Bu il təhsildə fövqəladə nə baş verib ki? - dos. İlham Əhmədov
Az müddət ərzində universitetlərə qəbul planının 2 dəfə artırılması (2026-cı ildə 75 min plan yeri olacaq) və eyni vaxtda imtahan suallarının əvvəlki kimi saxlanması nəticəsində universitetlərə giriş balı ilbəil enir, 150 ball ətrafında olurdu. Bu isə ETN-nin keyfiyyətsiz fəaliyyətini ifşa edirdi.
Qəbul planının artırılması özlüyündə yaxşı təşəbüsdür, amma buna xüsusi hazırlaşmaq lazım idi. Təbii ki, məktəbdə təhsilin keyfiyyətini yüksəltməklə. Bu isə çətin idi (bizim reallıqda qeyri mümkündür və xeyli zaman tələb edir).
İmtahan sualları ilə manipulyasiya etməklə həm məktəb təhsilinin "keyfiyyətinin kəskin yüksəlməsi"nə, həm də universitetlərə qəbul ballarının artmasına nail olacaqlar. Bu münasibətlə yayda əlavə, yeni bir möhtəşəm reklam kompaniyası da yayda olacaq yəqin.
Belə manipulyasiyalardansa, bizim dəfələrlə təklif etdiyimiz kimi, universitetlərə imtahansız (attestatla) qəbul aparılması daha yaxşı olardı. Belə səthi suallardansa, imtahansız qəbul daha uyğun olardı . Amma, bu halda repetitorluq yox olacaqdı, buna isə imkan vermək olmaz. Bu müqəddəs biznesə kölgə salmaq olmaz, "millət necə tarac olur, olsun".
Təhsilin belə manipulyasiyalarla "İnkişaf görüntüsü" yaratmağa "təhsildə pripiska" deyirlər.
Buraxılış imtahanında bu il 39 nəfər 300 bal toplayıb. Bu, son illərin rekord göstəricisidir.
Bu il təhsildə fövqəladə nə baş verib ki, "nəticə" belə rekord həddə olub?
Təbii ki, heç nə. Sadəcə olaraq imtahan sualları sadələşdirilib.
ETN və DİM (TN və TQDK) arasındakı soyuq müharibədə atəşkəs elan edilib deyəsən.
Bu qurumlar arasındakı 30 illik "qarşıdurma", ziddiyyət çox ehtimal ki, süni idi. Məqsəd repetitorluğun yüksək həddə saxlanılması, onun kütləvi olması idi. Bunda maraqlı olanlar çox idi.
Bu illər ərzində məsələni çox asanlıqla həll etmək mümkün idi, istək olsaydı.
Bu necə olur ki, hətta Azərbaycan və Ermənistan arasında olan 30 illik münaqişə öz həllini tapdı, amma ETN- DİM qarşıdurması hələ də davam edir?
Əgər bu qarşıdurma süni olmasaydı, TN bu illər ərzində TQDK-nı çoxdan məhkəməyə verərdi ki, imtahan sualları niyə proqramdan kənardır? Niyə bizim əməyimizi yerə vurursunuz, fəaliyyətimizə kölgə salırsınız?
Doğurdan da, görəsən bu il suallar niyə asan oldu?
Niyə əvvəlki illərdə belə deyildi?
Paralel.az