Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) rektoru plagiatı himayə edir? - Şikayət

Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) rektoru plagiatı himayə edir? - Şikayət
 

ADNSU-nun məzunu Səlim Heydərov redaksiyamıza şikayət məktubu göndərib.

Elm və ədəbiyyat aləmində son dərəcə utanc olan bir plagiat hadisəsindən danışır. Bir qocaman universitetimizdə baş vermiş bu biabırçılığı gözardı edə bilmədik.
Ətraflı danışaq.
Azərbaycan Dillər Universitetinin 4-cü kurs tələbəsi Cavidan Seyidov yazdığı “İnkişafdan qalan əzələ kütləsinin elektrik siqnalları vasitəsilə inkişafın təmin edilməsi” layihəsini keçən il ADNSU-nun tələbəsi olan dostu Səlim Heydərovla müzakirə edir. Səlim layihənin elektron hesablanması və Texnofestə təqdim etmək üçün ona dərs deyən, səmimiliyinə əmin olduğu bir müəllimlə məsləhətləşməyi təklif edir.
Səlim ADNSU-nun Elektronika və Avtomatika kafedrasının dosenti Elmira Xanməmmədovaya layihənin mentoru olmağı təklif edir.
Beləliklə, Cavidan komandanın kapitanı, Səlim komandanın üzvü, Elmira Xanməmmədova komandanın mentoru olur. MENTOR – hər hansı sahədə ixtisas artıran gənclərə məsləhət verən mütəxəssis.
Səlim layihənin ilkin hazırlıq gedişində elmi məsləhətlər almaq üçün dəfələrlə Elmira müəllimin işlədiyi kafedraya gedir. Orada kafedranın dosenti Almaz Mehdiyeva bu məsələləri eşidir və Səlimə dəfələrlə deyir: “Elmira xanımla işləmə, onun elmi dərəcəsi yoxdur, mənim isə elmi dərəcəm var, nə lazımdırsa mən sizin komandaya köməklik edərəm”.
Səlim yazır: “Dəfələrlə etiraz etdim, lakin Almaz müəllimə mənə başqa fəndən dərs dediyinə görə qarşı çıxa bilmədim. Məcbur qalıb “Tələbələrin Şuşa ilinə həsr olunmuş 71-ci konfransı”-nda Texnofestə verilən layihənin qısaldılmış formasını Almaz müəlliməyə verdim. Yəni, onun rəhbərliyi ilə təqdim etdim. 12 noyabr 2022-ci ildə Almaz müəllimə kartıma 90 manat pul köçürdü, heç kəsə bildirməməyi rica etdi. Tələbəsi idim, asılı idim.
Bu layihənin Texnofestdə aktiv layihə kimi finalda olduğundan xəbərsiz olan rektor Mustafa Babanlı da çıxışı bəyəndi. Konfransda rektor rəhbərin kim olduğunu soruşanda Almaz müəllimə ayağa qalxaraq, bu layihənin üzərində uzun müddət işlədiklərini və universitetin də maliyyə dəstəyinə ehtiyac duyulduğunu, onlara dəstək verildiyi təqdirdə yüksək nailiyyətlər əldə edəcəyini bildirdi. Rektor Mustafa Babanlı yenə sual verdi ki, bunu beynəlxalq layihə kimi də niyə təqdim etməmisinz? Mən Texnofestdə də iştirak etmişik dedim. Bu zaman Almaz müəllimə əl ilə işarə edərək deməməyimi işarə etdi.
Konfransın sədri isə bu hərəkətlərdən şübhələndi. İşin rəhbərinin saxta olduğunu düşündü, bunu araşdırmaq üçün iclasdan sonra mənimlə söhbət etdi. Mən də olanları etiraf etməyə bilmədim”.
Səlim bununla bağlı yazdığı izahatın surətini və Almaz müəllimənin göndərdiyi rüşvətin çekini də redaksiyaya göndərib. Beləliklə, Almaz Mehdiyevanın açıqdan açığa başqasının əqli mülkiyyətini mənimsədiyi faş olunub.
