“Onların təminatı ən yüksək səviyyədə olmalıdır, xaricdən adam gətirəcəyik?” - VİDEO
Azərbaycan Respublikası Vəkillər Kollegiyasının (ARVK) Rəyasət Heyətinin üzvü, vəkil Muxtar Mustafayev 60 illik yubileyi ərəfəsində İN Media yutub kanalına müsahibə verib.
O, müsahibəsində vəkilliyə başladığı illərdən, hələ gənc yaşlarında bu sahədə yeni-yeni addımlar atdığı ilk vaxtlarda vəkil kimi qazandığı nailiyyətlərdən, maraqlı və yadda qalan məhkəmə proseslərindən söz açıb.
Ömrünün yarıdan çoxunu hüquq sahəsinə həsr edən yubilyar burada üzləşdiyi çətinliklərdən də bəhs edib.
M.Mustafayev ARVK-nın son illər əldə etdiyi uğurlardan, Kollegiyanın inkişafından və fəaliyyətindən danışıb. O, bütün bunların ARVK-nın sədri Anar Bağırovun rəhbərliyi altında reallaşdırıldığını söyləyib. Hüquqşünas əlavə edib ki, məhz ARVK-ya qəbul qaydalarında şəffaflığın yaradılması nəticəsində bu sahəyə maraq xeyli artıb.
M.Mustafayev sonda vəkil olmaq istəyən gənclərə müraciət edərək onlara öz tövsiyələrini verib.
Qeyd edək ki, M.Mustafayev 1987-ci ildən hüquq sahəsində çalışır. 1991-ci ilədək Gəncə Cihazqayırma Zavodunun Hüquq şöbəsinin rəhbəri olub. O, 1991-ci ildə “Ədalət” hüquq firmasını təsis edib. 1993-1997-ci illərdə Bakı Şəhər Prokurorluğunda şöbə prokuroru olub. Lakin öz xahişi ilə oradakı işimdən ayrılıb. Bir müddət “Ədalət” hüquq firmasında fəaliyyətini davam etdirib. 2005-ci ildən isə ARVK-nın üzvüdür. Həmçinin, o, 3-cü çağırışdır ki, Kollegiyanın Rəyasət Heyətinin üzvüdür.
Xatırladaq ki, M.Mustafayev Prezident İlham Əliyevin ötən ilin dekabrın 28-də imzaladığı Sərəncamla Azərbaycanda vəkilliyin inkişafındakı xidmətlərinə görə “Tərəqqi” medalı ilə təltif edilib.
M.Mustafayevlə videomüsahibəni təqdim edirik: