Trotskinin Türkiyədəki evi - Firuz Mustafa 

Trotskinin Türkiyədəki evi - Firuz Mustafa 
 

Trotskinin bir müddət Türkiyədə, İstanbul civarındakı bir adada yaşadığı barədə çoxdan məlumatlı idim. Moskvada nəşr edilən "Arqumentı i faktı" qəzetində və "Oqonyok" jurnalında sovet dövrünün sonlarında bu barədə tez-tez yazırdılar.

İş elə gətirdi ki, haqqında oxuduğum o yerləri az qala otuz il sonra görmək mənə müyəssər oldu.

Bilənlər bilir: Lev Trotski sovet hökumətini quranlardan biridir. Kompartiyanın gələcək Baş katibi Stalin hələ 1918-ci ilin noyabrında Rusiyada Sosialist inqilabının qələbəsinin bir illiyi münasibətilə yazdığı məqalədə sovet dövlətinin yaranmasını iki adamın adıyla bağlayırdı. Bu iki nəfərdən biri Trotski, digəri isə Lenin idi. O zamanlar Trotski Qızıl Ordunun yaradıcısı və komandanı, habelə İnqilabi hərbi şuranın sədri idi.

Lenin öləndən sonra hakimiyyət uğrunda gedən mübarizədə Stalinlə Trotskinin yolu ayrıldı. 1927-ci ildə Lev Trotski bütün postlardan, o cümlədən, Siyasi Büro üzvlüyündən xaric edildi. Stalin öz keçmiş inqilabçı həmkarını əvvəlcə Qazaxıstana sürgün etdi. Amma Lev Davıdoviçin yaxın məsafədən hakimiyyətə təsir etmə imkanlarının tükənmədiyini düşünən Stalin onu bir qədər də "uzağa" göndərməyi qərara aldı. Bu "uzaq" yer Türkiyə idi. O vaxtlar Stalinlə Türkiyə lideri Mustafa Kamal arasında münasibətlər, türklər demiş, "sıcaq" idi. 1929-cu ildə Trotski "İliç" teploxodunda "çekistlərin" ciddi nəzarəti altında arvadı Natalya və oğlu Levlə Türkiyəyə gəldi. İki dövlət rəhbəri arasında belə bir şərt kəsilmişdi ki, Trotskinin həyatı qorunsun. Trotski də öz növbəsində qovulduğu və məskunlaşdığı dövlətlərin heç birinin siyasi konularına müdaxilə etməyəcəyinə "söz" vermişdi.            

Beləliklə, Trotski və ailəsi İstanbul yaxınlığında, Mərmərə dənizindəki Böyük adada məskunlaşdı. Və məşhur inqilabçı bu "uzaq, yaşıl ada"da dörd il yaşadı.

Dediyim kimi, mən həmin yer haqda çoxdan məlumatlı idim.

Yayın sonlarında İstanbul şəhərində pyesimin premyerası idi. Fürsətdən istifadə edib Mərmərə dənizinin sahilində dostlarla gəzintiyə çıxmışdıq. Uzaqda görünən adalar diqqətimi çəkdi. Bosfora sarı boylandığımı görən yerli müsahiblərimdən biri dedi:

- Bax, o birinci adaya biz Böyükada deyirik. Ondan sonra daha dörd ada var. Amma onlar nisbətən kiçik adalardır. Oraya gəmilər gedir. İstəsəniz, gedib o gözəl yerlərlə tamış ola bilərsiz.          

Hə, deməli, məşhur Böyükada lap yaxınlıqda imiş... Mən Trotskinin vaxtilə həmin adada yaşadığını söyləyəndə müsahiblərimin çoxu təəccübləndi. Amma İstanbuldakı "Azərbaycan Evi"nin rəhbəri Hikmət Elp dediklərimə bəraət verərək dilləndi:

- Bəli, doğrudur, Trotski həqiqətən o adada yaşayıb.

Bir gün sonra mən gəmi-bərəyə minib Trotskinin "evi"ni axtarmağa yola düşdüm.

Doğrusunu deyim ki, mənim Trotskiyə heç zaman heç bir rəğbətim olmayıb. Düzdür, onun həyatı haqda bir neçə kitab da oxumuşam. Bilirəm ki, "alovlu tribun" olub, poliqlot kimi bir neçə dili mükəmməl mənimsəyib. Üstəlik, ədəbiyyatı sevib və özü də bədii yaradıcılıqla məşğul olub. Amma qəddarlığına, qaniçənliyinə də söz olmayıb. İnqilabı qəbul etməyən milyonlarla adamın məhvinə fərman verib. Maraqlı burasıdır ki, "inqilabın iblisi" adlandırılan bu adamın fəaliyyətinə sevgi bir çox ölkələrdə bu gün də yaşamaqdadır. Ən maraqlısı budur ki, bizim məmləkətimizdə də hərdən "trotskiçilər"in "səsi" eşidilir. 

     

Hər halda bir müsafir kimi onun yaşadığı evi və ya mənzili görmək pis olmazdı - fikriylə Böyükadada "Trotskinin evi"ni soraqlamağa başladım.

Ada haqda qısaca onu deyə bilərəm ki, bura çox mənzərəli bir yerdir.

Əvvəlcə Böyükadada Trotskinin yaşadığı yeri tanıyan bir kimsəni bula bilmədim. Yalnız bir faytonçu həmin evin yerini bildiyini dedi və özü də vəd etdi ki, istədiyi paranı versəm, işlər düzələ bilər. Məbləği soruşdum.

- Hocam, yüz lirə versən, apara bilirim, - dedi.

Mən bu məbləğın çox olduğunu dedim. O, səksən, sonra isə yetmiş lirəyə razılaşdı. Mən yenə etiraz etdim: "Əlli lirə..." Faytonçu qamçısını atların başı üzərində şaqqıldadaraq faytonunu sürüb məndən uzaqlaşdı.

Yeri gəlmişkən deyim ki, bu "yaşıl, uzaq ada"da ekoloji təmizliyi qorumaqdan dolayı avtomobillərdən istifadə olunmur. Daha doğrusu, burada heç yerli-dibli avtomobil yoxdur. Minik vasitəsi kimi yalnız faytondan və velosipeddən istifadə edilir. Və onu da deyim ki, məşhur "Çalı quşu" filminin əksər kadrları bu adada lentə alınıb.

 

Böyük adanın cəmi 5-6 min daimi sakini var. Amma yay-yaz aylarında buraya gələnlərin, burada yaşayanların sayı on dəfə artır, olur 50-60 min adam. Türkiyənin zəngin adamlarının bir çoxunun burada villası var. Dedilər ki, son zamanlar burada Qafqazdan, habelə bizim ölkəmizdən gedən imkanlılar da ev-eşik alıb.

Məşhur türk yazıçılarından bir çoxu, o cümlədən, Orxan Pamuk bu adada istirahət etməyi çox sevir.

Mən "Trotskinin evini" axtarmaq üçün daha bir neçə adama müraciət etdim. İşin tərsliyinə bax ki, bu evi "gördüm" deyən yox idi. Faytonçunun istədiyi məbləği ödəmək isə mənim kimi sıravi müsafir üçün sərfəli deyildi. Axı hələ tamaşanı hazırlayanlara da nəsə bir yüngülvari qonaqlıq vermək lazım idi...

Axtarışımı davam etdirməkdə qərarlı idim.

Yaşıl xiyabanlardan birini ötüb keçərkən qarşıma çıxan bəstəboy, arıq, çəlimsiz, nurani bir kişiyə yaxınlaşıb öz amacımı yenə dilə gətirdim.

O, əlüstü cavab verdi:

- Ben o evi tanıyorum. Buyurun, gedək. Sizi müşayiət edərim. Trotskinin yaşadığı ev yakındadır...

