Laləzarlıqda “Sivilizasiya”
(Monoloqlar) - Fərhad Əsgərov yazır...

Laləzarlıqda “Sivilizasiya”(Monoloqlar) - Fərhad Əsgərov yazır...
 

Fərhad Əsgərov (Ramizoğlu),
Azərbaycan Yazıçılar Birliyinin, Azərbaycan Yurnalistlər Birliyinin üzvü

Biri var idi, biri yox idi, düzənlikdə çox böyük bir ərazi var idi. Laləzarlıq adlı bu ərazidə minlərlə insan yaşayırdı. Başqa ərazilərdə olduğu kimi, burada da müxtəlif müəssisələr fəaliyyət göstərirdi. Laləzarlıq camaatının əksəriyyəti şan-şöhrəti, dedi-qodunu, müxtəlif vasitələrlə oğurluq etməyi çox xoşlayırdı. Burada oğurluq etməyənə çox pis baxırdılar. Lalızarlıq camaatında belə bir düşüncə var idi ki, əgər oğru olmasan, yaxşı yaşaya bilməzsən. Oğruluq etməklə qazanılan pulların hesabına Laləzarlıqda yüzlərlə geniş, yaraşıqlı villalar tikilmişdi. Dəbdəbəli maşınlar Laləzarlığa xüsusi yaraşıq verirdi. Sivilizasiyadan dəm vuran sakinlər əllərindəki zir-zibili zibil qutularına deyil, piyadaların gediş-gəliş yollarına atmağa adət etmişdilər. Heç kəs bunun fərqinə varmırdı, yəni, bu, belə də olmalıdır. Küçələrdə dilənçilərin sayı çoxaldığından, artıq Laləzarlıq camaatının imkanlı insanları onlara qəpik-quruş verməkdən imtina edirdilər. Laləzarlıqda yaşayan varlı insanlar kasıbların salamını belə almazdılar. Oğruların savadlı, intellektual səviyyəli, dürüst insanlardan heç xoşu gəlmirdi.
Əziz oxucular! Laləzarlıqda yaşayan bəzi insanlar bəzən xəyala dalır, öz ürəklərində ötüb keçən günlərini yada salır və bəziləri indiki günləri ilə fəxr edirlər. Bu yazımızda onlardan bir neçəsinin monoloqu ilə oxucularımızı da tanış edirik.

