Qərbi Azərbaycanın demoqrafiyası –Araşdırma

Qərbi Azərbaycanın demoqrafiyası –Araşdırma
 

Qərbi Azərbaycan İcmasının İdarə Heyətinin üzvü, Atatürk Mərkəzinin Beynəlxalq əlaqələr şöbəsinin müdiri, kimya üzrə fəlsəfə doktoru Nazir Əhmədli Qərbi Azərbaycanın demoqrafiyası ilə bağlı araşdırma aparıb.

Paralel.az araşdırmanı təqdim edir:

“1801-ci ildə Qərbi Azərbaycanın Pəmbək, 1805-ci ildə Şörəyel əyalətlərinin Rusiya imperiyası tərəfindən işğalından sonra hər iki əyalətin etnik tərkibində kəskin dəyişikliklər baş verdi. Rus mənbələrinin məlumatına görə, işğala qədər Pəmbək əyalətində 3588 türk (azərbaycanlı) ailəsi və 21 min 800 türk, 612 erməni ailəsi (3900 nəfər), ümumilikdə cəmi 4200 ailə və 25 min 700 nəfər yaşayıb.

Türklər Pəmbək əhalisinin 84,82 faizini təşkil edirdilər. İşğaldan sonra türklər ərazini kütləvi şəkildə tərk etmişdilər. 1826-cı ilin məlumatına görə, burada cəmi 583 türk ailə (3498 nəfər) qalmışdı. Ermənilərin sayı isə 1360 ailəyə və ya 8620 nəfərə çatmışdı. Həmin ilin məlumatına görə, Pəmbəkdə yaşayan ailələrin sayı 1943-ə, əhalinin ümumi sayı isə 12 min 118 nəfərə enmişdi.

Pəmbək əyalətini tərk edən müsəlman əhalinin bir hissəsi İrəvan xanlığının, qalanı isə Qacarlar dövlətinin ərazisinə getmişdi.

İşğaldan əvvəl Şörəyel əyalətində 3706 müsəlman-türk ailəsi (22 min 500 nəfər), 394 erməni ailəsi (2560 nəfər), cəmi 25 min 060 nəfər qeydə alınmışdı. Türkk-müsəlman əhali sakinlərin 89,78 faizini təşkil edirdi. 1826-cı ildə isə Şörəyel əyalətində cəmi 377 müsəlman ailəsi (2262 nəfər) qalmışdı. Ermənilərin sayı isə artaraq 1034 ailəyə və ya 6720 nəfərə çatmışdı.

1801-ci ildə İrəvan xanlığında 133,9 min nəfər əhali yaşayırdı. Onun 102,3 mini müsəlman, 30,9 mini erməni, 0,7 mini başqa etnosların nümayəndələri idi. Müsəlmanlar İrəvan xanlığı əhalisinin 76,4, ermənilər isə cəmi 23,08 faizini təşkil edirdilər. 1826-cı ildə xanlığın ərazisində 199,3 min nəfər əhali yaşayırdı ki, onlar arasında müsəlmanlar 164,3 min nəfər (82,44 faiz), ermənilər isə 34,1 nəfər (cəmi 17,11 faiz) idilər.

1801-ci ildə İrəvan xanlığı, Pəmbək və Şörəyel mahallarında birlikdə ümumilikdə 247 min nəfər sakin yaşayırdı ki, onlardan 201,5 mini müsəlman (80,33 faiz), 44,8 mini erməni (18,14 faiz) idi. 1826-cı ildə bölgə əhalisinin sayı 299 minə çatmışdı (240,2 min nəfər və ya 80,33 faiz müsəlman, 57,9 min nəfər, yaxud 19,36 faiz erməni) Bölgədə yaşayan digər etnik qruplar əhalinin cəmi 0,3 faizini təşkil edirdi.

Rus müəlliflərin etiraf edir ki, I Pyotr Rusiyanın tutduğu yerlərdə möhkəmlənməsi üçün orada xristian əhalini çoxaldaraq müsəlman əhalinin sayını azaltmağı və bu baxımdan ermənilərə üstünlük verməyi vacib sayırdı. O, 1722-ci ildə işğalçı qoşunların komandanı general-leytenant Matyuşkinə yazırdı ki, tutduğu ərazilərdə özlərinin də xəbəri olmadan müsəlmanların sayını azaldıb ermənilərin sayını çoxaltsın. Xəzəryanı əraziləri işğal edən Matyuşkin I Pyotrun tapşırıqlarını yerinə yetirərək Dərbənd, Bakı, Gilan, Mazandaran şəhərlərində və başqa ərazilərdə erməniləri məskunlaşdırmağa başlamışdı.

