Ermənilərin 24 aprel şousu: Qondarma soyqırımı iddialarının kökündə nə dayanır?
Zaur müəllim, bu gün dünyaya “erməni soyqırımı” kimi sırınan hadisələrin kökündə nə dayanır?
– Böyük dövlətlərin Şərq məsələsinin kökündə Osmanlı İmperiyasının torpaqlarının bölüşdürülməsi, bir dövlət kimi məhv edilməsi, Türkiyə torpaqları hesabına erməni bufer dövlətinin yaradılması dayanırdı. Habelə həmin məsələ Şərqə yiyələnmək uğrunda çar Rusiyası və Qərb dövlətləri arasında beynəlxalq münaqişələrin ifadəsi, Şərq xalqlarına qarşı işğalçılıq planlarının təzahürü idi. Şərq siyasətinin həyata keçirilməsi üçün ermənilərdən istifadə edildi və Türkiyə ərazisində yaşayan ermənilər başlıca hədəf seçildi. Birinci dünya müharibəsi zamanı Antanta dövlətləri müharibədə Almaniyanın tərəfində çıxış edən Türkiyəyə təzyiq göstərməyə başladılar. Bu təzyiq getdikcə gücləndi, hətta, 1914-cü il oktyabrın 29-da Rusiya Türkiyəyə müharibə elan etdi. Belə bir vaxtda Türkiyə ərazisində yaşayan ermənilər böyük bir ordu yaradıb Rusiyanın köməyi ilə silahlandılar və hər yerdə türkləri qətlə yetirməyə başladılar. Erməni silahlı dəstələri türkləri qəddarcasına doğrayır, tonqallarda yandırır, gözlərini çıxarır, başlarının dərisini soyur, körpələri nizəyə keçirirdilər. Ermənilərin bu vandalizmi nəticəsində 600 min türk öldürüldü. Təbii ki, Türkiyənin başı bu zaman müharibəyə qarışdığı üçün daxildəki prosesləri diqqətdən yayındırmışdı. Ancaq hadisələri belə görən Türkiyə dövləti və türk hərbi komandanlığı ermənilərə cavab vermək məcburiyyətində qalmışdı.
Ənvər Paşa erməni patriarxını çağıraraq ona: “… ermənilərə sədaqət bəslənildiyi bir durumda, onların (ermənilərin) müsəlmanlara və Osmanlı dövlətinə zərər verdiklərini, patriarxın onlara nəsihət verməsini, əks halda və nəticə çıxarmayacağı təqdirdə ən ciddi əsgəri tədbirlərin alınacağını və qəti addımın atılacağını”, – söyləmişdi. Təəssüf ki, Osmanlı torpağında qeyri-müsəlman toplum kimi məskunlaşan və yaşayan, hətta sadiq millət statusu alan ermənilər Ənvər Paşanın bu xəbərdarlığına əhəmiyyət vermədilər. Çünki ermənilər çox öncədən nə şəkildə hərəkət edəcəklərini qərarlaşdırmışdılar. Ona görə də bu xəbərdarlığın, aparılan söhbətlərin heç bir faydası olmadı. Şərqi Anadolunun döyüş bölgələrində yaşayan ermənilər mənsub olduğu dövlətə kütləvi şəkildə üsyankar çıxdıqlarına görə, Türkiyə hökumətinin himayəsi altında Osmanlı İmperiyasının bir yerindən başqa bir yerinə köçürüldülər. Təbii ki, erməni silahlı dəstələrinin türklərə vurduğu ağır zərbələr və günahsız türk əhalisinin kütləvi məhv edilməsi, habelə ermənilərin yaşadıqları bu dövlətə xəyanəti Türkiyə dövlətini ciddi qərarlar qəbul etməyə məcbur etdi. Buna görə də 1915-ci il aprelin 24-də Türkiyənin daxili işlər naziri Tələt Paşa İstanbul və digər böyük şəhərlərdə erməni komitələrinin təcili bağlanması, millətçi erməni rəhbərlərinin həbsi və sənədlərinin müsadirəsi haqqında əmr verdi. 24 aprel ermənilərin törətdiyi qırğınlardan sonra, Osmanlı hökumətinin aldığı inzibati tədbirlə “Daşnak”, “Hınçak”, “Ramgavardır”, “Veragöz” kimi erməni cəmiyyətlərini bağlayaraq, rəhbərlərini həbs etdiyi bir tarixdir. O vaxt bu işlə əlaqədar 235 erməni lideri həbs olundu. Məsələnin kökündə bu dayanır. Lakin ermənilər hər il 24 apreldə dünyanı öz eyiblərini, cinayətlərini örtmək üçün aldadırlar.
– O dövrdə cəmi 235 erməni liderinin həbs olunduğunu qeyd edirsiniz. Amma ermənilər uydurma soyqırımı qurbanlarının sayını 1,5 milyona çatdırıblar. Bu rəqəmin özü haradan alınıb, hansı məntiqə uyğundur? Ümumiyyətlə Osmanlıda həmin dövrdə nə qədər erməni yaşayırdı?
– 1913-cü ilin sonu – 1914-cü ilin əvvəllərində əhali sayımı ilə məşğul olan bir Fransa təşkilatı Osmanlı İmperatorluğunda mükəmməl bir əhali sayımın həyata keçirib. Həmin əhali sayımının nəticələrinə görə bütün Osmanlı İmperiyasında Birinci Dünya müharibəsi astanasında 1.294.851 nəfər erməni yaşayıb ki, bu da ümumi əhalinin, yəni 18.520.016 nəfərin cəmi 6,9 faizini təşkil edib. Belə olan halda hayların iddia etdiyi kimi 1,5 milyon erməni necə qırıla bilərdi? Bundan başqa, Osmanlı dövləti 30 may 1915-ci ildə məcburiyyət qarşısında qalaraq “Köçürmə və daşınma” (“Sövq və yaşayış” ) qanunu qəbul edib. Burada millət, din məfhumu yoxdur. Yəni erməni sözü keçmir, yunan, alban, ərəb kəlməsi yoxdur. Birbaşa dövlətin sahib olduğu bu qəsəbə və kəndlərdə müsəlman əhalini qətlə yetirən dəstələr, qanuna tabe etdirilib. Bu qanun sadəcə ermənilərə tətbiq edilməyib. Qanun Osmanlı dövlətinə qarşı üsyan və düşmənlərlə əməkdaşlıq edənlərə tətbiq olunub. Osmanlı dövləti döyüş bölgəsində yerləşən ermənilərin və digər xalqların daha təhlükəsiz yerlərə köçürülməsi barədə 30 may 1915-ci ildə çox ədalətli və humanist bir fərman da verib. Fərman 14 valiyə göndərilib və qısa müddətdə həyata keçirilməsi tapşırılıb. Fərmana əsasən köçürülən ermənilər üçün hər cür şərait yaradılıb. Hətta əmlakını aparmaq istəməyənlər onu pulla sata biliblər. Mənbələrdən məlum olur ki, köçürülən ermənilərin çoxu könüllü olaraq sonradan xarici ölkələrə mühacirət ediblər. Hadisələrin, faktların və mövcud tarixi şəraitin araşdırılması belə bir nəticə çıxarmağa əsas verir ki, köçürülmə ilə əlaqədar Türkiyə hökumətinin verdiyi qərar düzgün idi.
– Bəs rəsmi rəqəmlər nə deyir? Köçürülən və ya ölən ermənilərin dəqiq sayı barədə məlumat varmı?
– Rəsmi mənbələrə görə, köçürülmək üçün 438 min 758 nəfər toplanıb. Bunlardan 382 min 148-i yeni yaşayış yerlərinə sağ çatdırılıb. Yalnız 56 min 610 nəfər dünyasını dəyişib. Rəsmi sənədlərdən əldə edilən məlumatlara görə, köçürülmə zamanı 500 nəfər Ərzurum-Ərzincan arasında, 2 min nəfər Urfa Hələb yolunda, 2 min nəfər Mardin ətrafında quldurlar və ərəb qəbilələrinin hücumu nəticəsində qətlə yetirilib. Beş min nəfərdən çoxu da Dərsim bölgəsindən keçərkən erməni və kürd basqınçıları tərəfindən öldürülüb.
– Bu gün 109 il əvvəli “saf-çürük edən” ermənilər müxtəlif iddialar səsləndirir, “öldürülən ermənilərin” sayını artıra-artıra gedir, böyük dövlətlərdə, beynəlxalq təşkilatlarda bu barədə məsələ qaldırırlar. Maraqlıdır, 1915-ci il və ondan sonrakı illərdə, yəni hadisələrin üstündən bir-iki il keçdikdən sonra ermənilərin bu istiqamətdə hər hansı çağırışı, müraciəti olubmu?