Rektor bu hadisənin araşdırılmasını təlim tərbiyə işləri üzrə prorektor Ata müəllimə həvalə edib. İşi araşdırmaqdansa prorektor Səlimə hədə-qorxu gəlıb. Bu da az imiş kimi, dosent Almaz Mehdiyevanı himayə edən dekan Fərid Ağayev də Səlimi susmasa Universitetdən qovduracağını dəfələrlə bildirib.
Bundan sonra komandanın kapitanı Cavidan, Səlim, Mentor Elmira xanım konfransın sədrinə şifahi müraciət ediblər, daha sonra isə rektor Mustafa Babanlıya yaxınlaşıb bu məsələyə aydınlıq gətirilməsini xahiş ediblər. Rektor tədbirin keçirilməsinə məsul olan şəxslərin hesabatlarını dinləyib, prorektor Ata müəllimi danlayıb, Səlimə Universitetdən heç kəs onu qova bilməyəcəyini bildirib və olanlara deyib ki, bu məsələni özü həll edəcək. Bu qalmaqalların uzantılarında Səlim o universiteti bitirib gedir. Amma dosent İcabikə Sərdarova Səlimə dəfələrlə zəng edib hədələyir.
Mustafa müəllim rektor vəzifəsindən gedəndən sonra layihənin monitoru olan Elmira Xanməmmədovanın döyüş günləri başlayıb. Alim adına qətiyyən yaraşmayan bu işin ört-basdır edilməsi, üzr istənilməsi, xətanın yuyulması əvəzinə dekan Fərid Ağayev Fakültənin Elmi Şurasında Elmira müəllimənin universitetdən qovulması təklifini qoyub və fakültənin professor-müəllim heyəti plagiatçılığın tərəfində durub.
Dosent Elmira Xanməmmədovanın Elm və Təhsil Nazirliyinə, Ombudsmana, Həmkarlar Təşkilatına və digər qurumlara dəfələrlə müraciət etməsinə baxmayaraq, Fərid Ağayev əlbir olduğu Almaz Mehdiyevanın tərəfini tutub, yəni plagiatçının “heysiyyətini” qoruyub, beləliklə, gənclərin intellektual elmi ideyasını mənimsəyiblər.
Nəhayət, ADNSU-nun rektor vəzifəsini müvəqqəti icra edən Vazeh Əsgərov dosent Elmira Xanməmmədovanın əmək müqaviləsinə xitam verilməsi barədə 4 aprel 2024-cü ildə 3-29-50/3-1-1442/2024 nömrəli əmri imzalayıb.
Biz Səlim Heydərovun yazdıqlarını yayımlamazdan öncə yazıda adı çəkilənlərin də baş vermiş hadisələrə faktoloji münasibətini öyrənmək istədik. Lakin Ramazan Bayramı günləri olduğu üçün onlarla əlaqə qurmaq mümkün olmadı.
Düşünürük ki, elm aləmində ağlasığmaz ayıb sayılan bu mövzunu gündəmdə saxlamağa ciddi ehtiyac var. Əgər biz də redaksiyamıza daxil olmuş yazı sahibinin etirazını dərc edib, ictimailəşdirməsək, o zaman şikayətçinin haqına girmiş olar və ADNSU-da baş vermiş plagiat olayına şərik çıxarıq...
Əgər haqqın səsi eşidilməyəcəksə, o zaman dekan, rektor, ombudsaman, həmkarlar təşkilatı və müraciət olunan digər orqanlar nəyə gərəkdir ki?! Bütöv bir kafedranın professor-müəllim heyəti plagiat biabırçılığına susub, haqqı müdafiə etməkdən imtina edəcəksə, o zaman alim adı daşıyanlar hansı haqq ilə auditoriyalara girib, gənc nəsilə elmin fəzilətindən bəhs edəcəklər?!
Əgər özlərinin günahsız olduqlarını sübut etmək üçün mövqelərini əsaslandırmaq istəsələr, adı çəkilən professor-müəllim heyətinin hər birinin münasibətini tək-tək öyrənib, ölkə ictimaiyyətinə təqdim edəcəyik!
Bizi izləyin.

P. S. Şikayət məktubunda adı keçən şəxslərin münasibətini dinləməyə hazırıq.

Paralel.az

0.018496990203857