Laləli çəmənlik görmək istəyənlər, tələsin! - VİDEO
Ağgöl Milli Parkı ölkəmizin ən zəngin biomüxtəlifliyə malik xüsusi mühafizə olunan təbiət ərazilərindən biridir və unikal təbii landşaftı ilə daim diqqət mərkəzindədir. Parkın daha bir özəlliyi isə yaz fəslində gözoxşayan laləli çəmənliyin ecazkar mənzərəsidir.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat katibi İradə İbrahimova bildirib ki, Ağgöl Milli Parkında lalələr hər il aprel ayının əvvəlindən başlayaraq çiçəkləyir və proses hava şəraitindən asılı olaraq aprelin ortalarına, bəzən isə ikinci ongünlüyünə qədər davam edir.
"Təxminən 100 hektarlıq ərazidə qırmızı xalıya bürünən laləli çöllər milli parkın Qaraqobu və Böyük Ağgöl turizm marşrutlarının üzərində yerləşir.
Parkın zəngin su-bataqlıq ekosisteminə ayrıca bir rəng qatan həmin mənzərəni görmək üçün turistlərin vaxt itirmədən elə bu həftəsonu yolunu Ağgöl Milli Parkından salması tövsiyə edilir. Hər kəsi füsunkar peyzajdan zövq almağa səsləyirik", - deyə İ.İbrahimova qeyd edib.
Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin rəsmisi Arzu Babayeva isə söyləyib ki, Azərbaycan Respublikası ərazisində ceyranların mühafizəsi, reintroduksiyası və tarixi areallarının yenidən bərpası” layihəsi çərçivəsində 2010-cu ildən cari dövrədək Şirvan Milli Parkından Ağgöl Milli Parkının ərazisinə 26 baş ceyran fərdi reintroduksiya olunub və aparılan son sayğı zamanı parkda 87 baş ceyran qeydə alınıb.
"Hazırda milli parkda balalama dövrünü yaşayan xeyli sayda dişi fərd müşahidə olunur. Bu, çox sevindiricidir və o deməkdir ki, Ağgöl Milli Parkında ceyran populyasıyası müsbət dinamika ilə inkişaf edir".