Məni hamı savadlı, ağıllı bilir
 
Çox gözəl zəmanədə yaşayıram. Gözəl dövrandır. Sağ olsun atam. Fırıldaq yollarla xeyli pul qazandı, varidat sahibi oldu. Orta məktəbdə yaxşı oxumasam da, məni ali məktəbə daxil etdirdi. Gözəl ata, mənə görə xeyli xərc çəkdi, instituta daxil olandan ta oranı bitirənədək müəllimlərə rüşvət verdi. Bir neçə ali məktəb bitirdim. Hi, hi, hi, hi, çoxları elə bilir ki, savadlıyam, hi, hi, hi, özüm yaxşı bilirəm ki, savadsızam. İki eşşəyin arpasını bölə bilməsəm də, atam kimi başqalarını aldatmağı, fırıldaq yollarla pul qazanmağı, lazım gəlsə jest eləməyi, əgər lazımdırsa yaltaqlanmağı bacarıram.
O gün atam deyir ki, 40-50 il bundan əvvəl yas və toy məclislərinə müəllim, şair, yazıçı gələndə onu məclisin yuxarı başında oturdurdular. Məclis sahibi fəxr edirdi ki, məclisinə dahi bir şəxs gəlib. Hi, hi, hi, hi, amma son illərdə yazıçı, şair, müəllimi sayan yoxdur. Hə, indi ya gərək vəzifədə olasan, fırıldaq yollarla pul qazanmağı bacarasan, ya da vəzifən olmasa da fırıldaq, saxtakarlıq yolla varidat sahibi olasan. Bax, belələrinə indi hörmətlə yanaşırlar, məclislərin yuxarı başında oturdurlar, qulluğunda dayanırlar. Qurban olaram atama, mənə deyir ki, çalış fırıldaqçı ol, yalan danış, lazım gəlsə böhtan atmağı bacar.
Sağ olsun atam. Xeyli xərc çəkdi, mənə görə yuxarılara rüşvət verdi, yağlı vəzifəyə qoydurdu. Vəzifədə işlədiyimə görə indi məni hamı savadlı və ağıılı bir insan kimi tanıyır. Hi, hi, hi. Kef edirəm, istədiyim kimi yaşayıram. Heç nəyə ehtiyacım yoxdur. Pul sel kimi üstümə axır. Hər ay bütün müəssisələrdən, özəl obyektlərdən yığılan pul mənə müavinim tərəfindən verilir. Mən də müəyyən məbləğdə ona qaytarıram. Gözəl insandır, o da dolanmalıdır da. Təmirə, tikintiyə, uşaqlara ayrılan vəsaitin çox hissəsi də mənə çatır.
Nə gözəl zamandır, qardaş! Ad günümdə vəzifəli şəxlərin mənə verdikləri hədiyyələrin, pulun ardı-arası kəsilmir. Hi, hi, hi, 8 Mart Beynəlxalq Qadınlar günü münasibətilə heç yerdə işləməyən arvadımı da təbrik edirlər. Vəzifə nə gözəl şeymiş, görmədiyin günləri görürsən, çoxlu pul qazanmaq bir yana, sənə yaltaqlanırlar, qabağında baş əyirlər. Artıq-əskik danışmağa qorxurlar, qorxurlar ki, şərləyib içəri qoydura bilərsən. Artıq iki nəfəri mənə yaltaqlanmadığına, artıq-əskik danışdıqlarına görə qoydurdum içəri, qoy ağılları gəlsin başlarına. Son illərdə jurnalistlərin əksəriyyəti də tənqidi məqalə yazmağa cürət etmirlər. Hi, hi, hi. Güya yazıb nə edəcəklər? Tənqidi məqalədəki faktlara tədbir görən var ki?
Yaxşı ki, üçüncü bağımın yerini arvadıma, qohumlarıma deməmişəm. Müvəqqəti dünyadır, işdən sonra cürbəcür xanımlarla kef edirəm. Mamarozaların canı sağ olsun, gözəl, ürəyim istəyən xanımları, müəssisə müdirini mənim üçün götürürlər. Min cür oyunlardan çıxsam da, bir çox yerlərdə məni sakit təbiətli, namuslu bir kişi kimi tanıyırlar, hi, hi, hi.
Rahat yaşayıram. Üç yerdə evim, üç yerdə bağım, beş obyektim, xaricdə bir villam, yaxşı pulum var. Artıq haçansa məni vəzifədən çıxarsalar da, bəy kimi dolanacağam. Pis odur ki, nə vaxtsa yuxarılar məni incidə bilər. Ona görə də onların sözünə qulaq asmaq lazımdır. Mənə yüzlərlə adam yaltaqlanır, niyə mən 2-3 adama yaltaqlanmayım? Əgər haçansa məni törətdiyim əməllərə, qanunsuz işlərimə görə incitsələr, qaçıb gedəcəyəm xaricdəki evimə. Əsas odur ki, ingilis dilini öyrənmişəm. Artıq arvadımı, uşaqlarımı da repetitor-müəllim yanına göndərirəm, ingilis dilini öyrənirlər. Dili babat öyrənəndən sonra yola salacağam onları. Qoy gedib kef eləsinlər özləri üçün.
İşverənlərə böyük hörmətim var. Onların köməkliyi ilə mənim haqqımda danışılanlar mənə çatdırılır. Mən də lazımi tədbirləri vaxtında görürəm, hi, hi, hi, hiiii.
İşverənlərin dediyinə görə ərazimdə yaşayanların bəziləri məni cındır, şərəfsiz, ləyaqətsiz bir adam kimi tanıyırlar. Əşi, cəhənnəmə, tanısınlar da. Onlar oğurluğu bacarmadıqlarına görə mənə paxıllıq edirlər. Bacarırsız, siz də oğurluq edin, kişi kimi yaşayın. Cındırların mənim arxamca müxtəlif söz demələri heç vecimə də deyil.
Ərazimdə yaşayanlardan yalnız nemes ləqəbli demaqoqdan qorxuram. Nə siqaret çəkir, nə içki içir, nə arvadbazlıq edir, nə də oğurluq edir. Heç bilmirəm necə ilişdirim onu. Yollar axtarıram, artıq tapşırıq vermişəm, ağladacaqlar onu. Köpək oğlu, hələ bir dayan, məni istəyənlər nəfəsini kəsəcəklər.
Gözəl atam. Atam mənə deyir ki, çalış vəzifəni itirmə. Əgər vəzifədən çıxarılsan, sənə yaltaqlananların sayı azalacaq. Atamın məsləhətləri mənə əzizdir, ona qulaq asmalıyam. Ata, bu çətin həyat yolunda yaxşı dolanmağıma, kef edə bildiyimə görə yalnız sənin qarşında baş əyirəm. Canım ata, gözəl atam...

