Yeni Eraya keçid təhsildən başlamalıdır - Dos. İlham Əhmədov
Prezident İlham Əliyevin ölkənin sosial-iqtisadi inkişafında yeni ideyalar əsasında Yeni Eraya keçid təklifi tarixi inkişaf baxımından çox aktualdır. Bu keçidi məhz təhsildən başlamaq lazimdir. Çünki, keyfiyyətli təhsil milli təhlükəsizlik məsələsi olmaqla ysnsşı, ölkənin bütün istiqamətlərdə inkişafının təminatçısıdır.
Ali təhsil sistemimizdə 30 il ərzində yüzlərlə problemlər qalaqlanmışdır. Təəssüf ki, bu problemlər nə ciddi müzakirə obyekti olur, nə də həll olur. Son 20 ildə heç bir universitetimiz BOLONİYA prosesi tələbləri səviyyəsinə yüksələ bilmədi, Avropa Təhsilin Keyfiyyəti Agentliyində Beynəlxalq Akkreditasiyadan keçmədi.
Universitetlərimizin verdiyi diplomlar Avropada keçərli deyil, yəni təhsilimizin rəqabətqabiliyyəti yoxdur.
Qlobal reytinqlərdə mövqelərimiz bərbaddır. Hansını deyək?
Onsuz da dəyirman öz işindədir. Ali təhsilin özülü məktəbdə qoyulur, məktəbdən zəif gələn şagirdlərin universitetlərə kütləvi qəbulu, çətin durumda olan universitetləri daha çətin vəziyyətə salır, keyfiyyətə pis təsir edir.
Biz 20 ildir bu məsələləri qaldırırıq, təhlil edirik, amma aidiyyatı qurumların sanki marağında deyil problemlərin həlli. Hər halda 20 illik fəal müşahidə və təhlillərin nəticələri bunu deməyə əsas verir.
ETN tərəfindən atılan addımlar əsasən iş görüntüsü yaratmaq, nəticəsi olmayan gündəlik forumlar, qurultaylar keçirmək, selfi çəkdirmək, paylaşmaqdan ibarətdir.
Məsuliyyətli, problemləri real, düzgün qiymətləndirməyi bacaran peşəkar komandalar, beyin mərkəzləri yaranmalı, təhsil problemləri müzakirə edilməli, həll yolları tapılmalı, təkliflər verilməli, konkret işlərə başlanılmalıdır.
Yeni eraya keçid məhz təhsildən başlamalıdır. Amma hələ ki, b.e.-dan əvvəlki dövrdəyik deyəsən.
Bilmirik ki, Yeni Eranın təhsilini necə, kimlərlə, hansı strategiyalarla, hansı layihələrlə qurmaq istəyirik.
ETN bu məsələlərə xüsusi diqqət verməlidir.
Son illər yüzlərlə kiçik həcmli məqalələrdə xeyli konkret təkliflər vermişik, amma deyəsən marağındaan yoxdur.
Bütün təhsil siyasəti sanki, ölkəni başına almış total kurs və repetitorxanalar şəbəkəsinin qurulmasından, bunun kütləviliyini təmin etməkdən ibarətdir. Bəlkə də dünyada elə bir milli təhsil sistemi yoxdur ki, kölgə təhsili bu səviyyədə inkişaf etmiş olsun. Kölgə təhsili məktəbəqədər pillədən MİQ-ə qədər fasiləsiz repetitor təhsilini əhatə edir. Amma fasiləsiz kölgə təhsili yox, əslində rəsmi və keyfiyyətli milli fasiləsiz təhsil sistemimiz olmalıdır.
Kölgə təhsili heç də təsadüfən yaranmayıb, burda kimlərinsə böyük biznes maraqları var.
Təhsilə dair azsaylı müzakirələr, məqalələr və dəyirmi masalar əksər hallarda fərdi təşəbbüslər olaraq təşkil edilir. Bu təşəbbüslər illərlə mövcud olan ciddi problemlərin sistemli və kompleks həlli ola bilməz, sadəcə olaraq məqsəd təhsildəki çoxsaylı və günbəgün artan problemləri diqqət mərkəzinə gətirməkdir. Ölkənin təhsil siyasəti məhz bu məsələlərin həllinə istiqamətlənməlidir.
Təhsil müzakirələrinə hər zaman ciddi ehtiyac var.
Ümid edirik ki, Yeni Eraya keçid ciddi elmi araşdırmalar, onların nəticələrinin müzakirələrini təşkil etmək, yerlərdən verilən ideya və təkliflər əsasında mümkün ola bilər. Bütün bunlar təhsilin inkişafına təkan verə bilər, əgər müvafiq qurum da bu inkişafda maraqlıdırsa.
Paralel.az