Demək, faytonçu mənə düz demirmiş... Tacirlər və sürücülər dünyanın hər yerində eyni...

Bu xeyirxah, mədəni, ziyalı insanla yaxından tanış olduq. Yalçın Çilingir ixtisasca memardır. Bütün həyatı bu ada ilə bağlı olub. Söhbət əsnasında Yalçın bəyin çox geniş mütaliəyə və dünyagörüşə malik olması məni heyrətləndirdi. O, Azərbaycanı çox sevir, ədəbiyyat vurğunudur. Dediyinə görə, Üzeyir Hacıbəylinin və Qara Qarayevin musiqisinin, Nəbi Xəzri və Bəxtiyar Vahabzadənin şeirlərinin, Rəşid Behbudov və Zeynəb Xanlarovanın səsinin heyranıdır.

Biz söhbətləşə-söhbətləşə geniş xiyabandan nisbətən dar bir yola düşdük. Üzüaşağı enməyə başladıq. Yaşıl, sıx ağacların arasından Mərmərə dənizinin mavi suları parıldayırdı.

Az sonra Yalçın bəy dedi: 

Hə, çatırıq...              

"Trotskinin evi" sahildə imiş. Əslində indi buraya ev yox, "evin qalıqları" demək olardı. Vaxtilə "inqilab iblisinin" yaşadığı üçmərtəbəli evin yerində yanıb sıradan çıxmış hündür kərpic divarlar qalmışdı. Mülkün geniş həyəti vardı.

Evin darvazası möhkəmcə bağlanmışdı. Hətta, köhnə dəmir qapının üstünə yazılmışdı ki, içəri keçməyə cəhd edən kəsi elektrik cərəyanı vura bilər. Darvaza və qapının üstünə qələm, karandaş və kömürlə çoxlu "şüar" və "çağırışlar" da yazılmışdı. Rus və türk dillərində oxuduğum cümlələrdə bu cür fikirlərə daha çox rast gəlmək olurdu: "Trotski sağdır", "Trotski ölməyib", "Trotski dünya inqilabının başçısıdır".

Öyrəndim ki, 1931-ci ildə -Trotski həmin evdə yaşayarkən yanğın baş verib. Bu, onunla əlaqələndirilir ki, Trotski verdiyi vədi "unudaraq" Stalin haqda kəskin yazılarla çıxış edirdi. Ehtimal olunur ki, evi Stalinin Türkiyədəki tərəfdarları yandırıb. Əslində o zaman Türkiyədə elə Trotskinin tərəfdarları da az deyildi.

Məlum olduğu kimi, Trotski Türkiyədən çıxarılandan sonra əvvəlcə Fransaya, sonra isə Norveçə gedib. Lakin Stalinin "adamları" onu hər yerdə izləyirdi. Nəhayət, Lev Davıdoviç 1936-cı ildə Meksikaya getməli olub. O, məşhur rəssamlardan ər-arvad Frida Karlo və Dieqo Riveronun mənzilində yaşayıb. Həmin rəssamlar da kommunist idi. Taleyin hökmünə baxın ki, Trotskinin qətlində xüsusi rol oynayan şəxs də də rəssam, bu "ölüm layihəsinin" müəllifi Sikeyros adlı stalinçi bir rəssam idi. Bütün işlərə isə NKVD zabiti, kəşfiyyatçı İosif Romualdoviç Qriquleviç rəhbərlik edirdi (1913-1988). 1940-ci ilin avqust ayının 20-də Qriquleviç və Sikeyrosun hazırladığı plan üzrə əməliyyat həyata keçirildi. Qəzetçi-jurnalist Ramon Merkader (1913-1978) söhbət etmək, götürdüyü müsahibəni oxumaq bəhanəsiylə Trotskinin yaşadığı mənzilə getmiş, onun başına buz baltası ilə zərbələr endirmişdir. İki gün sonra "inqilab iblisi" gözlərini əbədi yumdu. Həmin xəbəri eşidən Stalin öz keçmiş dostunun qətlini bayram kimi qeyd etmişdir.                          