 Yaxşı “ovçuyam”
 
Əmimə həmişə can sağlığı, uzun ömür arzulayıram. Ailədə dörd uşaq idik. Atam fəhlə işləyirdi, aldığı maaş az olduğundan bizi güclə dolandırırdı, yaxşı yeyib-içə bilmirdik. Qarşıma məqsəd qoymuşdum ki, yaxşı oxumalıyam. Yaxşı da oxuyurdum. Müəllim olmaq arzusundaydım. Yaxşı ki, əmimin sözünə qulaq asdım. Əmim mənə ded ki, “ay qardaş oğlu, nəbadə müəllim olasan, əgər müəllim olsan, atan kimi kasıb olacaqsan, get yol polisi ol, hər gün pul qazan”. Universitetdə də yaxşı oxudum. Yazıq atam, diplomumu aldıqdan sonra, o, qohumlardan borca pul aldı, həyətdəki torpaqdan dörd sot satdı, yuxarılara xeyli rüşvət verdi və məni yol polisi əməkdaşı kimi işə götürdülər.
Artıq yeddi ildir ki, yol polisində xidmət edirəm. Sürücülərdən rüşvət alıram, pul verməyənin maşınını əlindən alıram, saldırıram cərimə meydançasına. Maşını cərimə meydançasından çıxartmaq üçün üçqat pul verməli olurlar. Çox gözəl zəmanədə yaşayırıq. Şikayətə baxan yoxdur. Rəisim deyir ki, “nə edirsən et, təki çoxlu pul qazan, mənim də haqqımı ver”. Sağ olsun rəis, dağ kimi durub dalımda. Öz aramızdır, rəis də hər ay yuxarıların haqqını verir. Əgər yuxarılara rüşvət verilməsə, bizi incidərlər.
Məndən heç vaxt şikayət edən olmayıb. Bahalı maşın sürənlər yol hərəkəti qaydalarını pozsalar da, onları saxlamıram. Atam-qardaşım, varlı adamdır, qoyar bir şillə qulağımın dibinə, nə edə bilərəm ona. Kasıbları incidirəm, jest edirəm, ciblərində nə qədər pulu varsa, əllərindən tutub alıram.
Amma 21 Martda - Novruz bayramı günü 60 yaşlı motosikl sürən kişini yaman incitdim. Mənə dedi ki, qəbir üstünə getmişdim, doğmalarımı ziyarət etdim. Motosiklin dövlət nömrə nişanı olmadığına görə ona hədə-qorxu gəldim. Yazıq mənə gözləmədiyimdən də çox pul vermək istədi. Ani olaraq fikirləşdim ki, ondan çox pul ala bilərəm. Axı, mən yaxşı “ovçuyam”. Kimdən çox pul qoparmaq olarsa, dərhal anlayıram. Onu azad etməkdən ötrü 500 dollar istədim. Yazıq yalvarmağa başladı ki, vallah o qədər pulum yoxdur. Protokol yazmasam da, motosikli saldırtdırdım cərimə meydançasına. Üstündən on dəqiqə keçməmiş sürücü öz pul kartını mənə verdi. Onun kartındakı bütün pulları köçürtdüm öz kartıma.
Bu gün yatandan ta səhərədək dəhşətli yuxu gördüm. Motosikl sürən kişi idi. Mənə deyirdi ki, “ay insafsız, bilmirsən ki, sənin qarşından keçən motosikllərin 70 faizinin nömrəsi yoxdur? Hətta onların əksəriyyətinin sürücülük vəsiqəsi də yoxdur. Mən isə profesional sürücüyəm, ömrüm boyu sürücü işləmişəm. Motosikl sürənlərdən hansı biri sənə indiyədək beşqat pul təklif edib? Sənə 10 manatdan artıq pul verən olubmu? Amma sən məndən verdiyim pulu qəbul etmədin. Düşündün ki, cibimdəki pulların hamısını məndən alasan. Aldın da. Düşünmədin ki, bütün pulumu əlimdən aldın, bu binəva necə dolanacaq? Sən cinayətkarsan. Protokol yazmadın, motosikli cərimə meydançasına qoydurdun, sonra da olan pulumun hamısını əlimdən aldın. Həmin pul ilə mən ailəmi bir ay dolandıracaqdım. İnsafsızsan, vicdansızsan. Səndən şikayət etmədim, bilirsən niyə? Çünki şikayətə baxan yoxdur. Səni görüm, məni ağlada-ağlada aldığın pula özün üçün dərman alasan. Əclaf”.
Bu gecəki yuxu mənim heç vaxt yadımdan çıxmaz. Yaşlı kişi düz deyir, həqiqətən də insafsızam. Axı, mən nə edim, rəisim və yuxarıda oturanlar məni bu cür tərbiyə ediblər də...
 
