Cari ilin ilk rübündə SOCAR-ın “Azəriqaz” İB-nə daxil olan müraciətlərin sayı azalıb
Cari ilin ilk rübündə SOCAR-ın “Azəriqaz” İB-nə daxil olan müraciətlərin sayı azalıb
“Bu ilin yanvar-mart aylarında SOCAR-ın “Azəriqaz” İstehsalat Birliyinə 81 330 müraciət daxil olub. Ünvanlanan müraciətlərin sayı ötən ilin eyni dövrü ilə müqayisədə 19 829 müraciət azalıb”.
Paralel.az xəbər verir ki, bu sözləri Birliyin 104 Qəza Çağrı Xidməti şöbəsinin rəisi Xalidə Şimşək “Açıq qapı” aksiyası çərçivəsində media nümayəndələri ilə keçirilən görüş zamanı bildirib. Onun sözlərinə görə, cari il ərzində qaz təzyiqi ilə bağlı 3 734 müraciət daxil olub ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 1 473 müraciət azdır: “Bu müddət ərzində qaz təchizatı ilə bağlı müraciətlərdə 3 658, sızma ilə bağlı müraciətlərin sayında isə 469 ədəd azalma mövcuddur. Müraciətlərin azalmasına səbəb bu müddət ərzində aparılan maarifləndirmə, yenidənqurma işləri olub.",- deyə qurum rəsmisi əlavə edib.
Birliyin SƏTƏMM və Keyfiyyətə nəzarət şöbəsinin rəisi İlkin Behbudov isə “Qaz təsərrüfatı haqqında" qanuna edilən dəyişikliklərin tələblərinə uyğun olaraq bu ilin yanvar-mart ayları ərzində mənzil və fərdi yaşayış evlərində aparılan müayinələrlə bağlı məlumat verib. Cari ilin ilk rübündə 255 minə yaxın müayinə keçirildiyini diqqətə çatdıran şöbə rəisinin sözlərinə görə müayinələr nəticəsində 70 %-ə qədər mənzillərdə müxtəlif formada nöqsanlar qeydə alınıb. “Bu səbəbdən də xüsusi təhlükəli vəziyyəti nəzərə alaraq qaz cihazlarının qaz təchizatı məcburi qaydada dayandırılıb”, - deyə, o əlavə edib. Birlik rəsmisi bildirib ki, SOCAR-ın “Azəriqaz” İB mənzillərdə və fərdi yaşayış evlərində müayinələri bu ilin noyabrın 1-nə qədər yekunlaşdırmalıdır.
Ətraflı video materialda:
https://youtu.be/BIVxoN-p_OA?si=bn8g39LXZDtPnEqo