Yeri gəlmişkən, 20 il Meksikada həbsxanada cəza çəkən Ramon Merkader sonralar gizli yolla Moskvaya gətirilərək, 1960-cı ildə Sovet İttifaqı Qəhrəmanı adına layiq görüldü.

Əlbəttə, Trotskinin adı ilə bağlı tarixi çözələsək, çox uzaqlara gedə bilərik. Amma indiki halda söhbətin mövzusu tamamilə fərqlidir.

Mən indi bu evin kimə məxsus olduğu ilə maraqlanıram.

Demə, bu ötən illər ərzində Trotskinin yaşadığı evdə bir neçə dəfə təmir işləri görülüb, amma... üç dəfə yanğın baş verib. Ev bir neçə dəfə satılıb, əldən-ələ keçib. Yerli sakinlər yarızarafat-yarıciddi belə hesab edirlər ki, bu ev əbədi lənətlənib, burada Trotskinin məkrli ruhu dolaşır.

2002-ci ildə haqqında söhbət gedən evin sahibəsi Nərminə xanım mülkü 2,5 milyon dollara satıb. Evin indiki sahibi Trotskinin beynəlxalq "imicindən" istifadə edib mülkə daha yüksək qiymət müəyyənləşdirib; ev sahibi belə hesab edir ki, kommunist ideyasının tərəfdarları Bosfor sahilində böyük bir muzey yarada bilərlər.

Burada çox məşhur adamlar olub. Vaxtilə bu evin yaxınlığındakı hoteldə bir müddət qalan Ernest Heminquey də yanmış evə baş çəkib...

Mən yeni tanışım Yalçın Çilingirlə evin bir neçə görüntüsünü kadra alıram. Sonra səssiz küçə ilə üzüyuxarı qalxırıq.

Dönüb yuxarıdan Trotskinin "evi"nə sarı boylandım. Qırmızı kərpicdən tikilmiş uca, möhkəm divarlar yaşıl ağacların arasından boylanır. Bu qıpqırmızı divar nədənsə mənə kommunistlərin artıq param-parça olmuş qırmızı rəngli bayrağını xatırlatdı.

Yalçın Çilingirlə söhbət edə-edə sahilə doğru üz tutduq.

Artıq axşam düşmüşdü.

Uzaqdan İstanbulun sayrışan ulduzları dənizdə yuyunurdu.

P.S. Bir dəfə Trotskinin İstanbuldakı evi ilə bağlı "xatirələrimi" danışarkən hörmətli yazıçımız Anar müəllim gülümsəyib dedi: "Mən də Trotskinin yaşadığı evdə olmuşam, amma... onun Meksikadakı evində.   Elə həmin evdə də öldürülüb. Mənzilin divarlarında güllə izləri qalmaqdadır. Bu, 1940-cı ildə Trokskiyə qarşı məşhur solçu  rəssam Siqeyros tərəfindən edilən, amma baş tutmayan birinci sui-qəsd zamanı atılan güllələrin izidir. İndi həmin ev muzey kimi fəaliyyət göstərir. Muzeyin əməkdaşları mənim haradan gəldiyimlə maraqlandılar və təəccübləndilər. Sən demə, indiyəcən SSRİ-dən bu muzeyə gələn müsafir olmayıbmış".

...Təbii ki, belə "qorxulu yerlərə" baş çəkmək o illərdə elə də asan deyildi...

Orasını da qeyd edim ki, Trotski və arvadı Natalya Sedovanın qəbri həmin evin həyətindədir. Belə güman edirəm ki, "inqilab iblisini" ümumi qəbiristanlıqda dəfn etməkdən ehtiyat ediblər. Axı "Stalinin əli" oraya da asanca çata bilərdi...

Paralel.az 

0.02749490737915