr, 2 illik magistr təhsilindən sonra orta məktəbdə müəllim işləmək üçün kursa gedirsə, deməli, bu ölkədə:
- Ya ali məktəb lüzumsuzdur;
- Ya müəllim işinə qəbul sistemi, deməli, ETN-nin sistemi naqisdir;
- Ya da kommersiya və korrupsiya maraqları dövlətin strateji maraqlarından öndədir.
Bir ölkənin gələcəyi təhsildən asılıdır. Azərbaycan təhsili repetitor və kurslardan xilas olmayınca gələcəyimiz böyük sual altındadır. Odur ki, mən hörmətli Elm və Təhsil Nazirini və DİM sədrini açıq ictimai müzakirələr təşkil etməyə, təhsilimiz və gələcəyimizlə bağlı ictimai vicdanı narahat edən suallara cavab verməyə dəvət edirəm".