 Mənə kütbeyin deyirdilər
 
Axı mən kim idim? Orta məktəbi “3” qiymətlə bitirdim. Dərslərimdən çox vaxt “2” qiymət alırdım. Sinif yoldaşlarım mənə kütbeyin deyərək, ələ salırdılar. Hə, nə olsun? Siz “4”, “5” alırdınız. Sonrası nə oldu? Müəllim, tibb bacısı, jurnalist, nə bilim, nə. Hə, bax, indi deyin, kim yaxşı yaşayır?
Yaxşı ki, məktəbi bitirdikdən sonra atam mənə görə rüşvət verib kollecə daxil etdirdi. Heç orada da yaxşı oxumurdum. Bütün zaçot və imtahanlar zamanı müəllimlərə rüşvət verib qiymət alırdım.
Axı mən kim idim? Heç yerdə mənə hörmətlə yanaşmırdılar. Savad yox, yaradıcılıq yox, özüm də həyasızın, şantajistin biri. Kolleci ölüm-zülüm bitirdikdən sonra uşaq bağçasında tərbiyəçi işləyirdim, maaş az olduğundan çətinliklə dolanırdım.
50-dən çox kişi ilə əyləndim. Əclaflar, hamısı etibarsız çıxdı. Keflərini çəkəndən sonra nəyisə bəhanə edib məndən aralanırdılar. O kaftara can sağlığı arzulayıram. Nə yaxşı ki, onunla “dostlaşdım”, yaxınlıq etdim. Mənim kimi etibarsıza, fırıldaqçıya, ha, ha, ha, haaa, inandı, var-dövlətini mənim üçün xərclədi. Sən nə yamansan, a pul; canlar alansan, a pul; evlər yıxansan, a pul; evlər tikənsən, a pul. Deyirlər, adamın gərək dayısı olsun. Qələt edib deyirlər. Dörd dayım var. Hə, nə olsun ki... Dördü birə dəyməz, biri heç nəyə. Nə etdilər mənim üçün? Heç nə... Pulun var, deməli daydayların da var. Adam tapıb, pulumu verib, işimi gördürəcəyəm. Qoy bir az da pul yığım, lap böyük vəzifəyə gedəcəyəm, hələ bir dayanın, baş idarəyə rəis təyin olunmalıyam. Böyük vəzifəyə təyin olunmaqdan ötrü qarşıma məqsəd qoymuşam. İndi də yaxşı dolanıram, amma bax, onda qaz vurub, qazan dolduracağam.
 Neçə-neçə məmur fırıldaq yollarla qazandığı pullarla xarici ölkələrdə mülklər alıblar. Axı, mən kimdən əskiyəm? Nə olsun ki, evim, bağım, maşınım var. Hələ bir dayanın, hesablamalarıma görə mənim 45 yaşım olanda, mən də xaricdə ev alacağam. Amma mənə orada 2-3 mülk lazım deyil, biri bəsdir, mən çox gözütox adamam. Vaxtilə mənə kütbeyin deyənlər, indi varlı qadın olduğuma görə qabağımda ikiqat olub, xanım, - deyə müraciət edirlər. Ha, ha, ha, haaaa...