1828-ci il tarixli Türkmənçay və 1829-cu il tarixli Ədirnə müqavilələri ilə başa çatan II Rusiya-İran və Rusiya-Türkiyə müharibələrindən sonra işğalçı qoşunların komandanı qraf Paskeviç də eynilə Matyuşkinin etdiklərini təkrarladı, keçmiş İrəvan, Naxçıvan və Qarabağ xanlıqlarının ərazilərinə İrandan və Türkiyədən ermənilərin köçürülməsi başlandı. Ermənilərin Qərbi Azərbaycana axınından əvvəl yerli müsəlman türklərin əks istiqamətdə köçü baş verirdi. Paskeviçin Rusiyanın xarici işlər naziri qraf Nesselroda 1827-ci il 27 iyun tarixli məktubundan aydın olur ki, həmin ilin birinci yarısında 800 qarapapaq ailəsi İrana, 600 uluxanlı, 300 ayrım və 100 qarapapaq ailəsi isə Qarsa və Bəyazid paşalığına köçmüşdü. Beləliklə, 1800 türk-müsəlman ailə artıq bölgəni tərk etmişdi. Əgər 1831-ci ildəki siyahıyaalmada Vedibasar mahalında 574, Gərnibasar mahalında 753, Zəngibasar mahalında 910 müsəlman ailəsinin qeydə alındığını nəzərə alsaq, bu, (köçürülənlərin sayı – red.) olduqca böyük rəqəm idi. Paskeviçin məktubundan Türkmənçay müqaviləsinə qədər keçən 8 ay ərzində bölgəni nə qədər müsəlmanın tərk etdiyi haqqında məlumat olmasa da, Göyçə qarapapaqlarının əksəriyyətinin Nağı xanın başçılığı ilə İrana getdikləri məlum faktdır.

Hətta 1826-1828-ci illər II Rusiya-İran müharibəsində ölənləri və qaçmağa məcbur olanları nəzərə almasaq, müsəlman türklər bölgədə mütləq üstünlük təşkil edirdilər. Məsələn, 1831-ci ildə İrəvan şəhərində 7331 yerli türk, 2369 yerli erməni qeydə alınmışdı və müsəlmanlar əhalinin 75,58 faizini təşkil edirdilər. Buraya İrandan 366 erməni ailə (1715 nəfər) və Türkiyədən 11 ailə (48 nəfər) köçürüldükdən sonra müsəlman türklərin sayı 63,95 faizə enmişdi.

İşğaldan sonra yeni yaradılan və 1840-cı ilə qədər mövcud olan Erməni vilayətinin mərkəzi olan İrəvan şəhəri intensiv şəkildə erməniləşdirildiyinə görə 1865-ci ildə İrəvan şəhəri əhalisinin cəmi 54,5 faizi türklər idi. 1886-cı ildə artıq türklər şəhər əhalisinin 49,1 faizini, 1897-ci ildə isə 43,1 faizini təşkil edirdilər. Bu azalma sonrakı illərdə də davam etdi. 1914-cü ilin məlumatına görə, İrəvan əhalisinin cəmi 24,4 faizi türk idi. Erməni daşnakların 1918-ci ilin İrəvanda və Qərbi Azərbaycanın digər bölgələrində törətdikləri kütləvi qırğınlar və sağ qalanların qaçması ciddi etnodemoqrafik dəyişikliklərə səbəb oldu.

Ermənistanda sovet hakimiyyəti qurulmasından sonra İrəvan şəhəri paytaxtı olduğuna görə burada güclü urbanizasiya baş verdiyindən türklərin faizlə miqdarı azalmaqda davam edib. 1926-cı ildə onlar İrəvan əhalisinin 7,6, 1931-ci ildə 6,2, 1939-cu ildə 3,3, 1959-cu ildə 0,7, 1979-cu ildə isə cəmi 0,2 faizini təşkil ediblər.

1828-ci ildə İrandan Zəngibasar mahalına 442 erməni ailəsinin (2360 nəfər) köçürülməsi ilə buradakı türk-müsəlman əhalinin sayı 90 faizdən 1831-ci ildə 64,6 faizə enib.

