Parisin işğalçıdır: Azərbaycan kanak xalqını dəstəkləyir

Parisin işğalçıdır: Azərbaycan kanak xalqını dəstəkləyir
 

"Fransa uzun illərdir ki, əsarətində saxladığı Yeni Kaledoniyada bundan sonra da müstəmləkəçilik siyasətini davam etdirmək məqsədilə davamlı olaraq yerli kanak xalqına qarşı assimliyasiya siyasətini yürütməkdədir.

Bu məqsədlə də Fransa adaya kənardan miqrantlar və fransızları yerləşdirib onların hüquqlarını genişləndirməklə yerli xalqın hüquqlarını kobud surətdə məhdudlaşdırmaq yolunu seçib. Bu yolla yerli kanak xalqının öz müstəqiliyi uğrunda mübarizəsini boğmağa çalışır. Ona görə də Fransa parlamenti yerli kanak xalqının iradəsinə zidd olaraq, beynəlxalq hüquq və insan hüquqlarını, o cümlədən 1998-ci ildə Noumea sazişini kobud surətdə pozaraq Yeni Kaledoniya Konstitusiyasına düzəlişlər etmək qərarına gəlib.

Yeni qanun layihəsi Yeni Kaledoniyada 10 il yaşayan fransızlara əyalət seçkilərində səs vermək imkanı veriləcək. Bu da yerli kanak əhalisinin hüququnu boğmağa xidmət edir. Ona görə də mayın 13-dən etibarən isə Yeni Kaledoniya əhalisi haqlı olaraq pozulan hüquqlarını müdafiə etmək üçün etiraz aksiyalarına başlayıb".

Bunu mediaya açıqlamasında deputat Kamran Bayramov deyib.

Onun sözlərinə görə, Fransa miqrantlara səs hüququ verib referendum keçirməklə Yeni Kaledoniyada müstəmləkəçiliyini davam etdiməyi planlaşdırır. "Yeni Kaledoniyanın müstəqillik tərəfdarları uzun müddətdir ki, Fransanı seçki kütləsinin sayının qanunsuz genişləndirilməsinə dair qanun layihəsinin dayandırılmasına çağırış edir və bu sənədin zorla qəbul olunmasının pis nəticələrə gətirib çıxaracağı ilə bağlı dəfələrlə xəbərdarlıq ediblər. Lakin üzdə özünü dünyada demokratiyanın insan haqların, bəşəri dəyərlərin dırnaqarası olaraq müdafiəçisi bəyan edən Fransa öz müstəmləkəçilik siyasətinə sadiq qalaraq kanak xalqının hüquqlarını kobud surətdə pozaraq, onlara qarşı repressiya siyasətini həyata keçirib", - o qeyd edib.

Deputat əlavə edib ki, Fransa bu dəfə də Yeni Kaledoniya xalqının iradəsinə hörmət edib onların haqlı səsini eşitmək və tələblərini yerinə yetirmək əvəzinə, yenə də zorakı metodlarla onları susdurmaq yolunu seçib: "Fransa hökuməti öz hüquqlarını və onlara beynəlxalq hüquq norma və prinsipləri əsasında verilən gələcək müqəddəratlarını təyinetmə hüququ uğrunda mübarizəsini amansızcasına yatırmaq yolunu tutub. Yeni Kaledoniyada fövqəladə saat və komendant saatı elan edib. Ölkəyə əlavə ordu qüvvələri yeridib. Öz haqqlarını tələb edən insanları kütləvi surətdə həbs dalğası balanılıb.

Artıq 200-dən çox insan həbs edilib. Toqquşma nəticəsində 10-a yaxın insan həyatını itirib, 300-dən çox insan isə yaralanıb.  Fransa Yeni Kaledoniyaya yeritdiyi ordunun törətdiyi vəhşilikləri dünya ictimaiyyətin gizlətmək üçün TikTok sosial şəbəkəsinə çıxışı blok edib. Fransa bütün zorakı metodlardan istifadə etməklə öz müstəqilliyi uğrunda mübarizə aparan Yeni Kaledoniya xalqının səsini boğmağa və beynəlxalq ictimaiyyətdən gizlətməyə çalışır. Lakin Fransa bilməlidir ki, belə bir vəhşiliyi gizlətmək mümkün olmayacaq. Dünyada öz haqlı hüquqları uğrunda mübarizə aparan Yeni Kaledoniya xalqını dəstəkləyən çoxsaylı dünya ölkələri var və onları belə bir çətin gündə darda qoymayacaq.

Azərbaycan da Yeni Kaledoniya xalqının haqlı mübarizəsini dəstəkləyir. İndiyədək olduğu kimi, Azərbaycan bundan sonra da Yeni Kaledoniya xalqının haqlı mübarizəsini sonadək dəstəkləyəcək və onların haqq səsini beynəlxalq ictimaiyyətə çatdırmaq üçün əlindən gələn bütün səyləri göstərəcək. Artıq onu deyə bilərəm ki, Bakı Təşəbbüs Qrupu Fransa hakimiyyəti tərəfindən Yeni Kaledoniyada kanakların həbs olunması və mülki şəxslərə qarşı zorakılığa dair bəyanat yayıb.

Bəyanatda Bakı Təşəbbüs Qrupu Yeni Kaledoniyada baş verən hadisələrlə bağlı Fransa hakimiyyəti tərəfindən həyata keçirilən son həbslər və komendant saatının tətbiqi, Fransa təhlükəsizlik qüvvələrinin kanak xalqına qarşı törətdiyi zorakılıqların dərin narahatlıqlar doğurduğu qeyd olunub. Nəhayətində Fransanın beynəlxalq hüquqa olan bu sayğısılığına dünya birliyi biganə yanaşmayacaq. Nə qədər gec deyil, Fransa Yeni Kaledoniyanın müstəqil dövlət uğrunda mübarizə haqqını tanımalı və müstəmləkəçilik siyasətindən geri durmalıdır. Əks təqdirdə Afrikada olduğu kimi, Fransa Yeni Kaledoniyada biabırçı şəkildə çıxmalı olacaq".

Mürtəza

 

 

0.028782844543457