Amma, vəzifə nə gözəl şeymiş. Uşaq bağçasının müdiriyəm. 22 işçim var. Onlardan 5 nəfər ölü canlardır, qurban olaram o ölü canlara, ümumiyyətlə işə gəlmədiklərinə görə maaşları bütünlüklə mənlikdir. Digər işçilərdən hər ay haqqımı alıram. O köpəkoğlunun qızının torbasını hökmən tikməliyəm, durnabaş köpək qızı. O gün mənə deyir ki, mən ali təhsilliyəm, az maaş alıram, çətinliklə dolanıram, vicdanla işləyirəm, işimə də məsuliyyətlə yanaşıram, hər ay məndən niyə qeyri-qanuni pul alırsan? Dedim əcəb edirəm, get hara şikayət edirsən, et. Hara şikayət edir-etsin. Məni yoxlamağa gələnin cibinə xərclik qoyub yola salacağam. Gələn kosmosdan gəlmir ki? Məni yoxlamağa gələn də, mənim kimi fırıldaqçının biridir də. Dolanıram, dolandırmalıyam... Dayan, durnabaş, səni əsassız işdən çıxarmaq üçün şıxış yolu axtarıram, 2-3 aya  bu məsələ həllini tapacaq. Kül sənin başına, dilini qoy o dar yerinə, dilini dinc saxla, işini işlə də. Axı, sənin müdirlə nə işin var? Səni işdən çıxaracağam, başqasından yüksək pul alıb işə götürəcəyəm... Vallahi, billahi, vəzifə gözəl şeydir. Bağça uşaqları üçün verilən ərzağın 50 faizini evimə aparıram, ailəliklə yeyib-içib kef edirik. Çox olanda satıram. Bağça üçün verilən yumşaq, quru inventarları da satıram, onun yerinə elə köhnələri hesabdan silsəm də, işlədirəm. Ha, ha, ha, haaa...
Bayquşu çox istəyirəm. O, da məni çox istəyir. Xadimə işləsə də yaxşı qadındır. Quzu kəsərəm sənə. Niyə də istəməyim axı? Kollektivdə mənim haqqımda olan söz-söhbətləri mənə çatdırır – bu, bir. Evimdə təmizlik işlərini görür – bu, iki. İşçilər evə getdikdən sonra uşaqlar üçün ayrılmış ərzağın bir hissəsini zəmbillərlə evimə gətirir – bu, üç. Belə işçiyə canım qurban.
Ha, ha, ha, haa, o gün məktəb yoldaşımla təsadüfən yolda görüşdüm. Məni artıq rüşvətxor, fırıldaqçı kimi tanıdığını üzümə dedi. Ay-hay, söz altında qalmadım, dedim ki, indi hansı məmur rüşvətlə dolanmır? Bağça müdiri balaca bir vəzifədir, bağça müdirləri az qazanırlar, sən hər ay fırıldaq yollarla bir evin pulunu qazananlardan danış. Köpək qızı, sözlərimi eşitcək sağollaşmadan getdi.
Məni tanıyan müəllimlərə, tibb işçilərinə, mədəniyyət işçilərinə, ancaq maaşla dolananlara demək istərdim ki, gördünüz, orta məktəbdə “2”, “3” qiymətlər alsam da, indi varlı bir qadınam. Nə olsun ki, savadlı və ağıllısınız? Varlı olmaqdan, yaxşı yaşamaqdan ötrü çıxış yolu tapmaq lazımdır. Mənim savadım olmasa da, həm bicəm, həm də ağıllı. Tək ağıllı olmaqla qabağa getməzsən, həm də gərək bic olasan. Yalan danışmağı qəşəng bacarıram, lazım gəlsə yaltaqlanıram, lazım gəlsə şər ataram, xoşum gələn kişiyə özümü sevdirə bilirəm, beş kişini əlimdə elə fırladıram ki... Ha, ha, ha, haaa. Gedin, gedin işinizlə məşğul olun, işinizə məsuliyyətlə yanaşın, ha, ha, ha, haaaaa...
 