– 1916-cı ilin 23-26 mayında Peterburq yaxınlığındakı Petroqradda “Ümumrusiya erməni qurultayı” keçirilib. Burada Rusiyanın 60 yaşayış məntəqəsindən 150 erməni nümayəndəsi müxtəlif məsələlər ətrafında müzakirələr aparıblar. Qurultayda 97 siyasi-ictimai-təşkilatlardan çıxış edənlərdən heç kəs 1,5 milyon erməninin öldürülməsindən danışmayıb. 1917-ci ilin may ayının əvvəllərində İrəvan şəhərində də bir yığıncaq, belə deyək ki, “ermənilərin birinci qurultayı” keçirilib. Onun gündəliyindəki 10 məsələdən heç biri “erməni soyqırımı”na aid deyildi. Məruzə və çıxışlarda da bu barədə danışılmayıb. Halbuki iddia olunan “qırğınlarla” qurultay keçirilən yerlərin ara məsafələri 25-35 kilometr idi. Digər bir tədbir 6 oktyabr 1917-ci ildə Tiflis şəhərində olub. “Ümumerməni qurultayı” işə başlayıb və bir neçə gün davam edib. Tiflislə “1,5 milyon erməni qırılan” məsafə cəmi 40-45 kilometr uzaqlıqda idi. Bu qurultayda da “erməni soyqırımı” barədə bir nəfər belə danışmayıb. Əksinə, ermənilər gürcü və azərbaycanlılara qarşı bəzi tələblər irəli sürüblər. Qurultay nümayəndələri birgə bəyanat veriblər ki, onu Aramais Yerznkyan oxuyub. Bəyanatda deyilir: “ …ermənilər susa bilməzlər ki, Bakı türklərə, Tiflis Gürcüstana qalsın. Erməni xalqı buna icazə veribdirmi? Demokratiya imkan verməməlidir ki, Bakı, ya Tiflis bir millətə qismət olsun, bu şəhərlər başqa millətlərə də mənsub olmalıdır… Biz tələblərimizi aydınlaşdırmaqla bərabər, tələblərimizə nail olmalıyıq…”.
– Əgər “erməni soyqırımı” tarixdə baş verməyibsə, o zaman olmayan bir hadisəni gündəmə gətirmək, həqiqətləri təhrif etmək nəyə və kimlərə lazımdır?
– Bu gün qondarma soyqırımla bağlı iddialar irəli sürülür. Çünki ermənilərin pulu və Türkiyədən “alınması” nəzərdə tutulan təzminat kilsə üçün önəmlidir. 24 aprel sadəcə ermənilərin şousudur. 1965-ci ildə uydurma erməni soyqırımının 50 illiyini keçirərkən ermənilər açıq-açığına bəyan edirdilər ki, 40 milyard ABŞ dolları dəyərində pul toplamışlar. İldən-ilə bu məbləğ artır. Demək ermənilərin qondarma soyqırımı iddialarının kökündə pul, pul, yenə də pul dayanır. Bir faktı xatırlatmaqla fikrimi yekunlaşdırmaq istəyirəm. Elə ermənilərin özünün razılığı ilə Maltada Britaniya Baş prokurorluğunun bu hadisələrə dair tədqiqatı 32 ay davam edib. Təxminən üç ilə yaxın davam edən məhkəmədə ittiham olunan şəxslərə bəraət verilib və onların erməni əhalisinə qarşı cinayət törədilməməsi qənaətinə gəlinib. 29 iyul 1921-ci ildə verilən qərarın məzmunu belədir: “Bu günə qədər, məhbuslar əleyhinə keçirilmiş ittihamların doğruluğuna şahidlik edən ciddi bir şəxs tapılmyıb. Müttəhimlərin əleyhinə ittihamların Ədliyyə Məhkəməsi tərəfindən yetərli hüquqi fakt kimi qəbul edilməsi imkansız görünür. İngilis Kral Baş prokurorluğu “kütləvi öldürmə” iddiası ilə bağlı hüquq məhkəməsində yeni dava açmağa kifayət qədər sübut olmadığına, əldə olan sənəd və məlumatların ittihamlar üçün hüquq məhkəməsində sübut dəyəri olmadığı, ona görə də kimsənin bir hüquq məhkəməsi qarşısında cəzalandırılmasının mümkün olmayacağını qərara alır”.
Ərtürk İSMAYIL