İşğaldan sonra Gərnibasar mahalında İrandan köçürülən 1221 erməni ailəsinin (5359 nəfər) yerləşdirilməsi ilə burada yerli müsəlman əhalinin sayı 1831-ci ildə (753 yerli müsəlman ailə və ya 4176 nəfər) əvvəlki 98 faizdən 43,1 faizədək azalıb.

1831-ci ildə cəmi 2 yerli erməni ailəsinin yaşadığı Vedibasar mahalına İrandan 200 ailənin köçürülməsindən sonra müsəlmanların sayı 76,1 faizə enib.

Qarapapaqlar Göyçə mahalını 1827-ci ildə kütləvi sürətdə tərk etdikdən sonra 1831-ci ildə bu mahalda 999 müsəlman ailəsi (5607 nəfər) və cəmi 15 yerli erməni ailəsi (90 nəfər) qeydə alınmışdı. Müsəlmanlar Göyçə əhalisinin 98,42 faizini təşkil ediblər. Lakin Türkiyədən buraya 1485 erməni ailəsi (8557 nəfər) köçürüldükdən sonra bu rəqəm 39,33 faizə enib.

1831-ci ildə Qərbi Azərbaycanın Dərələyəz mahalında 1001 müsəlman ailəsi (4583 nəfər və ya 94,1 faiz) və cəmi 58 yerli erməni ailəsi (288 nəfər) qeydə alınmışdı və müsəlmanlar mahal əhalisinin 94,1 faizini təşkil etmişdir. Lakin İrandan buraya 507 (2746 nəfər), Türkiyədən isə 8 erməni ailəsi (27 nəfər) köçürüldükdən sonra yerli müsəlman əhalinin sayı 59,24 faizə düşüb.

Müharibədə ölənləri və xanlığın ərazisini tərk edənləri nəzərə almasaq belə 1831-ci ildə İrəvan əyalətində 9196 oturaq müsəlman ailəsi (49 min 875 nəfər) və 1344 köçəri müsəlman ailəsi (7489 nəfər), ümumilikdə 10540 müsəlman ailəsi (57 min 384 nəfər), 3498 erməni ailəsi (20 min 73 nəfər) qeydə alınmışdı. Yerli müsəlman əhali ümumi sakinlərin 74,08 faizini təşkil etmişdi. İrandan 4559 (23 min 568 nəfər), Türkiyədən isə 3674 erməni ailəsinin (21 min 639 nəfər) köçürülməsindən sonra müsəlmanların sayı 49,83 faizə enib.

İşğaldan sonra yerli rus idarəçiliyi müsəlmanları narazı saldığına görə onların İran və Türkiyəyə kütləvi köçü başlayıb. Rus tarixçisi V.Potto yazır ki, Naxçıvan xanlığı və Pəmbək-Şörəyellə birlikdə İrəvan quberniyasını tərk edən və həlak olan müsəlmanların sayı 12,3-13,5 min nəfərə çatırdı.

1830-cu ilin yazında ermənilərin Türkiyədən Rusiya hüdudlarına kütləvi köçü başlandı və iyul ayında pik həddinə çatdı. Rəsmi mənbələrə görə, Rusiyaya 14 min 44 xristian ailəsi (ermənilər və yunanlar) köçmüşdü. Köçürülmə Komitəsinin təxmini hesablamalarına görə, onların sayı 84 min nəfərdən çox idi. Bəziləri bu rəqəmin 100 min nəfərdən çox olduğunu bildiriblər. Türkiyədən köçürülən ermənilər Axalsıx, Tsalka, Şürəyel-Pəmbək və Erməni vilayətində yerləşdirilmişdilər. 1828-1830-cu illərdə İrandan və Türkiyədən Cənubi Qafqaza köçürülən ermənilər haqqında müxtəlif rəqəmlər mövcuddur. Bu, 150-200 min ətrafında dəyişir.

Professor R.Səfərov 1828-1830-cu illərdə İran və Türkiyədən Cənubi Qafqaza 200 min erməninin köçürüldüyünü və 140 min nəfərin İrəvan quberniyasında yerləşdirildiyini yazır.

Qərbi Azərbaycanın erməniləşdirilməsi XIX əsrin ikinci yarısında da davam etdirilib. Ermənilərin keçmiş İrəvan xanlığına axını 1877-1878-ci illər Rusiya-Türkiyə müharibəsindən sonra daha da güclənib. XIX əsrin 90-cı illərində Türkiyədə dövlətə qarşı baş verən erməni qiyamlarının yatırılmasından sonra daha 400 min erməni Cənubi Qafqaza köçüb. Rus müəllifi N.Şavrov qeyd edir ki, XX əsrin əvvəlində Cənubi Qafqazda yaşayan 1 milyon 300 min erməninin 1 milyondan çoxu yerli deyil, köçürülmə olub.