 “Desəm, öldürərlər”...
 
Ah keçən günlər, keçən dövrlər. Amma nə yaxşı günlər idi. Kimləri görmədik, nələri eşitmədik? Kimlərə rast gəlmədim? Hər cürə insanla rastlaşdım. Yalançı, acgöz, şorgöz, minsifətli cahil adamlarla yoldaşlıq etdim. Mən onları kişi hesab eləyirdim, amma nakişi çıxdılar. Mən belə bilsəydim, heç onlarla yoldaşlıq eləyərdimmi? Öz gözlərimlə çox şeylər gördüm, qulaqlarımla çox şeylər eşitdim. Söylədiklərimə inanın. İndi oturmuşam özümçün saf-çürük edirəm, o illərə qayıdıram. Dünyanın dadını, ləzzətini, ətrini yenidən duyuram.
Bir tərəfdən də fikirləşirəm. Fikirləşirəm ki, əşi niyə? Yaxşı ki, elə hər cürə insanlarla yoldaşlıq etdim, bir yerdə işlədik. Həm də mən onların təsiri altına düşməmişəm axı. Amma öz aramızdır, mən də çox oyunlardan çıxmışam ha. Ancaq kişi kimi. Alçaqlıq, satqınlıq etməmişəm, özgəsinin arvadına sataşmamışam. Çox mənəm-mənəm deyib döşünə döyən, elədiklərini gözə soxmağa çalışan kişilər görmüşəm. Özlərini tərifləmək üçün ölürlər.
Mən tükü-tükdən seçməyi bacaran adamam, illəri yormuşam. Belələrini çox dişimə vurub sınaqdan keçirmişəm. Beş barmağım kimi tanıyıram onları. Dar gündə, dar ayaqda adamı qoyub qaçandırlar. Kişi gərək dediyi sözün sahibi olsun.
“Desəm, öldürərlər”. Vallah deyəcəyəm. Görəsən dünyanın əşrəfi olan insanda hardandır bu minsifətlilik, paxıllıq, cığallıq? Yəni zəmanə xarab olub? Bəs, elə zəmanə belə “xarab ola-ola” getsə, axırımız hara gedib çıxar? Zəmanə yazıqda nə təqsir? Demək, onda bəzi insanlar xarab olub. Mərdlik, kişilik, düzlük, təmizlik azalıb elə bil. Kişi sözünün kəsəri qalmayıb. Ədalətsizlik, qorxaqlıq, miskinlik, yaltaqlıq, məddahlıq meydan sulayır.
Deyirəm e, “keçən günə gün çatmaz, calasan günü-günə”. Bu günlərdə Qanmaz Kələntər ilə görüşmüşəm. Elə özünə layiq də ayaması var. Uzun illər bir yerdə işləmişik. Balaca vaxtı bir az key fason olduğuna görə uşaqlar veriblər ona bu “kliçkanı”. Amma sonra Qanmaz Kələntər institut qurtardı, diplom aldı. Nə olsun ki, diplomu var, yenə qanmazdı ki, qanmazdı. Elə bilməyin ki, Qanmaz Kələntər ümumiyyətlə heç nə qanmır. Yox! Öz xeyrini çox yaxşı qanır. Nə deyim, vallah. Bəlkə özünü qanmazlığa qoyur. Onun üçün çox işlər gördüm. Bəhrəsini başqaları gördü. Mənə isə yalan satırdı, elə bilirdi ki, başa düşmürəm. Bu, dəfələrlə təkrar olundu, dəfələrlə məni aldatdı. Vücuduna baxırsan, görürsən ki, kişidi də. Di gəl əməlləri, hərəkətləri nadürüst, içi isə...
Neyləyim, danışıram olmur, deyirlər ki, sən çox danışansan. Danışmıram, az qalıram infarkt olum. Əlac ona qalıb ki, evdən çıxmayım, adamların gözünə görünməyim. Niyə? Çıxıram, çıxan kimi kiminləsə rastlaşıram, dərdim təzələnir. Necə işləyəsən, necə yaşayasan? Çörəyi dizinin üstündə olan ipiqırıqlar, etibarsızlar o qədər çoxalıblar ki... Bir iş görmək istəyirsən, budur ha, qabağına bir “kötük diyirlədir”, gəl görəsən. Qardaş, sözün var, üzümə de də. Təmiz adam həmişə sözünü mərdi-mərdanə deyər.
Son zamanlar bir şeyi də “kəşf” eləmişəm özümçün. Adamların çoxu elə bil robota dönüblər. Ürəkləri dəmirdən olduğuna görə dünya veclərinə deyil. Deyirəm, adamlar necə də laqeyd olublar. Mənə görə laqeydlik ən dəhşətli xəstəlikdir. Özün üçün yox, ətrafdakılar üçün. İnsanlar bir-birinə hörmətlə yanaşmırlar. Hamı laqeydlik, soyuqqanlıq azarına tutulub. Varlı qonşunun acından ölən qonşudan xəbəri yoxdur. Qadir Allah hamını yaradanda bərabər yaradıb. Yırtıcı, həris dişlər, caynaqlar sonranın məhsuludu. Güclü gücsüzü məhv eləyir. Şər, hiylə aləmi bürüyüb. İnsanlar bir-birini amansızcasına didirlər. Bir-birinin dalınca danışır, kölgəsini qılınclayırlar. Hardandır bu qədər kin, küdurət?
İnsana hörməti bərpa etməliyik. İnsan ləyaqətini təhqir edən, alçaldan nə varsa, hamısını aradan götürməliyik. Tarix dəfələrlə bizə ibrət dərsi verib də. Bəs niyə dərs götürmürük? Pis əməllər törədirik, sonra da şeytanı müqəssir sayırıq. Şeytanı öz içimizdə axtarmalıyıq. Mərdi qova-qova namərd eləyiblər. Ancaq düzə, doğruya zaval yoxdur, qardaş. Düzlük əvvəl-axır qalib gəlir. Cahillik, bədxahlıq, əliəyrilik insanı cismən də, mənən də məhv edir, alçaldır, adamlıqdan çıxarır.
İnsanlıq uca zirvədir. Hamı o zirvəyə qalxa bilmir. Kişilik, insanlıq təkcə var-dövlət, pulla ölçülmür. Doğrudur, gözəl yaşayış üçün var-dövlət lazımdır və ömrü boyu insanın bu arzusu onu rahat buraxmır. Amma onun əsirinə çevrilmək insanı artıq məhvə aparır. Deyirəm, çox pulu, var-dövləti olanları da görmüşəm, özünə qismət olmayıb.
Qardaş, mən bir şeyi başa düşə bilmirəm. Niyə axı insanlar gördükləri işin nə ilə qurtaracağını, halal-haramı düşünmürlər? Ağıllı adam gərək axı hər şeyin axırını, aqibətini gözünün önünə gətirsin. Heç olmasa gördüklərindən ibrət dərsi götürsün, ağıllı məsləhətlərə qulaq assın.
Bu qoca dünya çox tiranları, padşahları görüb. Hanı bəs o tiranlar, padşahlar? Hamısı gedəndə özü ilə beş arşın ağdan başqa heç nə aparmayıb.
Ulu tanrı hər şeyi görəndir, hər şeyi biləndir. Hər kəs öz əməllərinə, gördüyü savab işlərə görə payını alır. Bu dünyada sənə Allah tərəfindən borc verilən ömrü gərək elə yaşayasan ki, öləndən sonra heç olmasa bir rəhmət oxuyan, xatırlayan olsun. Yaşamaq istəyirsənsə, bu ömrü kişi kimi yaşa, tülkü, çaqqal kimi yox. Ancaq çox zaman əksinə olur. Bəzi insanlar əyri yolla yaşamağa can atır.
Hər gün rastlaşdığım insan selində hər cürəsi var. Qarşıma çıxanlara ucadan demək istəyirəm:
-Ey insan, özünü ələ əl, özünə bir də ayıq nəzər sal. Özünü tarazlaşdır. Bu çətin zamanda həyat yolunu doğru-düzgün müəyyənləşdir! Sözünün, səsinin, haqqının sahibi ol. Zamanın qasırğası, tufanı qarşısında möhkəm dayan.
Hər şey yaxşı olacaq. Bu özü də bir təsəlli, güman işığı, ümid işığıdır...

"Paralel.az" 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

0.021711111068726