Ermənilərin Qərbi Azərbaycan torpaqlarına kütləvi köçürülməsi ilə yanaşı, bu ərazidə rus yaşayış məntəqələri də yaradılmağa başlandı. İlk rus yaşayış məntəqələri 1840-cı ildə İrəvan quberniyasının Şürəyöl-Pəmbək əyalətində salındı. Artıq 1851-ci ildə İrəvan quberniyasının Aleksandropol və Novobəyazid qəzalarındakı 7 rus kəndində 422 ailə və ya 2520 nəfər rus yaşayırdı. 1850-1852-ci il tarixli kameral təsvirlərə görə quberniyada 3164 nəfər rus yaşayırdı və onların çoxu molokanlar idi. 1873-cü ildə rusların sayı artıq 4525 nəfərə çatmışdı.

Ədirnə müqaviləsindən (1829) sonra Cənubi Qafqaza 1000 yezidi kürdü də köçürülüb və onlar Qərbi Azərbaycanın Azərbaycan kəndlərində məskunlaşdırılıb. Krım müharibəsindən (1853-1856) sonra Osmanlı imperiyasından yezidi kürdlərin İrəvan quberniyasına ikinci axını başlanıb. 1863-cü ildə bölgədə artıq 4 mindən çox yezidi kürd yaşayırdı. 1863-1873-cü illərdə bölgəyə 3 min, 1873-1886-cı illərdə 2 min, XX əsrin əvvəllərində daha 2 min yezidi kürd köçmüşdü. 1873-1886-cı illərdə yezidi kürdlərin yaşadığı kəndlərin sayı 32-dən 52-yə çatmışdı. Yezidi kürdlər əvvəlcə Sürməli qəzasına gəlmiş və oradan başqa ərazilərə yayılmışdılar.

1863-cü ilin statistik məlumatlarına görə, İrəvan quberniyasında 431,1 min nəfər yaşayırdı. Onun 186,2 mini müsəlman (43,17 faiz), 234,9 mini erməni (54,46 faiz), 4,4 mini yezidi kürd (1,02 faiz), 3,2 mini rus (1,32 faiz) idi.

1916-cı ildə müsəlmanlar İrəvan quberniyası əhalisinin 36, 62 faizini (410,2 min) təşkil edirdilər. Ermənilərin sayı isə 688,8 min nəfərə və ya 59,7 faizə çatmışdı. 1916-cı ildə İrəvan quberniyasında 18,1 min yezidi kürdü (1,62 faiz), 16 min rus (1,43 faiz) yaşayırdı. Quberniyanın ümumi əhalisi 1886-cı ildə 670,4 min, 1916-cı ildə isə 1 milyon 120,2 min nəfər idi.

1918-ci ildə erməni daşnakların İrəvanda, Naxçıvanda, Zəngəzurda həyata keçirdiyi qırğınlar Qərbi Azərbaycanın müsəlman-türk əhalisinə dəhşətli faciələr gətirdi. 1921-ci ilin statistik məlumatına əsasən, İrəvan quberniyasının ərazisində müsəlmanların sayı 1918-ci ildəki 418 mindən 99 min 158 nəfərə enmişdi. Bir il ərzində daha 70 min nəfər də öz ata-baba yurdlarına qayıtmış və onların sayı 169 min 951 nəfərə çatmışdı. Beləliklə, İrəvan quberniyasında müsəlmanların sayı 313 min 503 nəfər azalmışdı.

1948-1951-ci illərdə sovet hökuməti Qərbi Azərbaycanın müsəlman əhalisininin böyük hissəsini Kür-Araz ovalığına faktiki oklaraq sürgün etdi. 1988-ci ildə erməni millətçilərinin SSRİ Mərkəzi hökumətinin dəstəyi, eyni zamanda, himayədarlığı ilə Dağlıq Qarabağ ətrafında başladıqları münaqişə və müharibə nəticəsində sonuncu azərbaycanlılar da Qərbi Azərbaycandan qovuldu. 160 illik dirənişdən sonra Azərbaycan türkləri tarixi vətənlərini itirdilər.

09.04.2024

azertag.az

 

0.020485877990723